“Biz azərbaycançılığımızı unutmağa başlayırıq”

 
Zümrüd Qurbanov: “Təhsil sahəsində Azərbaycanla Gürcüstan arasında keçmiş ənənə bərpa olunmalıdır”
 
“Borçalının üzərində çox ciddi siyasi oyunlar gedir”
 
Aprelin 2-də prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzaladı. Prezidentin sərəncamı ilə Gürcüstan parlamentinin keçmiş deputatı Zümrüd Qurbanov da “Tərəqqi” medalına layiq görüldü. Dünya Azərbaycanlılarının Qurultayında iştirak etmək üçün Bakıda səfərdə olan Z.Qurbanovla görüşüb, bu və digər məsələlər ətrafında söhbətləşdik.
 
- Zümrüd bəy, öncə sizi “Tərəqqi” medalına layiq görülməniz münasibətilə təbrik edirik. İlk olaraq da elə bu mükafat barədə fikirlərinizi bilmək istərdik…
 
- Təbrikinzə görə təşəkkür edirəm. Əslində, mən bu mükafatı öz şəxsimə verilmiş mükafat kimi yox, Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlılara, xüsusən mənimlə bərabər 25 ilə yaxın zaman içərisində siyasi mübarizə aparan dostlarımın adına, orda yaşayan və bütün çətinliklərə, təzyiqlərə baxmayaraq dədə-baba yurdlarını tərk etməyən azərbaycanlıların adına verilmiş bir mükafat hesab edirəm. Fikrimcə, Azərbaycan prezidenti bununla demək istəyib ki, Gürcüstanda gedən proseslər, orda yaşayan əhali bizim diqqətimizdə, nəzərimizdədir və heç bir zaman Borçalıdakı prosesləri unutmayacağıq və yaxud yaddan çıxarmayacağıq.
 
- Borçalıdan olan soydaşlarımız Dünya Azərbaycanlılarının Qurultayına hansı təkliflərlə gəlmişdi?
 
-Təbii ki, qurultayın proqramı və orda danışılacaq çıxışlar öncədən məlum idi. Biz ancaq çıxışların ətrafında 2 dəqiqəlik zaman içərisində müəyyən təklif və iradlarımızı deyə bilərdik. Bu təklif və iradlar da proqram çərçivəsindən kənarda olmamalıydı. Bütün bunlara baxmayaraq, Gürcüstandan da 3 nəfər çıxış etdi və onlar qurultayın məram və məqsədinə uyğun olan bir səviyyədə gəncliyin problemlərini, təhsil sahəsindəki çatışmazlıqları dedilər. Amma qurultaydan kənarda jurnalistlər, televiziyalar və yaxud sosial media rəhbərləri, eləcə də Azərbaycan prezidentinin köməkçisi və Azərbaycan Prezident Administrasiyasının rəhbəri ilə görüşdə, bir-iki dəqiqəlik zaman çərçivəsində fürsətdən istifadə edib çalışdıq ki, orda xalqı narahat edən problemləri ən azından tezis şəklində onlara çatdıraq.
 
- Gürcüstanda yaşayan soydaşlarımızı daha çox hansı problem narahat edir?
 
- Məsələn, məktəblərimizin vəziyyəti, onların hüquqi bazasının olmaması və bu problemin həllini tapmaması məsələsini prezidentin köməkçisinə dedik. Ramiz Mehdiyevə də sözarası Gürcüstandan Azərbaycana gələn şəxslərin gömrükdə üzləşdikləri problemlər və miqrasiya problemləri haqda məlumat verdik. Tutaq ki, gömrükdən maşınla keçilməsinin ciddi bir problem olduğunu 2-3 sözlə ifadə edə bildik. Yəni hər şey yerinə görə olmaldır və siyasi etikadan kənarda hərəkət etmək də olmazdı. Biz təkcə özümüzü təmsil etmirdik. Biz həm də Borçalının siyasi nüfuzunu, siyasi bacarığını, siyasi elitasını təmsil etməyə çalışırdıq. Çünki şəxslər şəklində gəlməmişdik. Gələnlərin əksəriyyəti ictimai-siyasi təşkilatların rəhbərləri idi, 30 nəfərə yaxın nümayəndə heyəti idi. Onların hər biri çalışdılar ki, müxtəlif yerlərdə, görüşlərdə problemlərimzi dilə gətirsinlər. Amma bu qurultay sırf Gürcüstan azərbaycanlılarının problemlərini dilə gətirmək masası olmadığına görə, həmin problemlər bir nömrəli məsələ kimi gündəmimizdə durmurdu. Diaspor Komitəsinin rəhbəri ilə qurultaydan əvvəlki və sonrakı görüşümüzdə isə o problemləri bir daha onun nəzərinə çatdırdıq və həlli yolunda nə mümkünsə etməsini xahiş etdik. Təbii ki, bu, o qədər də effektiv olmaya da bilər. Amma bu günkü reallıq bunu tələb edirdi. Əgər o problemlərin həlli tələb edərsə ki, daha başqa aspektdə tədbir keçirilsin, daha başqa səpkidə bir nümayəndə heyəti gəlsin və bu nümayəndə heyəti bu məsələlərin hamısını Azərbaycan dövlətinin diqqətinə çatdırıb, müəyyən məsələlərdə yardım, müəyyən məsələlərdə güzəşt, müəyyən məsələrdə təzyiq istəsin, bunu geri qayıdanda oturub bir daha müzakirə edəcəyik. Hesab edirəm ki, müəyyən bir zamandan sonra bu problemlərin həlli üçün yenidən bir araya gəlməyimiz vacib olacaq.
 
- Amma sadaladığınız bəzi problemlər var ki, onların həlli birbaşa Gürcüstan hakimiyyətindən asılıdır. Tutaq ki, təhsil problemi...
 
- Biz bura gəlməmişdən qabaq da bu məsələləri istər Gürcüstanda, istər Azərbaycanda ciddi şəkildə mətbuatda və dövlət orqanları qarşısında həmişə qaldırmışıq. Hətta belə deyim ki, 2005-ci ildən bu yana təhsil haqqında qanuna həm ictimi təşkilat, həm şəxs kimi ciddi etiraz etmişik. Burdakı nüanslar da təkcə Gürcüstan dövlətindən asılı deyil. Gürcüstan və Azərbaycan arasındakı münasibətlərdən doğan məqamlar da var. Məsələn, kitablar, dərsliklər məsələsi və s. Əslində, təhsil sahəsində Azərbaycanla Gürcüstan arasında keçmiş ənənə bərpa olunmalıdır. Bu ənənə nədən ibarətdir? Əgər xatırlayırsınızsa, Gürcüstandan Azərbaycana kooperasiya şəklində 25-30 nəfər gəlib burda oxuyur və geri qayıdırdı. İndi müəyyən adamlar deyir ki, gedirlər, geri qayıtmırlar. Bu gün Türkiyədə, Kiprdə, Qırğızıstanda, Avropada bizim yüzlərlə tələbəmiz oxuyur. Qayıtmayan qayıtmayacaq, qayıdan qayıdacaq. Məsələləri bunun üzərində qurmaq olmaz. Geri qayıtmağın şərtləri, yolları, müəyyən qanuni çərçivəsi var. Dünyanın bir çox dövlətlərində hansısa bir sahəni - istər iqtisadi, istər mədəni sahəni irəli aparmaq üçün müəyyən formullar var, bunların birindən istifadə etmək olar...
 
- Gürcüstanda kifayət qədər nüfuzlu ali məktəblər olduğu halda gənclərin burda oxumasına nə kimi ehtiyac var?
 
- Biz azərbaycançılığımızı unutmağa başlayırıq. Biz Azərbaycan dünyasını unutmağa başlayırıq. Biz Azərbaycanla olan sıx mədəni, bədii və digər bir çox əlaqələrimizin hamısını yavaş-yavaş unuduruq. Yəni yaşlı insanları zaman apardıqca, onlar dünyalarını dəyişdikcə sonra gələnlərimizin əksəriyyətində azərbaycançılıq hisslərinin olmadığını görürük. Bu, tək onların günahı deyil. Onların aldığı təhsilin, oxuduqları mühitin təsiridir. Və yaxud da bu gün Borçalının üzərində gedən siyasi oyunların nəticəsində gəlib belə vəziyyətə çıxırlar. Bu gün çoxları Borçalının Azərbaycanla vahid mədəni əlaqəsinin olmasını istəmir. Sanki çalışırlar ki, bu əlaqələr formal olsun, real olmasın. Amma etiraf etməliyik ki, bu günə qədər Borçalının azərbaycançılığını, azərbaycançı şüurunu saxlayan Azərbaycanda təhsil alıb geri qayıdan ziyalılarımız olub.
Hazırda Gürcüstanda “Azərbaycan coğrafiyası”, “Azərbaycan tarixi” fənnləri keçilmir. Bu halda isə uşaqların burda imtahan verib, qəbul ola biləcəyi şübhə altında düşür. Yəni Azərbaycan Təhsil Nazirliyi Gürcüstan Təhsil Nazirliyi ilə birgə oturub elə bir konsepsiya hazırlamalıdır ki, həm bizim uşaqlar Gürcüstan universitetlərində, həm də Azərbaycan universitetlərində təhsil ala bilsinlər. Bu gün Azərbaycanın Qax və Zaqatala bölgəsindən xeyli sayda Azərbaycan vətəndaşı Gürcüstanın dövlət universitetlərində imtahansız, birbaşa oturub oxuya bilirlər. Belə bir qayğını biz də öz üzərimizdə hiss etmək istəyərdik.
Digər tərəfdən, götürək miqrasiya problemini. Nədən sərhəddə insalara həmin xidmət göstərilmir? Sərhəddi keçən adamdan soruşmaq lazımdır ki, neçə günlük ölkədə qalacaqsan. 10 gündən artıq qalacaqsa, səndələrini verəcək, möhürünü vurduracaq, kağızını alıb gedəcək. Nədən mütləq gəlməlidir Bakıya, tutaq ki, Əhmədlidən, Günəşlidən, Binəqədidən ASAN Xidmətə gəlib, burda həmin proseduru etməlidir?!
Başqa bir məsələ. Bu gün siz Azərbaycandan Gürcüstana gedən İpək Yolunun ətrafına diqqət etsəniz görərsiniz ki, bu yolun ətrafında inkişaf dayanıb. Yanacaq doldurma məntəqələri, marketlər, kafe-restoranların gəliri minimuma enib. Ona görə ki, gediş-gəliş minimuma endirilib. Bunun da səbəblərindən biri Gürcüstandan Azərbaycana maşınların buraxılmamasıdır. “Avro-4” adı altında tətbiq olunan və bizə aid olmayan qanuna istinad olunması doğru deyil. Əvvəla, Azərbaycanda maşınların əksəriyyəti “Avro-1”, “Avro-2”-dir. İkincisi, bunlar deyirlər ki, Gürcüstandan gələn maşınlar geri qayıtmırlar. Dünyanın hər yerində bununla bağlı çox sadə düsturlar var, yenidən velosiped icad etməyə ehtiyac yoxdur. Maşınla gələn şəxs geri qayıdanda sərhəddən maşınsız buraxılmamalıdır. Heç kəs burda qalası deyil ki.
Yaxud, insanlardan depozid tələb edirlər. Məsələn, mənim maşınla Azərbaycana gəlməm üçün 48 min manat depozid istəyirlər. Dedim ki, 20 min manat verin, maşınımı sizə verim. İstehza edirlər. Hətta o da aydın deyil ki, hansı maşına nə qədər depozit verilməlidir və hansı şərtlər altında. Bütün bunların hamısı Azərbaycan gömrüyündə çox şəffaf olmalıdır. Çünki Gürcüstanda yaşayan 300 mindən çox azərbaycanlının Azərbaycanla çox sıx bağlantısı var. Birinin əmisi, birinin dayısı, xalası, bibisi, bacısı, qardaşı və s. yaşayır burda. Hətta burda Gürcüstan vətəndaşı kimi yaşayan, amma Azərbaycanda hərbi xidmətə gedən adamlar var. Bu qanunsuzluğu qanuni çərçivəyə endirmək lazımdır.
Və yaxud, nəyə görə Gürcüstan azərbaycanlıları gedib Türkiyədə ev ala, çalışa, maşınla gedib-gələ bilir, amma biz Azərbaycanda aldığımız evi öz adımıza ala, maşınımızla gəlib-gedə bilmirik?! İşləmə hüququmuz çox məhdudlaşdırılıb, qanunlar elə bir səviyyəyə gətirib çıxarılıb ki, iş verənə də əl vermir.
Əlbəttə, mən elə bir imkanın olacağına ümid etmirdim, amma olsaydı, prezidentə bunu çatdıracağdım. Yenə də ümid edirəm ki, Azərbaycan hökumətinin nümayəndələri mənim və mənim məsləkdaşlarımın irad və təkliflərini bir süzgəcdən keçirib, optimal bir varianta gələcəklər. Çünki bunu zaman tələb edir. Bunu Azərbaycanın suverenliyi, müstəqilliyi tələb edir. Bayaq da dedim, Borçalı üzərində gedən oyunlar tələb edir. Borçalını İrana çəkənlər, Azərbaycandan qoparıb Türkiyəyə çəkmək istəyənlər, hətta bu yetmirmiş kimi, Borçalını Türkiyədən də qoparıb, tayfalara bölüb – qarapapaqlar adı altında oyunlara gedənlər var. Bunların hamısı müəyyən yerlərdə lazımdırsa, müəyyən yerlərdə bir məqsədə xidmət edir ki, Gürcüstan azərbaycanlıları özünü mənən Azərbaycanın vahid hissəsi kimi hiss etməsin. Mən belə görürəm.
 
- Bildirdiniz ki, Ramiz Mehdiyevlə görüşdə gömrükdəki problemlər barədə ona məlumat verdiniz. Maraqlıdır, sizin sözlərinizə reaksiyası necə oldu?
 
(Ardı var)
Ayxan İLDIRIMTÜRK