Birində bomba, digərində avtomobil - Qərblə Şərqdə terror niyə fərqlidir?

 
Son illərdə dünyada baş verən terror hadisələri artmaqda və genişlənməkdə davam edir. Maraqlısı odur ki, bu aktlar Qərblə Şərqdə özünü müxtəlif xarakterdə göstərir. İngiltərə, İsveçrə, Danimarka, Fransa, İspaniya kimi ölkələrdə terror aktları daha lokal və fərdi xarakter daşıyır. Yaxın Şərqdə isə bu, dini təriqətlərin qarşıdurmasından ölkələrarası müharibələrə çevrilməyə başlayır.
Terror hadisələri zamanı istifadə olunan vasitələr də aktın həyata keçirilmə yerinə görə fərqli olur. Məsələn, Yaxın Şərqdə hərbi sursatlardan, kamikadzedən, xüsusilə, kustar üsulla hazırlanmış bombalardan daha geniş istifadə olunursa, Qərbdə bu sadə məişət və təsərrüfat əşyaları, avtomobillərlə əvəz edilir.
Terrorun bu formada qütbləşməsinin səbəbi nədir?
Tanınmış siyasi şərhçi Fərhad Mehdiyev təşkil edilmə məqsədi və istifadə üsullarına görə terrorun xarakterini iki yerə ayırır:
“Terror ictimai prosesin bir təzahürüdür. Terroru təşkil edənlər, əsasən, təşkilatlar olur. Terror fərdi xarakter də daşıya bilər, lakin bu hala nadir rast gəlinir. Çünki fərddə bu cəsarət və iradə formalaşmır. Təşkilatda isə terrorun baş verməsində birbaşa iştirak edən insanlara təzyiq göstərilir və bu əmələ sövq edilir.
Məsələ budur ki, Qərbdə ictimai proseslərin terror aktına çevrilməsi halına daha az rast gəlinir. Şərqdə isə ictimai narazılıqlar daha çoxdur. Buna səbəb isə diktatura rejimidir. Bu halı Pakistanda, Suriyada, İraqda daha sıx şəkildə müşahidə edirik.
Bu günlərdə ABŞ prezidenti Donald Trampın verdiyi bəyanatların təsiri ilə ölkənin bəzi ştatlarında qaradərili insanlara qarşı irqçilik münasibətləri qabardılmış və küçə iğtişaşları olmuşdu. Həmin hadisə zamanı bir nəfər şəxsi avtomobilini sivil vətəndaşların üzərinə sürmüş və nəticədə iki nəfər yaralanmışdı. Bununla bağlı belə bir sual ortaya çıxmışdı: niyə şərqli buna bənzər hərəkət edəndə terrorizm sayılır, amerikalı edəndə sadəcə hadisə?
Mən həmin hadisənin kadrlarını izlədim və məqsədli şəkildə təşkil edilmiş hər hansı bir terror faktı müşahidə etmədim. Çünki orada avtomobilin sivil vətəndaşların üzərinə sürülməsi əvvəldən planlaşdırılmış bir hadisə deyildi. Həmin avtomobilin sahibi hadisələrin gedişatından asılı şəkildə davranır və yolu açmaq məqsədilə kor-koranə şəkildə avtomobil idarə edir. Bu terrordan tam fərqli bir motivasiyadır.
Qərbdə baş verən terror hadisələri bəzən iriçaplı sursatlarla həyata keçirilir. Buna misal olaraq Fransada baş verən hadisələri göstərə bilərik. Digər bir akt zamanı isə insanlara avtomobillərlə hücumun şahidi oluruq. Başqa bir hadisədə məişət əşyalarından soyuq silah kimi istifadə edildiyini görürük. Burada məsələ silaha ən rahat şəkildə çatmaqdır.
Qərb cəmiyyətlərində demokratiya mövcud olsa da, silah alveri üzərində dövlətin ciddi nəzarəti var. Müəyyən bir qrupun silah aldığı zaman izlənmə altına düşüb, etdiyi hər hərəkətə nəzarət olunması və ifşa olunma ehtiamlı daha yüksək olur. Terror aktları zamanı maşınlardan istifadənin üstünlük təşkil etməsinin səbəbi cinayətdən sonra ələ keçirilmə ehtimalının daha aşağı olmasıdır.
Qərbdə Şərq qüvvələri tərəfindəın təşkil edilən terror xarakterli hadisələrin metodlarına gəldikdə isə burada istifadə olunan metodlar daha çox radikallığı ilə seçilir. Onlar ən çətin silahlarla belə adam öldürməyə qadirdirlər. Çətin silah dedikdə isə burada daha çox soyuq silahları: bıçaq, balta və s. nəzərdə tuturam. Çünki bıçaqla insan öldürmək avtomatla öldürməkdən daha çətindir.
Şərqdə isə bu tipli hadisələr, demək olar ki, yox dərəcəsindədir. Orada daha çox partlayışlara, odlu silahlara üstünlük verilir".
F.Mehdiyev bildirdi ki, Qərb insanları təhlükəsiz şəkildə bomba ələ keçirə bilsəydilər, onlar da bomba partladardılar. Şərqdə isə partlayıcı maddələrin əldə edilməsi daha sadə və risksizdir.
Ortaya belə bir sual çıxır: nəyə görə qərbdə törədilən terror hadisələrində yerli terrorçulara rast gəlinmir?
"Bir avropalı digər avropalıya qarşı terror hadisəsi törətmir. Bunun səbəbi isə olduqca bəsitdir. Bu səbəb ondan ibarətdir ki, orada ictimai tolerantlıq olduqca geniş yayılıb və buna bütün ictimai fərdlər riayət edirlər. Avropada bir qrupun digərinə təzyiq göstərməsinə heç bir şərait yoxdur. Amma məsələn, İraqda belə deyil. İraqda ciddi şəkildə sünni-şiə qarşıdurması mövcuddur.
Avropadakı müsəlmanlara qarşı törədilən cinayətlər isə birbaşa islamafobiya ilə bağlıdır. Məsələ onda deyil ki, İslamda uşaqları, qadınları və ümumilikdə insanları öldürmək günah hesab edilir. Avropalıları bu məsələ maraqlandırmır.
Terrorun qurbanları konkret olaraq seçilmir. Terrorun hədəfinə tuş gələn insanlar təsadüfən qurban olurlar”.
Zümrüd

Загрузка...
Загрузка...