“Bir neçə gündə 300 min insan öləcək...” - Üfüqdə yeni MÜHARİBƏLƏR GÖRÜNÜR

Sona yaxınlaşmaqda olan 2017-ci ildə dünyanın müxtəlif regionlarında qanlı münaqişələr davam edir. Bundan başqa, üfüqdə yeni müharibələr görünür.
Publika.az xəbər verir ki, ABŞ-ın “Newsweek” nəşrinə danışan ekspertlər Ukrayna və Suriyada davam edən müharibələr, həmçinin ABŞ və Şimali Koreya arasında mümkün müharibə haqqında proqnozlarını bölüşüblər.
Ukrayna münaqişəsi
ABŞ-ın Ukraynadakı səfiri, Atlantik Şurası yanında Dina Patrius Avrasiya Mərkəzinin direktoru Con Herbst qeyd edir ki, Rusiya prezidenti Vladimir Putinin təkzib xarakterli bəyanatlarına baxmayaraq, hazırda Ukrayna ərazisində bir neçə min Rusiya hərbçisi var.
“Rusiya Ukraynaya qarşı müharibə aparır. Şərqi Ukraynanın sakinləri öz hökumətinə qarşı qiyam qaldırmazdılar”, - o deyib.
Herbstin sözlərinə görə, münaqişə hazırda dalana dirənib, çünki Ukrayna Rusiyanın gözlədiyindən daha güclü çıxdı.
Donbas müharibəsinin 2018-ci ildə başa çatacağına dair ümid varmı? Ekspert qeyd edir ki, buna ümid etmək lazım deyil:
“Bu, bir neçə il ləngiyəcək, hətta ola bilər ki, 10 il və daha çox. Bir çox baxımdan, vaxt Ukraynanın lehinə işləyir. Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar gec-tez Moskva üçün ağır itkilərə səbəb olacaq. Putin 2018-ci ildə seçkilərdə müvəffəqiyyət qazansa, yekunda Rusiyanın Ukraynadakı kampaniyasına son qoymağa məcbur olacaq. Ukrayna xalqının böyük əksəriyyəti bu mübarizəyə cəlb edilib. Onlar anlayırlar ki, Rusiya Ukrayna ərazilərini tutub. Ukrayna xalqı bu əraziləri qaytarmaq istəyir. Bu, Ukrayna xalqı və Kreml arasındakı müharibədir. Buna rəğmən, Ukrayna Kremldən daha dözümlü olacaq”, - Herbst bildirib.
Suriya münaqişəsi
2011-ci ildə başlayan Suriya müharibəsində, BMT-nin məlumatına görə, 400 mindən çox insan həlak olub və Suriya hazırda dünyada qaçqınların əsas mənbəyidir. İndi Suriya qaçqınlarının sayı 5,4 milyona çatır.
Bəzi ekspertlər münaqişəni vətəndaş müharibəsi adlandırırlar, çünki o dövlət əleyhinə qruplaşmalarla hökumət gücləri arasında başlayıb. Amma bununla razılaşmayanların sözlərinə görə, Suriya beynəlxalq güclərin maraqlarının toqquşduğu hərbi poliqonu xatırladır.
2018-ci ildə ölkədə İŞİD məhv edilsə və təhlükəsizlik zonalarının yaradılması üzrə razılaşma əldə olunsa da, ekspertlər əmindirlər ki, döyüş əməliyyatlarının dayanmasını gözləmək lazım deyil.
Vaşinqtonda yerləşən Müharibənin öyrənilməsi İnstitutunun kəşfiyyat üzrə mütəxəssisi Cennifer Kafarelli bildirir ki, belə ssenari son dərəcə ağlasığmazdır.
“İŞİD özünün üsyankar fəaliyyətini davam etdirməyə qadirdir. Suriyanın qərbində olan qüvvələr müharibəni ölkənin şəhərlərinə qaytarmaq fikrindədir. Bəşər Əsədin rejimi tamamilə Rusiya və İranın dəstəyindən asılıdır”, - o deyib.
Bundan başqa, Kafarellinin sözlərinə görə, hazırda sülh nizamlanmasının hansısa əhəmiyyətli prosesindən söhbət gedir:
“Rusiya, İran və Əsədin təklif etdiyi “diplomatik yol”un əsas məqsədi Əsədin rejimini daha uzun müddətdə ayaqda saxlamaqdır. Üfüqdə heç bir diplomatik qərar görünmür”.
Şimali Koreyanın nüvə təhlükəsi
ABŞ və Şimali Koreya artıq yarım əsrdən çoxdur ki, düşmən olaraq qalırlar. Ancaq onların münasibətlərindəki gərginlik 2017-ci ildə inanılmaz səviyyəyə çıxdı. Kim Çen In rejimi nüvə silahının hazırlanması üzrə genişmiqyaslı proqram çərçivəsində ABŞ ərazisini vura biləcək böyük mənzilli raketləri sınaqdan keçirməyə başlayıb. ABŞ prezidenti Donald Tramp və Kim Çen In bir-biri ilə “şifahi müharibə” aparırlar.
Pxenyan nüvə proqramını dayandırmaqdan inadla imtina edir. Bildirilir ki, nüvə silahı “Amerika imperalistləri”nin hücumlarının dəf edilməsi üçün lazımdır.
Ağ Ev problemin diplomatik həll yolunu dəstəklədiyini, eyni zamanda hərbi variantın masada olduğunu bəyan edir.
Ekspertlər 2018-ci ildə müharibə başlana biləcəyindən narahatdır.
“Hesab edirəm ki, 2018-ci ildə müharibə ağlasığmazdır, amma o mümkündür. 1994-cü ildəki nüvə böhranından bu yana müharibə ehtimalı pik səviyyədədir”, - Kolumbiya Universitetinin Koreyanın öyrənilməsi Fondunun professoru Çarlz Armstronq hesab edir.
Ancaq Armstronqun fikrincə, Tramp administrasiyası ehtimal ki, növbəti ilin əvvəlində Pxenyanla danışıqlar aparacaq:
“Danışıqlar müharibədən qaçmağın tək üsuludur. Danışıqlar başlanmasa, Şimali Koreya 2018-ci ildə nüvə sınaqlarına davam edəcək. Şimali Koreyanın hədəfi nüvə raketləri ilə ABŞ-ı vurmaq üçün vasitələrə sahib olduğunu Vaşinqtona sübut etməkdir”.
Amma ekspertlər Şimali Koreyanın nüvə döyüş yükünü apara bilən raketlərə sahib olmasına şübhə edirlər. Hesab edilir ki, Şimali Koreya nüvə silahının 25-60 vahidinə malikdir. Amma, Armstronqun dediyi kimi, Pxenyanın nüvə döyüş başlıqlarını ABŞ-ın ərazisinə çatdırmağa imkan verən texnologiyalara malik olub-olmadığı anlaşılmazıdır.
ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin nümayəndələri noyabrda bildirdilər ki, genişmiqyaslı müharibə başlanacağı halda, Şimali Koreyanın nüvə arsenalının tamamilə məhv edilməsi üçün ölkə ərazisinə quru qoşunları daxil ediləcək. Ekspertlərin çoxu xəbərdarlıq edirlər ki, ABŞ və Şimali Koreya arasında müharibə milyonlarla insanın ölümünə səbəb ola bilər. Və Konqresin yaxın vaxtlarda dərc edilmiş məruzəsində deyilir ki, hətta tərəflər nüvə silahını tətbiq etmədiyi halda belə, müharibənin birinci bir neçə günü ərzində 300 min insan həlak ola bilər.
Ömər Dağlı

Загрузка...
Загрузка...