Bir ayaqqabı sənin həyatını dəyışə bilər…

      
 
Qızmar yay günündə təcili bir ünvana yetişmək üçün metrodan istifadə etməli oldum. Əlbəttə, düz oxudunuz. Taksilərimiz yay fəslinin çoxdan gəlməsinə baxmayaraq hələ də dəqiqələrlə tıxaclarda ilişib qalırlar. Yolun uzunluğunu nəzərə alıb, metroya daxil olan kimi boş bir yer tapıb əyləşdim.

Əvvəlcə qatarda adam az idi. Növbəti  stansiyalara  keçdikcə izdiham yaranmağa başladı. İzdiham artdıqca havanın temperaturu da artırdı. Təbi ki, Azərsu xidmətlərinin qiyməti qalxdığından metroda xoşagəlməz natəmizlik və tər qoxularına dözmək məcburiyyəti ilə üzləşirsən.Vaxtın tez keçməsi üçün hamımızın  göz bəbəyi kimi qoruduğu mobil telefonu çıxardırsan. Amma bir anlıq dayanırsan. çunki səndən qabaq  başının üstünü  kəsdirənlərin baxışları mobil telefonunun ekranına zillənər, kitab da olsa həmçinin.

Keçmiş dövrün təzə gəlinləri kimi başını aşağı salırsan. Birdən  gözün  ayaqlara sataşır. Ayaqdan çox ayaq var. Kimisinin ayaq barmaqları təzəcə pedikürlənmiş, kiminsə dırnaqları qopmuş, yarası sarınmış. Təzə ayaqqabı geyən də var. Köhnə-nimdaş çirkli ayaqqabılar da var. Düz ayaqqabılar, hündürdaban tuflilər, idman ayaqqabıları. Hamısı irili-xirdalı ayaqlar. Növbəti stansiyada iki cüt idman stilində olan ayaqlar çıxdı, yerinə babet və sandalit geyinən ayaqlar gəldi. Amma haldan düşmüş ayaqqabıları görərkən səni ürək sızladan hisslər  bürüyür və bir daha əmin edir ki, çox pis və ya babat ayaqqabılar eyni təbəqəni təmsil edir, sadəcə dərəcələri fərqlidir.

Bu basabasda bir ayaq əminliklə o biri ayağın üzərinə aşırmışdı.Özündən məmnun olduğunu yəqin bu poza ilə nümayiş etdirmək istəyirdi. Digər ayaqsa qəsdən yanındakı ayağı tapdalayırdı ki, bir him-cim eləsin. Tapdalanan ayaq hikkə ilə geri çəkildi. Başqa ayaq yanında sığınacaq istədi. Yenə yorğun, süst ayaqlar.

Budur, bir ananın dizi üstündə altı təmiz olan bir körpə ayaqqabısı da var. Hələ  bu yolları yürüməmişdən qabaq safdır o körpə. Digər  ayaqqabı o qədər geyilmışdi ki, ön hissədən yırtıldığı hiss olunurdu. Bilmək olurdu ki, bu ayaqqabı sahibi çox acı tale yaşayır. Uzun burnu olan parlaq,laklı kişi ayaqqabısı   elə əzmlə durmuşdu ki, zəbt etdiyi böyük məsafəni evinə qəpik quruş aparan fəhlə ayaqlarla  paylaşmaq istəmirdi. Quldarlıq hiss olunurdu... Ayaqlar getdikcə azalırdı.

Insanın ayaqüstə yaşamaşına səbəb bəlkə də geyindiyi ayaqqabılardır.Bekar dayanmayan ayaqqabılar. Amma, istər köhnə  və ya təzə ayaqqabı olsun, istərsə də  yüzlərlə, minlərlə ayaqqabı olsun nə dəyişəcək? Ayaga qalxmayan ayaqlar kimə lazım ki?! Bu ayaqqabılar Corc Buşa atılan ayaqqabı döyüşündə iştirak etməyə  hazır deyildi.
Hələ də bürkü idi. Susuzluq da bir yandan. Hərçənd ki, bu ayaqlara dönüb baxanda başa duşmək olardı ki, onlar səhrada bir necə gün susuz qalan dəvələrdən də güclüdürlər. Həftələrlə də susuz qala bilərlər. Sindirelanın nağılında olduğu kimi, bir ayaqqabının taleyi dəyişmək haqqında nagıllara inanmaqda davam edirlər.
Nəhayət, metrodan çıxdım. Hansısa bank "sərfəli"faizlərlə kredit təklif edirdi. İnsanların canını almaq üçün “yırtıcı kredit faizi” ilə!

Elmira KƏNAN