​Bir addım irəli, iki addım geri: İraq kürdləri bu taktikanı seçir

 
    
 
İraq Kürd Regional Muxtariyyəti, sentyabrda 90%-dən çox “Bəli” səsiylə qəbul edilən müstəqillik referendumunu rədd edən Ali Məhkəmənin qərarına hörmət etdiklərini açıqlayıb.
 
“Cümhuriyyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, İraq Ali Məhkəməsi, noyabrın 6-da Konstitusiyanın birinci maddəsini əsas tutaraq qərar çıxarıb. Həmin maddədə  “İraq Respublikasının unitar, müstəqil, tam suveren, parlament, demokratik dövləti olduğu və konstitusiyanın ölkənin birliyini zəmanət altına aldığı” qeyd olunur.
 
İraq Kürd Regional Muxtariyyətinin internet saytında yer alan açıqlamada, “Ali Məhkəmənin konstitusiyanın 1-ci maddəsinə verdiyi şərhə hörmətlə yanaşırıq” deyilir. “Bunun, konstitusiyanın bütün maddələri tətbiq edərək problemlərin həllində və milli dialoqun başlanmasında əsas yaradacağına inanırıq” - ifadələrinə də yer verilib.
 
İraq Konstitusiyasının birinci və digər maddələrinə istinad edən məhkəmə, ölkədəki muxtariyyətlərin ayrılmaq hüququnun olduğuna dair Konstitusiyada bir maddənin olmadığına dair qərar verib. Müstəqillik referendumundan sonra İraqın baş naziri Heydər əl-Abadi də referendumun Konstitusiyaya zidd olduğunu demişdi və bu səbəbdən də Ali Məhkəməyə müraciət etmişdi.
 
Kürdlər geri çəkililər, ya...?
 
Kürd muxtariyyətinin rəsmi Bağdadın verdiyi qərara etiraz etməməsi, analitiklər tərəfindən Ərbilin müstəqillik iddialarından geri çəkilməsi kimi izah edilir. Hesab olunur ki, referendumun keçirilməsindən sonra bölgədə yaranmış situasiya kürdlərin hazırda nəzarət etdiyi əraziləri də itirməsinə yol aça bilər. Nəzərə alsaq ki, referendumdan sonra kürd muxtariyyətinin nəzarətində qalmaq istəməyən Kərkük etiraza qalxdı və İraq ordusunun dəstəyi ilə bölgə özünü Ərbilin nəzarətindən çıxara bildi. Bir neçə saat davam edən döyüşlərdə ağır məğlubiyyətə uğrayan Bərzani qüvvələri, digər yandan, əsas gəlir mənbələri olan neft qaynaqlarını da itirdi. Bununla Şimali İraqdan keçən enerji layihələrinin gələcək taleyini sual altında qoyan Ərbil böyük itkilər qarşısında qalaraq, Bağdadın tələbləri ilə hesablaşmaq məcburiyyətində qaldı.
 
Referendumun İranın İraqda güclənməsi və “Hizbullah”ın bu ölkəyə girmək ehtimallarını artırdığını nəzərə alan ABŞ və digər Qərb dövlətləri də Ərbilə verdiyi dəstəyi kəsdilər. Qeyd edək ki, Ərbilin bu təşəbbüsü referendum elan ediləndən xeyli əvvəl Qərbdə narazılıq yaratmışdı. Lakin bunun sonradan Qərbin bölgədəki maraqlarını təhdid qarşısında qoyacağını hesaba almayan kürd muxtariyyəti iddialarında israr edərək referendumu keçirdi və beləliklə, ən az indiki məqamda Qərb və İsrailin 1 əsrlik “Kürdüstan” planını sual qarşısında qoydu. Buna görə də kürdlər Qərbin təzyiqləri altında müvəqqəti olaraq, iddialarından geri çəkildilər.
 
“ABŞ kürdlərin şıltaqlıqlarına dözmək fikrində deyil”
 
Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, indiki şəraitdə müzakirə mövzusu, Ərbilin geri çəkilməsində deyil, sadəcə olaraq, kürdlər bu mərhələni uduzduqlarını anlayırlar. Ekspert kürdlərin bölgədə hökm sürən vəziyyəti də nəzərə alırlar: “Kürdlər başa düşürlər ki, ərköyün olmaq lazım deyil. Amerika hər nə qədər kürdləri dəstəkləsə də onların hər şıltaqlığına dözmək fikrində deyil. Buna görə də Vaşinqtonun təklifini rədd edən Bərzaninin cəzalandırılmasına razılıq verdilər. İndi kürdlər anlayırlar ki, müqavimət göstərməyin adı yoxdur. Buna görə də mərkəzi hökumətin qərarlarına hörmətlə yanaşırlar, yaxud, ən azı bunu dildə bəyan edilər. Son hadisələrdə kürdlər bütün zəbt etdikləri bölgələri itirdilər, o cümlədən, əsas gəlir qaynaqları olan neft qaynaqlarına və sərhəd-keçid məntəqələrinə nəzarəti itirdilər.
 
Faktiki olaraq, blokadaya düşdülər və gəlir yerləri yoxdur. Pul olmayanda isə heç nə etmək olmur. Buna görə də ən az yaxın dövr üçün Bağdadla hesablaşmağa məcburdurlar”. Lakin bununla belə, Kənan Rövşənoğlu kürdlərin referendumun nəticələrini əllərində “kart” kimi saxladıqlarını da diqqətə çatdırıb: “Amma istənilən halda kürdlərin əlində referendumun nəticələri var, bunu bütün dünya da gördü. Kürdlər ən az daha bir neçə 10 il, bəlkə də daha az səbr etməli olacaqlar. İndilik isə mövcud şərtləri qorumaq və daha çox əzilməmək üçün Bağdadın dediklərini qəbul etmək lazımdır”.
 
Mənsur Rəğbətoğlu
 
Cebhe.info

Загрузка...
Загрузка...