​Binəqədidə yüzlərlə sakin yağış sularının əsirinə çevrilib

 
…Yolumuz yenə Binəqədiyədir. Bu dəfə bir qrup sakinin həyəcanla “təhlükəli vəziyyət yaranıb” xəbərdarlığından sonra Binəqədi şosesinə üz tuturuq. Amma xəbərdarlığı, deyəsən, çox da ciddiyə almamışıq. Əraziyə girmək üçün ya uzunboğaz rezin çəkmə, ya da KamAZ tipli maşın lazımdır. Sakinlərdən biri köməyimizə çatır…
 
Beton zavodundan başlayıb Biləcəriyə qədər uzanan, minlərlə evin yerləşdiyi Binəqədi şosesində kanalizasiya sistemi yoxdur. Evlərdə ayaqyolu üçün qazılmış quyulardan çıxan çirkab yağan yağışa qarışaraq həyətlərə, oradan isə küçəyə axır. Üfunət iyindən məhəllələrə girmək mümkün deyil.
 
Virtualaz.org saytının əməkdaşları Binəqədidə evləri su altında qalan sakinlərin vəziyyəti ilə tanış olublar.
 
“Hər dəfə yağış yağan kimi həyətləri su basırdı. Amma vəziyyət builki qədər təhlükəli olmamışdı. Göydən bir damcı düşən kimi xirtdəyəcən su içində oluruq”, - Elmira Əliyeva deyir.
 
Oktyabrın əvvəlində aramsız yağan yağışlar nəticəsində həyətləri su basıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməyi ilə sakinləri xilas etmək mümkün olub. Amma üstündən 2 ay keçməsinə baxmayaraq, həyətlər hələ də suyun içindədir. Onu da nəzərə alaq ki, günlərlə nasosla su çəkilib. Xüsusilə beton zavodunun ətrafındakı evlər daha çox zərər görüb.
 
Sakinlər deyirlər ki, hava şəraitinin yenidən pisləşəcəyi xəbərindən sonra hazır vəziyyətdədirlər.
 
 
 
“20 ildir kanalizasiya çəkiləcəyini deyirlər. Hətta ötən il sakinlərdən 200 manat yığdılar. Bir-iki dəfə küçələri qazdılar da. Amma sonra işlər yarımçıq qaldı, dedilər ki, kanalizasiya çəkmək üçün dövlət proqramı olmalıdır”, - Teymur Rzayev deyir bunu. Digər sakinlər də vədlərdən yorulduqlarını söyləyirlər.
 
Onların sözlərinə görə, bir neçə dəfə yolu bağlamaqla problemə diqqət cəlb etməyə çalışıblar. Lakin sonuncu aksiyada tutulanlar olub, bundan sonra sakinlər şikayətlərini yazılı formada ünvanlayırlar. “Bizim problemimizdən Binəqədi Rayon İcra Hakimiyyətindən tutmuş Nazirlər Kabinetinədək hər kəs xəbərdardır. Hər dəfə kanalizasiya çəkiləcəyi vəd olunur, beləliklə illəri yola veririk”, - T.Rzayev söyləyir.
 
Adəm Həmidov isə deyir ki, torpaq alıb ev tikdirərkən kanalizasiyanın olmadığını bilib. Amma ona da vəd veriblər. “Hamı ayaqyolu üçün həyətində quyu qazıb. Əvvəllər çirkab nasosla yaxınlıqdakı kanala vurulurdu. Vəziyyət ona görə təhlükəli hala çatdı ki, kanalın yolunu bağladılar. Buna görə də, torpağın altı dolub, demək olar ki, hər ay torpaq bir az daha qalxır. Az qala evlərin hündürlüyünə çatır”.
 
 
 
Adəm də digərləri kimi maşınında rezin çəkmə gəzdirir. Çünki onun yaşadığı həyət də 2 aydır suyun içindədir. “Evimdə oturmaq mümkün deyil, üfunət iyindən boğuluruq. Borular dolan kimi qayıdıb içəriyə tökülür. Hələ bu harasıdır, evimi tikdirəndə kürsünün hündürlüyü 1,8 metr idi. Torpaq həmin hündürlüyə qədər qalxıb. İndi yolla mənim evimin döşəməsi eyni səviyyədədir”, - Adəm söyləyir. Və o, kanalizasiyası olmayan ərazidə ev tikənləri qınayanlara da səslənir: “Hər kəs öz cibinə uyğun ərazidə torpaq axtarır, ev tikir. Fikirləşdim ki, kirayə yaşamaqdansa, burda ev tikim. Kasıbları aldatmağa nə var ki, dedilər yaxın günlərdə kanalizasiya da olacaq, rəsmi idarədir, nə bilim ki, yalan danışırlar”.
 
Amma bu ərazidə təkcə kürsülü, birmərtəbə evlər deyil, villalar da var. Özü də villaların sayı kasıbsyana tikilmiş evlərlə müqayisədə 4-5 dəfə çoxdur. Bəzilərinin qarşısına “satılır” elanları da vurulub.
 
Sakinlərdən biri deyir ki, uşaqlarını nəzərə alaraq həyət evi tikmək istəyib, 3 mərtəbəli, hər bir şəraiti olan ev tikib. Hələ üstəlik həyətində hövuz inşa edib, bilyard, tennis oyunları üçün şərait yaradıb. Amma yağan yağış onun rahat şərait arzusunu gözündə qoyub. İndi 300 min manatlıq villasını yarı qiymətə satışa qoyub, amma aylardır, qapısını döyüb maraqlanan yoxdur.
 
 
 
Bir sözlə, kanalizasiya bu ərazinin ən böyük problemidir. Amma təkcə ona görə yox ki, yağış yağan kimi suyun içində qalırlar. Həm də ona görə ki, kanalizasiya olmadığından yollar təmir edilmir, buna görə də, bu əraziyə avtobus da işləmir. Sakinlərdən biri əraziyə marşrut xətti açılmamasına haqq qazandırır. Deyir ki, kələ-kötür torpaq yolda avtobus uzaqbaşı bir həftə işləyə bilər. Növbəti həftə maşın mütləq ustaya aparılmalıdır. Heç burda məktəb, uşaq bağçası, poliklinika da yoxdur. Sakinlər kilomertlərlə yolu qət edib, uşaqları Binəqədi qəsəbəsindəki məktəbə aparırlar. “Bax beləcə, rezin çəkmədə gedirik düz magistral yola qədər. Çəkməni çıxarıb yolun qırağındakı tikinti malları mağazasına qoyuruq, bir də axşam qayıdanda geyinirik”, -Aysel Məmmədova vəziyyəti sadə izah edir.
 
Dünən gecədən yağan yağış yenə də sakinləri vahiməyə salıb. Hamı narahatlıq içindədir. “Telefonları hazır saxlayın, heç olmasa Fövqəladə Hallar Nazirliyini çağıra bilək”, - sakinlərdən biri təlaşla əlində telefon oynayan övladına səslənir.
 
Biz isə magistral yola qədər gəldiyimiz maşınla geri qayıdırıq…

Загрузка...
Загрузка...