​Binəqədidə 60 evin sakinlərindən məmurlara qarşı etiraz aksiyası - Video

 
Binəqədi rayonu Motodrom yeni yaşayış massivinin sakinləri növbəti etiraz aksiyası keçiriblər
 
Politika.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, sakinlər evlərinin sökülməsi müqabilində onlara təklif edilən kompensasiyanın azlığından şikayətçidirlər.
 
Qeyd edək ki, "Avtovağzal” metrostansiyasının depo ərazisinə düşdüyü üçün 60-dan çox evin sökülməsi nəzərdə tutulub.
 
Narazılığa səbəb isə mənzillərin hər kvadratmetri üçün ödənilən kompensasiyanın 500 AZN-dən hesablanmasıdır.
 
Sakinlərin sözlərinə görə, şikayətlərini çatdırmaq üçün Prezident Administrasiyasına da müraciət ediblər.
 
Administrasiyanın nümayəndəsi Əli Orucov onlara bildirib ki, mənzillərin kvadratmetrinin 500-dən hesablanması düzgün deyil, həmin evlər üçün kompensasiya bazar qiymətlərinə uyğun ödənilməlidir.
 
Binəqədi İcra Hakimiyyətinin nümayəndəsi isə sakinlərlə görüşdə kompensasiyanın tikinti üçün istifadə olunan materialların bazar qiymətlərinə uyğun hesablanıb ödəniləcəyini deyib.
 
Sakinlər iddia edirlər ki, mənzillər üçün minimum 1200 AZN-dən başlayan kompensasiya ayrılsa da, icra hakimiyyəti vəsaiti mənimsəyərək onlara verməkdən imtina edir.
 
Eyni zamanda, sakinlər mənzillərin düzgün hesablanmamasından da şikayətçidirlər. Onlar bildirirlər ki, bina evlərindən fərqli olaraq məhlə evlərinin ölçülməsi prosesi çöldən aparılmalı olduğu halda, onların mənzilləri içəridən hesablanıb.
 
Mənzil bazarı üzrə ekspert Ramil Osmanlı "Qafqazinfo”ya açıqlamasına bildirib ki, daşınmaz əmlak obyektlərinin bazar dəyərinin müəyyən olunması iki formada həyata keçirilə bilər: "Bunlardan biri, uyğun satışların müqayisəli təhlili yanaşmasıdır. Yəni yaxın ərazi üzrə analoji mənzillərin son üç ay ərzində bazara təklif olunan və satılan mənzillər üzrə müqayisə metodu ilə qiyməti müəyyənləşir. Yəni bazara təqdim edilmiş və satılmış 3-4 fərdi yaşayış evi götürülür , yerləşməsi, ölçüləri, yola yaxınlığı və sair kimi qiymətə təsir gəstərən əlamətləri nəzərə alınmaqla müqayisəli təhlili aparılır.
 
İkinci qiymətləndirmə metodu isə icra hakimiyyətinin təklif etdiyi formadır. Yəni əmlakın tikintisinə çəkilmiş xərcin hesablanması. İndiki halda birinci variantın optimal olduğunu düşünürəm. Çünki icra əməkdaşlarının bu zaman kifayət qədər peşəkar mövqe ortaya qoyacaqlarını düşünmürəm. Burada professional qiymətləndirmə şirkətlərinin qiymətləndirmə rəylərindən istifadə olunmalıdır”.
 
Mənzillərin ölçüsünün hesablanmasına gəlincə, ekspert bildirib ki, sakinlər haqlıdırlar: "Bəzi yerli icra hakimiyyəti orqanları xərci azaltmaq üçün bu cür yollardan istifadə edirlər. Bu, qiymətləndirmə haqda Azərbaycan Respublikası qanununa da ziddir”.