“Bıçaq sümüyə dirənib”

Yaqub Məmmədov: “1992-ci ildə indikindən çox fərqli vəziyyət var idi”
Azərbaycan Xalq Cəbhəsinin 1992-ci ildə hakimiyyətə gəlişindən öncə Ali Sovetin sədri olan və prezident səlahiyyətlərinin müvəqqəti icra edən Yaqub Məmmədov həmin dövrdəki vəziyyətlə aprelin əvvəlində cəbhədə baş verən 4 günlük müharibə zamanı müşahidə olunan vəziyyəti müqayisə edərkən maraqlı fikirlər söyləyib.
 
“Yeni Müsavat”a açıqlamasında Yaqub Məmmədov bildirdi ki, ordumuz aprelin əvvəlində Qarabağ cəbhəsində qəhrəmanlıq göstərib, Azərbaycan ordusu mühüm yüksəklikləri azad etməklə ermənilərə möhkəm dərs vermiş oldu: “Ermənistana və onun arxasında dayanan havadarlarına göstərdik ki, biz torpaqlarımızın işğalda saxlanması ilə barışmayacağıq, o torpaqları güc yolu ilə azad etməyə qadirik. Çox qürur duyuram ki, Azərbaycan ordusu güclü orduya çevrilib. 1992-ci ildə Azərbaycanın indiki kimi nizami, güclü ordusu, müasir hərbi texnikası, Qarabağ məsələsində müxalifətlə-iqtidar arasında birlik olsaydı əminəm ki, ermənilər bir qarış da olsun torpağımızı işğal edə bilməzdilər. 1992-ci ildə indikindən çox fərqli vəziyyət var idi. O dövrkü vəziyyətlə indiki vəziyyəti, o zamankı imkanlarla indiki imkanları, o vaxtkı iqtidar-müxalifət münasibətləri ilə indiki iqtidar-müxalifət münasibətlərini heç cür müqayisə eləmək bel, mümkün deyil. O dövrdə müxalifət birmənalı şəkildə hakimiyyəti qəbul eləmirdi, Qarabağ kartından hakimiyyətə qarşı, hakimiyyəti yıxmaq üçün istifadə olunurdu. O dövrdə müxalifətin yanaşması belə idi ki, Qarabağda vəziyyət nə qədər pis olsa hakimiyyəti sıxışdırmaq, laxlatmaq və yıxmaq üçün bir o qədər yaxşıdır. Ancaq indi aprel döyüşlərində tamamilə müsbət yöndə fərqli vəziyyəti gördük. Çox şükürlər olsun ki, müxalifət Qarabağ məsələsində hakimiyyətlə eyni mövqedən çıxış etdi. Bu dəfə Qarabağ savaşında dövlət-hakimiyyət-müxalifət-xalq birliyi ortaya qoyuldu. Siyasi mövqeyindən asılı olmayaraq hər kəs vahid mövqedən çıxış etdi. Bu məqam da mən də torpaqlarımızın azad olunacağına ümidi daha da artırıb”. 
 
Y.Məmmədov hesab edir ki, Qarabağla bağlı danışıqların bundan sonra əvvəlki kimi uzanmayacaq: “Azərbaycan dövləti, ordusu qətiyyət göstərir. Aprel savaşı status-kvonu dəyişib. Bundan sonra səmərə verməyəcək danışıqlar uzanmayacaq. Ona görə də düşünürəm ki, yaxın vaxtlarda ya danışıqlarla, ya da hərbi yolla torpaqlarımız azad olunacaq. Çünki artıq bıçaq sümüyə dirənib. Bəzi vətəndaşlar aprelin əvvəlindəki hərbi əməliyyatları heç nəyə baxmadan davam etdirməyin doğru olduğunu qeyd edirlər. Nəzərə almaq lazımdır ki, hər halda ölkə rəhbərliyi vəziyyəti daha yaxşı bilir. Atəşkəs təkliflərinə müsbət cavab verilməsi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinə təsir göstərir. Dünya gördü ki, Azərbaycan əslində müharibə tərəfdarı deyil. Azərbaycanı Ermənistan və işğalçının havadarları zorla müharibəyə cəlb edir”.