​Beynəlxalq Bankda maestro kart cığallığı: müştərilərin pulu necə silinir? - Faktlar

 
16.11.2016-cı il tarixdə maaş kartım ilə hesab.az saytı vasitəsi ilə 2.96 azn WorldCard borcu üçün ödənilib. Beynəlxalq Banka məxsus maestro kartıdır.
 
Amma ödənişdən təxminən 3 gün sonra tam təsadüf nəticəsində IBA (mobilbank) proqramında gördüm ki, çıxarışda ümumi siyahıda silinən məbləğ 2.96 azn göstərilsə də, əməliyyatın detallarında bank komissiyası 8.52 azn, yekun məbləğ 11.48 azn qeyd olunub”.
 
Politika.Az xəbər verir ki, bunu Beynəlxalq Bankdan maestro kartı almış müştəri Müşviq Məmmədov şikayət məktubunda qeyd edib. Onun sözlərinə görə, 2.96 manata 8.52 manat komissiyanın mövcud ola biləcəyini absurd sayıb əvvəlcə ciddiyə almayıb:
 
“Texniki xəta kimi qarşıladım. Hər şeyin qaydasında olmasına əmin olmaq üçün bankomatda hesabdan çıxarış etdim və orada da 16.11.2016 tarixdə hesabdan silinən məbləğin 2.96 azn olduğunu gördüm. Hesab.az-dan gələn bildirişdə də ödənilən məbləğ 2.96 azn göstərilib.
 
Amma ayın əvvəlində kartımda mövcud olan balans ilə cari balans arasında, ay ərzində etdiyim əməliyyatlar üzrə təxmini hesablamalar apararaq belə qənaətə gəldim ki, hesabımdan 2.96 azn deyil, daha çox məbləğ çıxılıb. Buna görə də əlavə araşdırma aparmaq qərarına gəldim.
 
Sonra Yapı Kredi Bank ilə də əlaqə saxladıq və WorldCard üçün edilmiş ödənişi yoxlatdırdıq. Bildirdilər ki, onların sistemində sadəcə 2.96 azn qeyd olunub və bank tərəfindən əlavə komissiya tutulmayıb”.
 
Müştəri qeyd edib ki, daha sonra Azericarda yazılı şəkildə müraciət edib: “Səhəri gün Azəricard`ın Məlumat Mərkəzinin rəsmisi əlaqə saxladı və baş vermiş problemi ətraflı şəkildə izah etdi.
 
Qeyd etdi ki, həqiqətən də mənim kartımdan 11.48 azn tutulub və ardınca da bildirdi ki, digər bankların və prosessinq mərkəzinin sizin kartınızdan komissiya tutmağa icazəsi yoxdur.
 
Komissiyanı ancaq emitent bank tuta bilər və indiki halda komissiyanı Beynəlxalq Bank tutub. Komissiyanın tutulma səbəbini də izah etdi.
 
Onun izahından belə başa düşdüm ki, WorldCard üzrə ödəniş kredit borcu ödənişi hesab edilir və bu ödənişlərin tipi Mastercard tərəfindən əvvəllər ̴maliyyə əməliyyatı kimi hesab edilirdi.
 
Amma təxminən 5 ay öncə Mastercard tərəfindən bu əməliyyatın tipi dəyişdirilərək ̴elektron cüzdan əməliyyatı kimi qeydə alınır. Yəni əvvəllər mərc oyunları tipli ödənişlərə görə belə komissiyalar tutulurdu.
 
Artıq WorldCard təyinatlı kartların ödənişi zamanı da belə komissiyalar tutulur. Komissiyanın minimum məbləği isə 5 dollardır. Yəni 1 manat ödəniş etsən belə həmin günün konvertasiyasına uyğun kartdan əlavə 5 dollar tutulacaq”.
 
Vətəndaş bildirib: “Beynəlxalq Bank tərəfindən bu məsələnin həlli ilə bağlı hər hansı bir tədbir nəzərdə tutulmayıb və Mastercard Azərbaycan ilə Beynəlxalq Bank arasında bu məsələ öz həllini tapmayanadək müştərilər bu problemdən əziyyət çəkəcəklər.
 
İndi biz məcburuq ki, bundan sonra ödənişləri MilliÖn, eManat tipli aparatlarla, ya da birbaşa bankın özünə gedərək ödəyək.
 
Bu situasiyada artıq bizim maestro/mastercard tipli kartlarımız online ödəniş üçün etibarlı deyil, ola bilsin sabah telefon, internet, kommunal xidmətlər üçün etdiyimiz ödənişlərdə də bizdən komissiya çıxılacaq və bizim bundan xəbərimiz olmayacaq”.

Загрузка...
Загрузка...