"Beşiktaş"ın yeni stadionunda matçın epizodlarının təkrarına baxmaq mümkün olacaq

Türkiyənin "Beşiktaş" futbol komandasının yeni stadionundakı oturacaqlar ekranlarla təchiz olunub. Turaninfo.az "Football Tweet"ə istinadən verdiyi məlumata görə, ekranlar stadionun tribunalarındakı bütün oturacaqların çiyinliklərində quraşdırılıb.
Monitorlarda klubun matçına önəmli epizodların videotəkrarı ilə birgə baxmaq mümkün olacaq. Habelə, bütün tamaşaçılar pulsuz "Wi-Fi" girişinə malik olacaqlar.
43 min tamaşaçı tutumuna malik yeni stadiona "Vodafone Arena" adı verilib. İnşaat işlərinə 113 milyon avro sərf olunub.
Qeyd edək ki, "Beşiktaş" "Vodafone Arena"da ilk matçını aprelin 11-də "Bursaspor"a qarşı keçirib. Türkiyə Super Liqasında XXVIII turun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.