Beş rayonun qaytarılması real görünür – Politoloq

 
Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə aparılan danışıqlardan sonra ilk dəfədir ki, bu cür optimist açıqlama ilə çıxış edir.
 
Bunu Teleqraf.com-a Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə noyabrın 16-da Moskvada keçirdiyi görüşdən sonra nazirliyin yaydığı açıqlamanı şərh edən politoloq Qabil Hüseynli bildirib. O qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanat kifayət qədər optimistdir:
 
“Biz danışıqlar prosesi tarixində ilk dəfədir ki, Azərbaycan tərəfinin danışıqlardan müəyyən qədər məmnun qaldığını hiss edirik. Görünür, ortada hər halda Azərbaycan tərəfinin arzu və istəklərinə, həmçinin beynəlxalq hüquq normalarına uyğun məsələlərin müzakirəsi var. Bu məsələlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına xidmət edə biləcək məsələlərdir. İndiyədək hər şeyi Dağlıq Qarabağın statusuna bağlayan ermənilər yəqin ki, bu görüş zamanı müzakirəyə Dağlıq Qarabağın statusu kimi köhnə söhbətlərlə başlamayıblar. Yəqin ki, gündəmdə 5 rayonun geri qaytarılması məsələsi dayanır. Bu məsələ onsuz da kifayət qədər populyardır və real görünür. Əgər danışıqlar prosesində Dağlıq Qarabağın statusu məsələsi yenidən gündəmə gəlməyibsə, bunun özünü müsbət addım hesab etmək olar. Çünki ermənilər danışıqlar prosesində ilk növbədə Dağlıq Qarabağın gələcək ststusu ilə bağlı məsələləri gündəmə gətirməyi sevirlər. Əgər Azərbaycan Xarici İşlər Nazirliyi optimizm ifadə edirsə, demək ermənilər danışıqlarda pozucu yol tutmayıblar. Yaxud, kartların bəzilərini hələlik oynamayıblar. Yəni, mövqelərini axıradək açıqlamayıblar. Bu nöqteyi-nəzərdən danışıqlar prosesinin müəyyən konstruktiv zəmində getdiyini ehtimal etmək olar”.
 
Q.Hüseynli qeyd edib ki, Rusiyanın Azərbaycana hər hansı tələbi yoxdursa, bölgəyə rus sülhməramlılarının gətirilməsi məsələsi gündəmdə deyilsə, proseslərin irəliyə doğru gedəcəyini proqnozlaşdırmaq olar:
 
“Bütövlükdə, danışıqların konstruktiv zəmində sona çatacağını da söyləmək olar. Amma danışıqlar prosesinin sonrakı mərhələsində, tutaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya gələrkən bizim üçün əsas məsələ onun Rusiyanın mövqeyini ifadə edəcək fikirləridir.
 
Lavrov 5 rayonun qaytarılması müqabilində Azərbaycan qarşısında hər hansı tələblər qoymayacaqsa və Dağlıq Qarabağın statusu məsələsi rəsmi Bakının təkid etdiyi kimi Azərbaycan daxilində ən yüksək özünüidarə statusunun verilməsi ilə həll ediləcəksə, sülhməramlılar da neytral – yəni, bu münqişədə marağı olmayan, tərəf olmayan dövlətlərin əsgərlərindən təşkil olunacaqsa, bununla da razılaşmaq olar”.
 
Politoloq danışıqların yenilənmiş Mdrid prinsipləri əsasında getdiyini güman edir:
 
“Gələcəkdə bu proseslərin Kazan razılaşmasına bənzər razılaşmaya çevrilməsi ehtimalı da ola bilər. Bu yalnız Lavrovun Bakıya səfərindən sonra büsbütün bəlli olacaq. Biz danışıqlar prosesinin necə getdiyini yalnız Lavrovun səfərindən sonra müəyyən edə biləcəyik. Amma indiyədək olan danışıqlar elə ilk mərhələdən erməni tərəfinin destruktiv mövqeyi üzündən pozulurdu. Əgər bu gün danışıqlar prosesi pozulmayıbsa və müzakirələr dekabrın 7-8-də Vyanada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində davam etdiriləcəksə, demək danışıqlarda hər halda müsbət nələrsə var. Müsbət olan nələrisə inkişaf etdirmək üçün hər iki tərəf səy göstərməlidir. Hər şey Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə xidmət etməlidir. Çünki Azərbaycan tərəfi qarşına bu məqsədi qoyub”.
 
Müəllif: Sәxavәt Hәmid

Загрузка...
Загрузка...