“Beləsinə xalq şairi adı yox, şallaq düşür”

Ayaz Arabaçı imzasını oxucuya təqdim etməyə heç bir ehtiyac görmürəm. O, şeirləri və ədəbi mülahizələri ilə diqqət çəkir. Yazdıqları oxunaqlı olduğu qədər də o, maraqlı həmsöhbətdir. Gözlərinin altındakı nazik qırışlar ürəyində olanların oxunması üçün çəkilən xətlərdir sanki. Şairlə görüşüb onun şeirlərindən boylanan qüssəni, gerçək olmayan, ürəyində gəzdirdiyi arzularını dilə gətirmək istədim. Söhbətimiz zamanı düşüncələrimdə yanlışlığa yol verdiyimi anladım, şairin nikbin olması qənaətinə gəldim.
 Ayaz Arabaçı ilə “Gerçəkləşməyən arzular” layihəsində baş tutan söhbətimizin oxucularımız üçün də maraqlı olacağını düşünürəm. İlk sualım isə heç də şairə xoş gəlmək, onu söhbətə çəkmək üçün deyildi, bu mənim gəldiyim qənaətdir:
 - Ayaz Arabaçının şeirlərini oxumaqla doymaq olmur. Bəs sən kimin şeirlərindən tamsına-tamsına qalırsan?
 - Faiq, bir halda ki, söhbətimiz kütləvi yayın üçün nəzərdə tutulub, gəl əvvəlcə oxucuları salamlayaq. Sonra keçək sualın cavabına. Müdriklərdən kiminsə sözüdür, deyəsən, Taqorundur: “Təriflənmək məni utandırır, çünki mən gizlində onu arzulayıram”. İndi sən də məni çətin vəziyyətə saldın, qabaqcadan elə gözəl bir tərif dedin ki, əlim-qolum tamam boşaldı. İndən sonra verəcəyin suallardan özümü necə mühafizə edəcəyimi bilmirəm. Tamsına-tamsına qaldığım, doymadığım şairlər və şeirlər çoxdur. Şairlərimizin qüdrətli poeziya süfrəsində hər cür dad-tama məxsus ləziz şeirlər istənilən qədərdir. İstər klassiklər, istər müasirlər, oxuduqca-oxuyur, sevdikcə sevirsən. Bilmirəm kimin adını çəkim. Mənim doymadığım şairlər çoxdur, siyahı verə bilməyəcəyəm, heç birində də artıq bəzək-düzək yoxdur.
 - Şair, son vaxtlar daha aktivsən. Ədəbi məclislər, ədəbi portallar, sosial şəbəkələr sənsiz sönük olur. Bu ikinci nəfəsdir, yoxsa əvvəllər nəfəsini içinə çəkmişdin?
 - Düzünü desəm, bu qədərini hesablamamışdım. Başımı aşağı salıb çax-çuxumla, yəni yazı-pozumla məşğul idim. Əvvəllər demək olar ki, respublikada çıxan əksər mətbu orqanlarda çap olunmuşam. Sonralar ora-bura yazı aparmağa, göndərməyə tənbəlləşdim. Həm də süründürməçiliklər oldu, xətrimə dəymələr oldu və bir növ, çap olunmağa həvəsim öldü. Bəlkə də sən “nəfəsini içinəmi çəkmişdin?” deyəndə bunu nəzərdə tutursan. Bir şey də deyim ki, mənim tez-tez çap olunmaqdan, kiminsə bığının altından keçməkdən zəhləm gedir. Amma sosial şəbəkə başqa şeydir. Burda əlini-qolunu heç nə bağlamır. Sən fərqli düşüncə sərgiləyirsən, ən azı 4-5 min dostunla əhatələnmisən. Bura sənin qol-qanad açmağına, zirvələr aşmağına heç nə mane olmur. Yetər ki, insanlar sənin qəlbinin odunu, ürəyinin istiliyini hiss eləsin. Birdən görürsən ki, sənə fərqli münasibət var, ədəbi məclislərə dəvət olunursan, saytlar çap eləyir, şeirlərini paylaşırlar, səndən israrla kitab istəyirlər, tanış olmaq istəyirlər. Bu da sözsüz ki, sənin nəfəsini tükənməyə qoymur. Hətta səndə ikinci, üçüncü nəfəs açılır.
 Üzdüyüm dəryaların dibi yoxdur
 - Arzularından bəhs edək, o hansı arzulardır ki, səni dost-tanış yanında boynubükük edib, həyata keçməyib.
 - Hamı kimi mənim də həyatımda uğursuzluqlar olub. Amma fikrimcə, uğursuzluq və arzuların həyata keçməməsi adamı dost-tanış yanında boynubükük edə bilməz. Adam o vaxt boynubükük olur ki, dostluğa xəyanət edir, ikiüzlü və yaltaq olur. Şükür ki, mən bütün bu şeylərdən uzağam. Başa yetməyən arzular çoxdur. Oynaq və gözəl rəngləri tale asanlıqla bəxşiş vermir. Və bu gedişlə də elə arzu kimi qalacaqlar. Mənim həyata təbəssümüm həmişə cavabsız qalıb.
 - Baxıram sakit, təmkinlisən, amma şeirlərinlə yüz budağa selbə atırsan. İçindəki üsyanı şeirlərindən kənarda saxlamaq olmazdımı?
 - Budaqlara selbə atmaq yaxşıdır. Çünki onda çürük meyvələr zay toxumlar tökülür, sağlamlar duruş gətirib qalır. Mən üzdüyüm dəryaların dibi yoxdur. Şeirlərimdə hərə bir az tapır özünü. Xoşbəxt olmaq istəyən xoşbəxt olur, bədbəxt olmaq istəyən bədbəxt. Ürəklərdən tikan da çıxardıram, tikan da batırıram. Mən bu taleyin oğluyam. Xarakterim, təbiətim və üsyanım istər-istəməz şeirlərimdə əks olunur.
 Əlçatmaz görünən şeylərə gülüb keçmişəm
 - Ayaz, Gədəbəydən üzüaşağı gələn yollar səni yuxarılara aparacaq arzusunu yaşamısan. O yolların yoxuşunda təngnəfəs olmadın ki?
 - Təngnəfəslik onda başlayır ki, sən öz ömrünü yox, başqalarının ömrünü yaşayırsan. Özünü nələrinsə naminə yükləyirsən, məcbur edirsən. Mən hələ də kənddən çıxdığım ilk günün havasında və ruhundayam. Gözümdəki rənglərin biri də solmayıb. Yuxarı qalxmağa davam edirəm.
 - Səni arzuların hara qədər aparmalı idi, hara qədər gedə bildin?
 - Nə deyim, hesab elə ki, təyyarə ilə gedib çıxacağım mənzilləri kəl arabasıyla qət edirəm. Günəş istəyirdim, balaca bir işıldaböcəklə kifayətlənəsi oldum.
 - Yəni indiki ədəbi mövqeyin arzularında olan yer idi?
 - Mən yazmağın daşını atmağı fikirləşə-fikirləşə yazdım. Heç vaxt ədəbi mövqe haqda düşünməmişəm. Hətta elmi işimi də yarımçıq tullamışam. Çoxlarına əlçatmaz görünən şeylərə gülüb keçmişəm. Yazmaqdan zövq alıram. Bu, bir növ, mənim üçün hamıyla hal-əhval tutmaq, dərdləşmək, kədərini-iztirabını bölüb yüngülləşmək və həm də hamıyla şənlənmək, yeyib-içmək kimi bir şeydir.
 Xalq şairi olmaq şirnikləşdiricidir
 - Daha çox nə istəyirdin, nələr istəyinə mane oldu?
  - Nə bilim, deyəsən, daha çox səyyah olmaq istəyirdim. Bütün təyyarələrdə uçmaq, bütün gəmilərdə üzmək, küləklərə qoşulub getdikcə getmək. Çox şeylər mane oldu. Ağır gün-güzəran. Özündən sonra gələn balacalara kömək və s.
 - Heç arzulamısan ki, xalq şairi olasan, amma səmimi olaq, hərçənd sənin qeyri-səmimiliyini heç görmədim.
 - Bilirsən Faiq, elə şeylər var ki, həm istəyirsən, həm istəmirsən. Bizdə adətən bu şeyləri kiminsə gözünə soxmaq üçün, kiməsə yanıq vermək üçün istəyirlər. Xalq şairi olmaq şirnikləşdiricidir. Bu ad bir çox problemlərin həlli deməkdir. Məncə, xalqın sevimlisi olmaq, içində ülvi və bəşəri keyfiyyətlər daşımaq, xalqın dərdini-sərini, sevincini tarixini poeziya dilinə çevirmək, nəcib qayələrlə nəfəs almaq çox gözəldir.  Və buna da xalq şairi adı yox, kötək və şallaq düşür. İndi bizdə elə “yekə” şairlər var ki, bu ad üçün dili-dodağı təpiyir, dəsmal götürüb gözünün on yerindən ağlayır. Mənim narahat, təlatümlü nigaran ürəyimi bu adla ram eləmək mümkün deyil.
 İstəyirəm güllər açılsın, güllələr açılmasın
 - Ayaz müəllim, suallarımla yordum səni, bilirəm, zahirən yorğun görünürsən, ürəyinin yükü çiyninin yüküylə təndirmi?
 - Bəlkə, ürəklə çiyini ayırmayaq, sinonimləşdirək. Asif Ata deyir ki, “Yükümüzdən böyük fərəhimiz yoxdur”. O baxımdan bu fərəhi daşımaq xoşdur. Bütöv şəxsiyyət olmaq ürək və çiyinin vəhdətindən keçir.  Zahirən yorğunluğuma gəldikdə isə izahı uzun təfsilat tələb eləmir, yavaş-yavaş qocalırıq.
 - Daha nə istəyirsən, hansı gerçəkləşməyən arzularının gözünün kökünün saralmasına son qoyulmasını?
 - Şəxsi arzularımın ağzını qıfıllayıb atmışam bir kənara. Çünki bizdə adamsız və pulsuz balaca bir arzunu da hərəkətə gətirə bilməzsən. Mən də ki, bu adamsızlıqla, bu ağrıyla, bu ürəklə, bu sevgi və bu işsizliklə çətin ki, nəyəsə nail olum. Amma bu, son demək deyil. Daha işıqlı gələcək üçün - övladlarımız üçün yağmalanmış torpaqlarımızın azad olunmasını istəyirəm. O taylı-bu taylı Azərbaycanımızın birləşməsini istəyirəm. Milyon-milyon Azərbaycan insanının bir bayraq altında toplanmasını istəyirəm. Daha çox kamillik, daha çox humanistlik istəyirəm. Şair demişkən, istəyirəm güllər açılsın, güllələr açılmasın.
 Ayaz Arabaçının bu istəyinin, bu arzusunun ardınca söhbətin mövzusunu dəyişdik. Şeirdən danışdıq, şairlərimizin həyatından dəqiqələri vərəqlədik. Yaradıcılığı və həyatından bəhs etdik... Və sonda bu qənaətlə ayrıldıq: Şairin son arzusu da, millətin arzusu da gerçəkləşməyə bilməz.