Belçika Ərdoğana cavab verdi

Türkiyə hökuməti Brüssel hava limanında özünü partladan İbrahim əl-Bakruaini Belçikaya yox, Hollandiyaya deportasiya edib. Musavat.com xəbər verir ki, bunu Belçikanın ədliyyə naziri Kun Gens “Reuters”ə açıqlamasında bildirib.
“Federal prokurorluq mənə bildirib ki, o, deportasiya ediləndə Belçikaya yox, Niderlanda göndərilib”, - nazir deyib.
Ədliyyə naziri əlavə edib ki, Belçika hökumətində Bakruainin terrorçularla əlaqəsi barədə məlumat olmayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikadakı terror aktlarını törətməkdə şübhəli bilinənlərdən biri ilə bağlı maraqlı bəyanat verib. O, deyib ki, terrorçulardan biri vaxtilə Türkiyədən deportasiya edilib və bu barədə Belçika səfirliyi də məlumatlandırılıb: “Buyurun, Brüsseldəki terrorçulardan biri 2015-ci ilin iyununda Qaziantepdə yaxalayıb deportasiya etdiyimiz şəxsdir. Deportasiya əməliyyatını 14 iyun 2015-ci il tarixdə Belçika sədirliyinə nota ilə bildirmişik. Belçikalılar adı keçən şəxsi azad ediblər. Bu şəxsin əcnəbi terrorçu olduğu ilə bağlı xəbərdarlığımıza baxmayaraq, Belçika onun terrorizmlə əlaqəsini təsbit edə bilməyib”.
Martın 22-də Belçika paytaxtılnda üç partlayış törədlib. Terror aktları nəticəsində 31 nəfər ölüb, 250 nəfər isə yaralanıb. Bununla belə, KİV terror qurbanlarının sayının 32, yaralıların sayının isə 270 nəfər olduğunu iddia edir.