BDYPİ müstəntiqinə və hakimə rüşvət ittihamı

 “Vəzifəli şəxslər saxta qızıl alverçisi ilə əlbir olub mənə küllü miqdarda ziyanlar vurublar”
 
Bunu Politika.Az-a Ucarın Müsüslü kənd sakini Sənan İsmayılov Nüsrət oğlu yazıb.
 
Onun sözlərinə görə, hadisə 11 may 2013-cü ildə baş verib: "Opel Omeqa" markalı 99 DN 223 dövlət nömrəli maşınımla hərəkətdə olan zaman qızıl alveri ilə məşğul olan Elvin Vahid oğlu Allahverdiyev sərxoş vəziyyətdə idarə etdiyi "Lexsus LS-460" markalı 10 TS 111 nömrə nişanlı avtomobili ilə mənim avtomobilimi vurub yararsız hala salıb.
O, Baş Dövlət Yol Polis İdarəsinin təhqiqatçısı, müstəntiq Naib Xanlarova rüşvət verərək saxtakarlıq edib. Guya həmin vaxt sükan arxasında Elvin Allahverdiyev yox, onun dostu İlham Qasımzadə olub. Ancaq ərazidə olan müşahidə kameralarına düşüb ki, qəza zamanı sükan arxasında İlham Qasımzadə yox, Elvin Allahverdiyev olub”.
 
S.İsmayılov qeyd edib ki, araşdırma zamanı E.Allahverdiyevin avtomobilinin sığorta sənədlərinin də saxta olduğu aşkarlanıb: “Buna görə də avtomobilimə sığorta şirkəti kompensasiya ödəmədi. Ancaq bu saxtakarlığı edən Elvin Allahverdiyev barəsində heç bir tədbir görülmədi.
Hansı ki, qanununa əsasən buna görə onun barəsində dərhal cinayət işi başlanılmalı idi. Ancaq rüşvət hesabına bu cinayət əməlinin üstü ört-basdır edildi. Avtoqəzadan sonra Elvin Allahverdiyev avtomobilimi təmir etdirmək üçün sənədlərimi alıb avtoservizə qoydu.
Orada uzun müddət saxlanıldı və ustalara pul verilmədiyindən avtomobilim küçəyə atıldı. Oradan isə Nizami rayon ərazisində yerləşən 11 saylı dayanacağa qoyuldu. İndi avtomobilim tam yararsız vəziyyətdədir”.
 
Şikayətçi iddia edir ki, saxta qızıl satıb milyonçu olmuş E.Allahverdiyev vurduğu zərəri ödəmək əvəzinə polis zabiti Naib Xanlarova və Nizami rayon Məhkəməsinin hakimi Ramil Həsənova pul xərcləyib məsuliyyətdən yayınıb:
 
“Həmin "Opel Omeqa" markalı avtomobili bankdan kredit götürərək almışdım və taksi fəaliyyəti ilə məşğul olurdum. Baxmayaraq ki, ali təhsilliyəm, ehtiyatda olan zabitəm. Elvin Allahverdiyevin "Laçın" univermağında 4 ədəd qızıl satışı dükanı var.
2013-cü il tarixdə Elvin Allahverdiyevə və onun dostu İlham Qasımzadəyə qarşı qaldırdığım iddiama Nizami rayon Məhkəməsinin hakimi Ramil Həsənov baxırdı. O, aldığı rüşvətdən hüquqlarımı müdafiə edən Vaqif Məmmədova da pul verib iddiamın baxılmamış saxlanılmasına dair qərardad çıxarıb.
Sonradan mənə də məlum oldu ki, hüququ savadsızlığımdan sui-istifadə edib bu vicdansızlığı ediblər. Həmin bu hakim Ramil Həsənovun Azərbaycan Beynəlxalq Universitetini bitirməsinə dair diplomunun saxta olması təsdiq olundu. Bəli, belə saxtakar hakimin gördüyü işdə saxta olmalıdır.
 
İndi isə iddiamı yenidən qaldırmışam və hazırda Nizami rayon Məhkəməsinin hakimi Habil Əhmədovun icraaatındadır. Artıq maşınıma dəymiş zərərin miqdarını təyin edən nöqsan aktını əldə edib məhkəməyə təqdim etmişəm. Cavabdeh Elvin Allahverdiyev isə mənə bildirir ki, özünü çox yorma, məhkəmə ilə işimi danışmışam.
Mən kreditlə maşın almışdım, kasıb adamam, Elvin Allahverdiyev, İlham Qasımzadə kimi saxta işlərlə məşğul olmamışam ki, aparıb təhqiqatçıya hakimə rüşvət verib dəymiş ziyanımın alınmasına nail olum.
 
Prezident İlham Əliyevə müraciət etmək istəyirəm ki, haqqıma nail olmaqda mənə köməklik göstərsin. Mən Elvin Allahverdiyevin qızıl satışının obyektiv yoxlanılması üçün də müvafiq orqanlara şikayət ərizəsi göndərmişəm. O, qızılı vətəndaşlardan ucuz alıb təkrar emal edib və ucuz metallar qatıb baha qiymətə satmaqla həm dövləti, həm də vətəndaşları aldadır”.