Bazarı qoyub avtomobil yolunda “bazar açanlar” - sürücülər və sakinlər narazıdır - FOTOLAR

 
Sabunçu bazarındakı özbaşınalıq həm sürücülər, həm də yerli sakinlər üçün ciddi problem yaradıb. Narazılıq doğuran məsələ, bazar ətrafında ticarət məqsədi ilə xeyli sayda avtomobilin dayanmasıdır.
 
Musavat.com-a müraciət edən qəsəbə sakinləri deyir ki, bir neçə gündür Sabunçu bazarının çıxışında qəsəbənin ən gediş-gəlişli hissəsi yük avtomobilləri tərəfindən zəbt edilib. Ticarət məqsədi ilə müxtəlif rayonlardan gələn bu maşınlarda meyvə-tərəvəz satılır.
Sakinlərin sözlərinə görə, Bakının ən böyük bazarlarından olan Sabunçu bazarının içərisi boş olduğu halda ticarətçilər avtomobil və piyada yollarını ticarət obyektinə çeviriblər.
 
Bunda ticarətçilər maraqlı olduğu kimi, qeyd edilən əraziyə nəzarət edən şəxslər də maraqlıdır. Belə ki, bazarın içərisində olan ticarət köşklərinin icarə haqqı ucuzdur. Ancaq müştəri çoxluğuna görə daha çox bazarın və yolun kənarında satışla məşğul olmaq istəyən ticarətçilər bazar rəhbərliyinə daha çox haqq ödəyirlər. Küçə ticarəti qadağan edilsə də, burada hər gün qızğın alver gedir.
 
Səkilərin və avtomobil yolunun zəbt edilməsi qəsəbənin əsas yolunda gün ərzində tıxacların yaranmasına səbəb olur. Piyadaların da yolunu kəsən bu ticarətçilər həm də bazar ətrafında hər gün zibilliklər yaradırlar. Bazar rəhbərliyi bu özbaşınalığa göz yumsa da, yaranan problemlərlə bağlı bir müddət əvvəl Sabunçu Rayon İcra Hakimiyyətinə edilən şikayətlər öz bəhrəsini vermişdi. Belə ki, sakinlərin və sürücülərin narazılığından sonra əraziyə göndərdilən icra hakimiyyətinin nümayəndələri qayda-qanun yaratmağa nail ola bilmişdilər. Ancaq görünən budur ki, bu xəbərdarlıq bazar rəhbərliyi üçün kifayət etməyib.
 
Qəsəbə sakini Ramiz Həsənov musavat.com-a deyir ki, bazarın ərazisi çox genişdir. Amma heç kim ora maraq göstərmir: “Bura Bakıda ən böyük bazarlardan biridir. Çox geniş ərazisi var. Ancaq bazarın 50 faizdən çoxu boşdur. Deyirlər ki, bazar rəhbərliyi sahibkarları çox incidir. Bunun nəticəsidir ki, son bir il ərzində bazardakı əksər ticarət köşkləri bağlanıb. İndi də maşınları yol kənarında saxlayırlar. Bazara da haqlarını ödəyirlər. Səhərlər maşınlar hərəkət edə bilmir. Axşam da bazarın ətrafı zibilliyə çevrilir. Nə hərəkət etmək olur, nə də iydən yolu keçmək. Bazarın bütün zibili axşam yolun düz ortasında olur. Bilmirsən ki, buna nəzarət edən var, ya yox. Bir neçə dəfə icra hakimiyyətinə müraciət etmişik, gəlib yığışdırıblar. Ancaq bir neçə gün keçir, yenə eyni vəziyyət yaranır”.
 
Digər qəsəbə sakini Elçin Əliyev isə deyir ki, bazar bu vəziyyətə düşəndən avtomobillə hərəkət etmək mümkün deyil: “Bura əvvəllər belə deyildi. Hər şey normal idi. Sonra həftə sonları “rus bazarı” olurdu. Şənbə və bazar günləri hərəkət demək olar ki, dayanırdı. Avtobus sürücüləri şikayət etdikdən sonra gəlib bazarı yığışdırdılar. İndi də bu maşınlar peyda olub. Maşın yolunu zəbt ediblər. Günün istənilən vaxtı burada tıxac olur. Bir tərəfi taksi sürücüləri zəbt edir, bir tərəfi də avtobuslar sonuncu dayanacaq kimi istifadə edir. Günün istənilən saatı burada tıxacdır”.