Bayram təcili yardımın işini artırdı Təcili yardım çağırışların 10 faiz artıb.

Təcili yardım - Arxiv
“Novruz bayramı günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BTTTYS) daxil olan müraciətlərin sayı 10%-ə qədər artıb”. Bu barədə Turaninfo.az-a  BTTTYS-nin baş həkimi Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, adi günlərdə təcili yardıma 2000-2100 çağırış olurdusa, hazırda bu rəqəm 2300-dür: “Buna səbəb poliklinikaların əməkdaşlarının bayram günlərində istirahət etməsidir. Düzdür bütün polikliniklarda da növbətçilər təyin edilib. Ancaq bu müəssisələrin işləməməsi bizə müraciətlərin sayının artmasına səbəb olub. Ancaq hazırda bütün tibb müəssisələri əhaliyə təcili tibbi yardım xidməti göstərir”.
Baş həkimin sözlərinə görə, əhalinin müraciətlərinin əsas hissəsini mövsümi xarakterli xəstəliklərlə bağlıdır: “Yaşlı, eyni zamanda ürək, qan-damar sistemi xəstəlikləri olan insanlar bizə daha çox müraciət edir. Belə insanlara əsas təsir edən amil iqlimin tez-tez dəyişməsidir. Bundan başqa bayram günlərində baş verən qəzalar da təcili yardıma müraciət edənlərin sayını artırıb”.
R. Nağıyev istirahət günlərində bayramla əlaqədar heç bir çağırışın qeydə alınmadığını da əlavə edib: “Bayram günlərində qidadan zəhərlənmə yaxud yeməkdən halı pisləşdiyi üçün müraciət edən olmayıb”. 

Nazirlər Kabinetinin qərarı ilə mart ayında Novruz Bayramı ilə əlaqədar 8 gün qeyri-iş günü olması barədə qərar qəbul edilib. 20, 21, 22, 23, 24 mart Novruz bayramı kimi qeyd edilib.
20 mart bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdirilərək, 25 martın qeyri-iş günü olmasına qərar verilib. 26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən bayramda ardıcıl 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günüdür.