Bayrağımızı endirənin cəzasını Türkiyə verəcək – Etiraz

Hadisənin səbəbi mütləq araşdırılmalı və bayrağımıza qarşı etdiyi bu hörmətsizliyə görə cavabehlik daşıyan həmin şəxs sərt cəzalandırılmalıdır.
 
Bu sözləri Axar.az-a Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professorunun qərarı ilə Azərbaycan bayrağının endirilməsinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Millət vəkili Azərbaycan bayrağına qarşı edilən bu hörmətsizliyi sərt qınayıb:
 
“Əgər həmin adam dəli olubsa, onun müalicəsi üçün ya Azərbaycandan həkimlər göndərək, ya da Türkiyədən xahiş edək ona həkim versin. Türkiyə universitetlərinin birində Azərbaycan bayrağı endirilirsə, bu, çox ciddi bir töhmətə layiqdir və buna da sərt reaksiya verilməlidir. Açığı, bu məsələdə hər hansı bir şəkildə ölkəmizin bayrağına qarşı bu cür addımı çox mənfi qiymətləndirirəm. Türkiyənin həmin şəxsin əməlinə ciddi qiymət verməsi vacibdir. İnanıram ki, Türkiyədə böyük əksəriyyət bu məsələyə öz etirazını bildirəcək”.
 
Xalq şairi Sabir Rüstəmxanlının sözlərinə görə, sözügedən hadisə Türkiyə ilə Azərbaycanın münasibətlərinə xələl gətirmək istəyənlərin planı ola bilər:
 
“Türkiyədə Azərbaycan bayrağına qarşı belə bir addım yolverilməzdir. Baş verən hadisəni qəti şəkildə qınayırıq. Həmin şəxsin bu hərəkəti bəlkə onun erməni mənşəli olmasından qaynaqlanır. Ola bilsin ki, o şəxs heç türk də deyil və soyadını dəyişərək özünü türk kimi qələmə verən ermənilərdəndir, yaxud da müxtəlif əqidələrə xidmət edənlərdəndir. Ara qarışdırmaq istəyənlər və Türkiyə-Azərbaycan dostluğunu həzm edən bilməyənlərin bu cür avantürist addımaları gec-tez Türkiyədə cəzasını tapır. Ölkəmizə qarşı belə hərəkətə yol verdiyi üçün həmin şəxsin cəzasını universitet rəhbərliyinin və Türkiyə dövlətinin verəcəyinə inanıram”.
 
Qeyd edək ki, Uludağ Universitetinin İqtisadiyyat fakültəsindən Salih Pay adlı ilahiyyat professoru Azərbaycan bayrağının endirilməsinə qərar verib. Salih Pay Ermənistan bayrağını universitetdə təhsil alan azərbaycanlı tələbələrin endirdiyini zənn edərək, belə qərar verdiyini açıqlayıb və bildirib ki, Ermənistan bayrağı yerinə qaldırılandan sonra Azərbaycan bayrağı da öz yerinə bərpa ediləcək.
 
Baş verənlər isə universitetin millətçi gənclərinin ciddi narazılığına səbəb olub.

Загрузка...
Загрузка...