Bayden və Ərdoğan PKK problemini müzakirə etdi

ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyəti və İŞİD və PKK terror qruplaşmaları daxil olmaqla, terrorçuluğa qarşı mübarizə tədbirlərini müzakirə ediblər.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.
 “Vitse-prezident ABŞ-ın PKK-nı terror təşkilatı kimi tanıdığını təkrarlayıb. Hər iki lider PKK da daxil olmaqla, terrorçuluğun bütün forma və təzahürləri ilə mübarizədə əməkdaşlığı genişləndirməyi vəd ediblər.  Vitse-prezident Bayden və prezident Ərdoğan həmçinin İŞİD üzərində qələbənin ümumi məqsəd olduğunu bir daha təsdiqləyiblər və İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiya çərçivəsində əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur. 
Bundan başqa, tərəflər Suriyadakı münaqişənin siyasi nizamlamasına nail olmaq istiqamətində səyləri müzakirə ediblər və ölkədə tətbiq olunan atəşkəs rejimini dəstəkləyiblər. 
 Görüş zamanı Bayden ABŞ-ın NATO üzrə müttəfiqi olan Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sarsılmaz sadiqliyini təsdiqləyib.