​“Baxdım ki, dayım qızının arxasınca düşüb” – Namus cinayəti

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Kamran Baxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə hökm oxunub.
 
Kamran Baxışov 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, hadisə Qubanın Rustov kəndində baş verib. Kəndin 21 yaşlı sakini Kamran Baxışov 26 yaşlı Mikayıl Musayevi bıçaqlayıb. Bud nahiyəsindən xəsarət alan Mikayıl Musayev Quba rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
 
Təqsirləndirilən şəxs qismində ifadə verən Kamran Baxışov bildirib ki, bıçaqladığı Mikayıl Musayevlə həmkəndli olub: “Mikayılı kənddən tanıyırdım. Bir gün kənddə gəzirdim, dayım qızı yoldan keçirdi. Dayım qızının arxasınca da Mikayıl keçdi. Baxdım ki,  dayım qızının arxasınca düşüb.
 
Mikayılı çağırdım, iradımı bildirdim, bir də bu cür hərəkət etməməyi tapşırdım. Ancaq o,  sözümə məhəl qoymadı. Buna görə mübahisəmiz qızışdı. Bir-birimizə söyüş söydük. Onu bıçaqla vurdum”.