“Batan” manata neftdən də zərbə - Yeni ilə nə ilə gedirik?

 
FED-in qərarı dəyişmir, amma milli valyutamız dəyər itirir
 
Amerika Mərkəzi Bankının funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Departamenti (FED) ötən gün keçirdiyi iclasında yenə də dolların uçot dərəcəsini 0.25-0.50 olmaqla sabit saxlayıb. FED-in uçot dərəcəsini artırmayacağı gözlənilən idi. Bu barədə FED rəhbəri Canet Yellen sentyabrda keçirilən iclasdan sonra verdiyi bəyanatda da demişdi.
 
O, dolların uçot dərəcəsinin ilin sonuncu iclasında artıracaqlarını qeyd etdi. FED-in verdiyi hər-hansı bir qərar Azərbaycana da təsirsiz keçmir. İqtisadçılar qeyd edirlər ki, FED uçot dərəcəsini qaldırsa manat kəskin şəkildə ucuzlaşacaq. Ancaq FED uçot dərəcəsini qaldırmadı, manat isə yenə də ucuzlaşır. Bunun isə təbii ki, tutarlı səbəbləri var.
 
Dekabrda manatı nə gözləyir
 
Birincisi, manat öz real dəyərində deyil. Manatın məzənnəsi Mərkəzi Bank tərəfindən inzibati qaydada təyin olunur. Yəni, Mərkəzi Bank hər günə istədiyi məzənnə ilə başlayır. Ona görə də, FED-in uçot dərəcəsini dəyişməsə də manat ucuzlaşmağa davam edəcək. Çünki manatın möhkəmlənməsi üçün heç bir iqtisadi səbəb yoxdur. İqtisadi proqnozlara nəzər salsaq, görərik ki, dolların real məzənnəsi 2.00-3.00 manat civarındadır. Manat bu dəyərə çatana qədər ucuzlaşmağa davam edəcək. Cari ilin sonuna qədər manat 1.95 civarına qədər ucuzlaşacaq. Amma FED əgər uçot dərəcəsini artırsa, bu manatın ucuzlaşmasını daha da surətləndirəcək. FED-in son iclası dekabrın ikinci 10 günlüyünə təsadüf edir. FED dekabrda uçot dərəcəsini artıracaq. Qeyd edək ki, FED uçot dərəcəsini 0.75 faizə qədər qaldırmağı planlaşdırır. Bu da manata qarşı növbəti təzyiq deməkdir və manatın bu təzyiqlərə davam gətirəcəyi isə inandırıcı görünmür. İqtisadçılar da həmçinin vurğulayırlar ki, əgər FED uçot dərəcəsini qaldırsa, manat növbəti dəfə kəskin devalvasiyaya məruz qalacaq.Bu isə o deməkdir ki, manat 2017-ci ilə 2.00 və daha yuxarı məzənnə ilə başlayacaq.
 
Neft də manatı xilas etmədi
 
Dolların məzənnəsi artıq psixoloji həddə çatıb. İlk dəfə olaraq dolların rəsmi məzənnəsi 3 noyabr tarixində 1.6490 manat təşkil edib. Dolların məzənnəsi artan tendensiya ilə gedir. FED-in qərarından asılı olmayaraq bu tendensiyada azalma müşahidə olunmayacaq. Manatın ucuzlaşması isə ölkədə böhranın daha da dərinləşməsinə səbəb olacaq. Manatın dayanıqlığını təmin etmək isə artıq mümkün deyil. Hökumətin ümid bəslədiyi neftin qiyməti də dünya bazarında ucuzlaşmağa davam edir. Neft ölkələrinin birləşdiyi OPEC-in son iclasından sonra da neftin qiymətində dəyişiklik baş vermədi, əksinə, neftin qiymətində yenidən ucuzlaşma müşahidə olundu. Azərbaycan iqtisadiyyatının ayaqda qalmasının yeganə səbəbi olan neft də manatı xilas edə bilmir.
 
Mərkəzi Bank tələbləri ödəmir
 
FED dekabrda uçot dərəcəsini artıracaq. Bu isə artıq dünya birjalarında təlatümə səbəb olub. Bu Azərbaycan banklarında daha çox hiss olunur. Banklar artıq dollar satışını məhdudlaşdırıb. Banklar bu addımı əhalidən dollar yığaraq xarici investorlar qarşısında olan öhdəliklərini (borclarını) ödəməyə çalışır. Bankların bu addımı atmasına səbəb isə Mərkəzi Bankın hərraca tələb olunan vəsaiti çıxarmamasıdır və ya çıxara bilməməsidir. Mərkəzi Bankın maliyyə resursları tükənmək üzrədir və ona görə də bazara təsir edə bilmir. Bu da bankların alternativ yollardan istifadə edərək valyuta əldə etməsini zəruri edir. Bu da dollar qıtlığının yaranmasına səbəb olur. Dollar qıtlığı isə manatı təzyiq altında saxlayır və daha surətli ucuzlaşmasına səbəb olur. Artıq oktyabr ayının əvvəllərindən etibarən manat ucuzlaşmağa başlayıb