Başqa işiniz-gücünüz yoxdur ki, "əsgərə" ilişirsiniz?" - "O söyüşlərdən bir pay da bizlərə düşəcək..."

 
 
Hər gün səhər saat 6-dan gecə saat 2-yə kimi Moderator.az saytının rus versiyasına yazılar yerləşdirərkən ölkəmizlə, regionla və dünya ilə bağlı yüzlərlə maraqlı yazılara və xəbərlərə rast gəlirəm. Və ən böyük arzularımdan biri də o pozitiv və Azərbaycan üçün qəbul edilə bilən bir çox müasir və optimal məsələlərin də tezliklə bizdə bərqərar olması arzusudur. Bilirəm, olacaq, amma çox istərdim ki, tez olsun. Elə bu sətirlərin də ərsəyə gəlməsinə əsas səbəb kimi iki mühüm xəbər oldu. Xəbərlərdən biri - qonşu Gürcüstanda Tibilisi meriyasında ştatların 120 nəfərə qədər ixtisara salınması xəbəri idi. İkincisi də, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası ilə bağlı xəbərdir ki, vallah, zamanı-vaxtı gələcək artıq o vaxt olmayacaq bu bəzi "ağıllı elm adamlarını" əksəriyyətini insanlar söyəcəklər. O söyüşlərdən bir pay da bizlərə düşəcək ki, niyə biz bunların mənasız və ağılsız fikirlərinə vaxtında-zamanında təpki göstərməmişik.
Çalışacağam ki, fikirlərimi bir qədər lokanik izah edim ki, sizləri yormayım.
 
Əziz dostlar! Fikr vermisinizsə, artıq xeyli vaxtydır ki, Bakı meri HacBəla Abutalıbovun varlığı ilə yoxluğu əsla bilinmir. Bakı sanki "avtopilot rejimində" öz həyatını yaşayır.Əslində Bakı merinin görünməməyi şəxsən mənə çox sərf edir. Bu adam hər dəfə "dür ağzını" açan kimi, 50 dənə "quş buraxır"dı. Özü də, "quşların ağırlığı" o qədər böyük olurdu ki, sonradan onu yığıb-yığışdırmaq çətin olurdu. Necə ki, artıq xeyli vaxtdır ki, Yasamal rayonun icra başçısı vəzifəsi də boşdur. İbrahim Mehdiyev vəzifəsindən çıxarılandan sonra, gedəndə deyəsən, özü ilə o vəzifənin "bütün sənədlərini də" aparıb...
İndi gəldim, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclasına. Ay AMEA-nın prezidenti hörmətli Akif müəllim Əlizadə! Sizə elə gəlmirmi ki, tabeçiliyinzdə olan YÜZLƏRLƏ formal, cəmiyyətə xeyir əvəzinə ballast kimi yük olan çoxsaylı sovetdən qalma institut və bölmələr fəaliyyət göstərir? Sizi cəmiyyət və Silahlı Qüvvələrin 25 ilə yaxın müddətində peşəkar hərbi jurnalist və zabit kimi "təbrik" etmək istəyirəm. Deyəsən, çox, həddindən çox, "illərlə" apardığınız bir elmi araşdırma öz nəticəsinə çatmışdır?! Müstəqilliyimizdən iki onillikdən çox vaxt keçəndən sonra yeni “Orfoqrafiya lüğət”ində etmək istədiyiniz bəzi dəyişikliklər "reallaşmaq üzrədir" Ayıbdır, ağsaqqal və ağbirçək elm adamlarının ortalığa qoyduqları "elmi araşdırmaya" baxın". Sizin başqa işiniz və gücünüz yoxdur ki, "əsgərə" ilişirsiniz? O əsgərə ki, sizdən orta məktəb dərsliklərində buraxılan saysız-hesabsız dil və orfoqrafiya səhvlərinin aradan qaldırılmasını gözləyir. Cəmiyyətimizdə o qədər elm adamlarının ağıllı və müdrik sözlərinə ehtiyac var ki, saymaqla qurtarmaz. Deyəsən, siz də elm əvəzindən “alqı-satqı” sözlərindən daha çox istifadə etdiyinizdən, bu sözü də yumşaltmağın "dərin elmi əsaslarını" tapmısınız. Adam sadəcə dərin bir meşəyə qaçıb, o ki var bağırmaq istəyir ki, Allahım, nəydi günahım ki, bu cür şeyləri oxuyur və görürəm? Axı mənim dövlətimin, xalqımın o qədər həllini gözləyən vacib dərdi-səri var ki, ona ilk növbədə can yandırmalı adamlar məhz elm adamları, ziyalılar olmalıdırlar. Bunlar da, "biz də varıq prinsipi ilə, 20 ildən sonra ortalığa elə bir tragikomik ideya və təklif qoyurlar ki, sadəcə özünü güclə saxlayırsan ki, ağzından nə isə artıq söz çıxartmayasan. Vallah, o AMEA-nin 50 faizindən çoxu LƏĞV edilməlidir. Onlar ancaq gün keçirtməklə, büdcəni "əritməklə" dövranlarını sürürlər. O sırada başda Nazirlər Kabinetini də, digər qurumları da göstərmək olar.
Allahın Azərbaycan xalqına rəhmi gəlsin ki, biz belə absurd və məntiqsiz "elmi araşdırmaları" ərsəyə gətirən kifli beyinlərdən uzaq olaq. Sərt ifadəmə görə isə əsl elm adamlarından üzr istəyirəm. Bu sizlərə aid olmayan ifadədir. Elmi işlərlə ürəkdən dövləti və xalqı üçün çalışan bütün elm fədailərinə eşq olsun!
Formalistlərə və günkeçirməklə cəmiyyətin gözləntilərini doğrultmayan başlara isə çox ayıblar olsun.
 
Üzeyir Cəfərov, tanınmış hərbi ekspert,
Moderator.az saytının rus versiyasının redaktoru

Загрузка...
Загрузка...