Başı kəlağayılı, ağzı yaşmaqlı turizmimiz

Yay girəndən ölkədə daxili turizmin niyə inkişaf etməməsi barədə qızıl xırdalayırıq ha... Unudun onların hamısını. Yeni, xoruz səsi eşitməmiş nüanslar var ortada. BBC Azərbaycancanın araşdırmasını oxuyandan sonra öyrəndim və istərdim, onu sizinlə də paylaşım.
 
Demək həmkarlarımız araşdırıb ki, Bakıdakı bəzi otellərdə Azərbaycan pasportu olan vətəndaşların qalmasına izn verilmir. Jurnalistlərin əlaqə saxladıqları 3, 4 və 5-ulduzlu 30-dan çox otelin əksəriyyətində isə nikah şəhadətnaməsi tələb edildiyi məlum olub. Tələsməyin, burda bəla təkcə sənəd tələbində deyil. Ciddi ayrı-seçkilik faktından gedir söhbət.
 
Belə ki, 4-ulduzlu otellərdən birinin (“Alp İnn Hoteli”) nümayəndəsi Azərbaycan vətəndaşlarına qarşı eyni tələb irəli sürsə də, xarici qonaqlara qarşı belə bir tələbin olmadığını deyib. Digər 4 ulduzlu oteldə (“Altstadt”) nikah şəhadətnaməsi təqdim etməyən azərbaycanlı cütlüyün bir yerdə olmasa da, ayrı-ayrı otaqlarda qala biləcəyini deyiblər. Bir şərtlə ki, onlar “bir-birinin otağına keçməsin”.
 
Mərkəzdə yerləşən 3-ulduzlu otellərdən birində (“Araz”) isə nikah şəhadətnaməsini təqdim etməyən cütlükdə “qız əcnəbi olarsa” onların oteldə qalmasına icazə verilir. “Bunlar (azərbaycanlı oğlan və qız) başqa fikirlə istifadə edirlər oteldən, biz də oteldə narahatlıq olmasın deyə belə şəraitlər yaratmırıq” - “Sapphire” otelinin meneceri “yalnız xarici vətəndaş” tələbinin səbəbini izah edərkən deyib.
 
Turizm standartları, otelçilik, daxili turizmin inkişafı... hamısı gedib işinin dalınca. Adamlar yeni turizm standartları yaradıblar. Necə deyərlər, başı kəlağayılı, ağzı yaşmaqlı turizm. Ana-bacı söhbəti, tin razborkası, qardaş qeyrəti... Bu üç atributa əsasən daxili turizmin standartları müəyyənləşdirilib. Tətilə çıxanda kim üstündə nikah şəhadətnaməsi gəzdirir ki? Hesab edin ki, uşaqlarınızla getməmisiz, çaşıb həyat yoldaşınızla baş-başa bir tətil keçirmək arzusuna düşmüsüz. Və üstünüzdə nikah şəhadətnaməsi yox. Əllərinizlə divara dırmaşsanız da, bu namus-qeyrət dağarcıqlarına ər-arvad olduğunuzu sübut edə bilməyəcəksiz. Qaldınızmı yersiz-yurdsuz? Ya da ara yerdə bir otaq yerinə “ceyran belində” qiyməti olan iki otaq tutmaq zorunda qalacaqsız.
 
Qəbul edirəm ki, ölkədə fəaliyyət göstərən otellərin əxlaqsızlıq yuvasına çevrilməməsi üçün önləmlər alınmalıdır. Dəfələrlə oxumuşam ki, əxlaqsızlıqla məşğul olan şəbəkələrin bəzi otellərlə işbirliyi var, saat hesabı işləyirlər, faiz ödəyirlər. Bununla bağlı kriminal statistikada yüzlərlə xəbər yer alıb və alır. Amma bu problemin həlli belə olmamalıdır axı. Həmin otelləri bağlatdırmanın, cəzalandırmanın minlərlə yolu var. Onların arasında “əcnəbiyə olar, bizimkinə yox” prinsipi yer almamalıdır.
 
O hansı kitabda yazılıb ki, əcnəbi cütlük onların təbirincə desək, “başqa fikirlə oteldən istifadə etmirlər”? Əcnəbi cütlük otağa girəndə balışlarının arasına qılınc-filan qoyur? Bütün bəşəriyyət üçün o məlum “başqa fikir” anlayışının altında eyni əməllər yer almırmı? Conla Meloni onu Bakının otelində edəndə mentalitetə uyğundur, Fatma ilə Məmməd edəndə yox?
 
Fəlakətə bax e. Əgər qız əcnəbi, oğlan yerlidirsə, nikah şəhadətnaməsinə ehtiyac yoxmuş. Səyləriniz qırılsın, yenə eyni anormallıq. Dediyim kimi, Məmməd oteldə bu işi Marta ilə görə bilər, amma Fatma ilə yox. Demək, əsas məsələ Fatmanın namusunu qorumaqmış. Daha bir anormallıq. Necə yəni, azərbaycanlı cütlüyə ayrı-ayrı otaqlar verilir, amma bir şərtlə ki, bir-birinin otağına keçməsin? Haranın məntiqidir bu? Bəyəm otel otaqlarının qapısında yengələr dayanır? “Kim kimin otağına keçdi”nin monitorinqini aparan var? Axı bu, turist, istehlakçı hüquqlarının kobud şəkildə pozulması, hətta deyərdim, anasının ağladılmasıdır. Məqsəd bir otaq yerinə iki otağın pulunu almaqdan başqa bir şey deyil.
 
Digər tərəfdən, hüquqşünaslar da bar-bar bağırır ki, otellərdə müştərilərdən nikah şəhadətnaməsi, ümumiyyətlə,  şəxsiyyət vəsiqəsindən qeyri hansısa sənəd.... tələb edilməsi qanuna ziddir. İnzibati Xətalar Məcəlləsinin 601-ci maddəsinə əsasən otel müştəridən qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb etməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manata qədər cərimə olunur. Otellər özəl sahibkarlıq subyektidir. Turizm Nazirliyindən də bunu təsdiq edirlər. O zaman nədir bu kəbin mollası ədaları?
 
Bütün bu anormallıqlardan sonra siz yenə də “daxili turizm niyə inkişaf etmir” deyə sual verirsiz? Mən sual verməyi dayandırdım, faktları oxuyub feyziyab olmaqla məşğulam...
(musavat.com)
Yazar : Sevinc TELMANQIZI