"Başa düşə bilmirəm, "JEK"lər vacibdir, yoxsa səfirliklərimiz?"

 
 
Politika.Az Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının Milli Məclisin iclasındakı çıxışını sinxron olaraq oxuculara təqdim edir:
 
"Təkrar etməyə ehtiyac yoxdur ki, dünyada iqtisadi və maliyyə böhranı getdikcə dərinləşir. Təbii ki, dünya iqtisadi sistemində öz yerini müəyyənləşdirməyə çalışan bizim kimi ölkələr bu iqtisadi və maliyyə sistemində daha çox əziyyət çəkmək zorunda qalırlar. Ancaq üstün cəhətimiz bundadır ki, Azərbaycanın bu cür iqtisadi və maliyyə böhranından çıxmaq üçün geniş potensialı var və ortada ölkə prezidentinin iradəsi, onun peşəkar komandasının fəaliyyəti var. Bu amil heç şübhəsiz ki, qarşıdan gələn ildə Azərbaycanın maliyyə və iqtisadi böhrandan daha az itkilərlə çıxması üçün müəyyən nikbinlik yaradır. Mənə belə gəlir ki, bizim müəyyən çətinliyimiz əsasən 2017-ci ildə olacaq.
 
Burada hörmətli iqtisadiyyat naziri Şahin Mustafayevin vermiş olduğu məlumata görə, 2018-ci ildə Azərbaycanda bir çox sahələrdə nəzərdə tutulan sənaye müəssisələri artıq işləyəcək, təbii ki, bu da ölkənin büdcəsinə ciddi maliyyə axınını təmin edəcək. Bu baxımdan mən prosesə nikbin yanaşıram və fikirlərimi bədbin notlar üzərində qurmaq niyyətində deyiləm.
 
İqtisadi və əhalinin sosial müdafiəsində, təhsildə, kənd təsərrüfatında, gömrük və vergi sistemində aparılan islahatlar da özünün müsbət nəticələrini verməkdədir. Əminəm ki, bu müsbət nəticə də 2017-ci ildə ölkəmizdə xoşagəlməz situasiyanın yaranmasına imkan verməyəcək.
 
Bütün bunlarla bərabər bir sıra fikirlərimi hörmətli hökümət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Burada hər zaman söylənilib və ölkə prezidentinin də qarşıya qoyduğu ən mühüm vəzifə qeyri-neft sektorunun inkişafıdır. Mənə belə gəlir ki, qeyri-neft sektorunun inkişafında ən mühüm sahələrdən biri kimya sənayesidir. Kimya sənayesinin bundan sonra da inkişafına ciddi diqqət yetirilməlidir və Azərbaycan təkcə öz ehtiyaclarını qarşılamaq deyil, həm də yaxın ətrafındakı ölkələri kimya məhsulları ilə təmin etmək üçün böyük potensiala malikdir. İkinci mühüm sahə təbii ki, kənd təsərrüfatıdır, aqrar sektordur. Aqrar sektora son illərdə ciddi əhəmiyyət verilir və son dövrlər kənd təsərrüfatında aparılan davamlı islahatlar by sahənin inkişafına xüsusi təkan verəcək. Buna görə də bu gün kənd təsərrüfatının maliyyə dəstəyinə çox böyük ehtiyac var. Gələn il üçün nəzərdə tutulan büdcədə kənd təsərrüfatının inkişafı üçün cəmi 35 milyon manat pul ayrılıb. Bu vəsaitlə gübrə və texnikanın alınması kifayətdir. Amma fermer təsərrüfatlarının yaradılması və onların inkişafını təmin etmək üçün kreditlərinin verilməsi üçün hər hansı bir vəsait ayrılmayıb. Onu da nəzərə almalıyıq ki, sahibkarlığa kömək milli fondunda bu vəsait nəzərdə tutulmayıb.
 
Digər tərəfdən nəzərə almalıyıq ki, bu gün Azərbaycanda bank sistemi çöküb, iflic vəziyyətindədir, artıq sahibkarlara kredit vermək imkanları yoxdur. Əgər kredit verilmirsə və büdcədə də sahibkarlara kreditin verilməsi nəzərdə tutulmaylıbsa biz o zaman sahibkarlığı necə inkişaf etdirə bilərik? Hesab edirəm ki, hökümət bu suallar ətrafında müəyyən dərəcədə düşünəcək və optimal yollar tapacaq.
Mən xüsusi olaraq qeyri-neft sektorunun inkişafında nəqliyyat sisteminin inkişafının vacib rolunu qeyd etmək istəyirəm. Bakı Beynəlxalq Dəniz Limanının tikintisi ilə bağlı ciddi işlər görülür, lakin onun başa çatdırılması ləngiyir. Nəzərə alsaq ki, Qərbdən Şərqə, Şimaldan Cənuba keçən tranzit yollarının ən əhəmniyyətli hissəsi Xəzər dənizindən keçir, yüklərin daşınmasının çox böyük perspektivləri var, nəzərə alsaq ki, bu liman özünün bütün gücü ilə işləsə, ildə 13-14 milyon ton yükün daşınmasını həyata keçirmək olar, bu da Azərbaycana əhəmiyyətli dərəcədə valyuta gətirəcək, o zaman bu sahəyə əlavə kapital qoyuluşunun vacibliyi göz önündə canlanar. Eyni zamanda Xəzər dəniz Gəmiçiliyinə yeni gəmilərin və bərələrin alınmasına da çox ciddi ehtiyac var və bu reallıqlar növbəti büdcə sistemində nəzərə alınmalıdır.
 
Həmkarım Qüdrət Həsənquliyev dəmir yoluna toxundu. Demək istərdim ki, dəmir yolunda xüsusən də son il yarımda gedən proseslər hamımızın gözünün qabağındadır. 10 ildə görülməyən işlər artıq il yarımda həyata keçirilib. Bu gün Bakıdan başlamış ta Gürcüstanın sərhəddinə qədər dəmir yolunun bütün infrastrukturu yenidən qurularaq ən müasir səviyyəyə çatdırılır, Sumqayıta işləyən yeni elektrik qatarları əhalinin rahat mənzil başına çatdırılmasına öz töhfəsini verir, Astaraya qədər də işlər sürətlə görülür və bu da Şimal-Cənub yükdaşımalarında mühüm rol oynayacaq. Lakin bunlar kifayət etmir. Əgər bu gün dəmir yolu sisteminin başında duran bizim hörmətli həmkarımız Cavid Qurbanov bu cür gərgin işləyirsə, təbii ki, biz yalnız sözlə ona dəstək verməklə kifayətlənməməliyik. Bu sahənin inkişafı üçün ona ciddi maliyyə dəstəyi lazımdır. Yeni vaqonlar, teplovoz və elektrovozlar alınmalıdır, müasir avadanlıqlar ölkəyə gətirilməlidir. Amma gələn ilki büdcədə bütövlükdə nəqliyyat sisteminə vur-tut 98 milyon manat pul ayrılıb. Bu məbləğlə bütün bu işlərin həyata keçirilməsi mümkündürmü? Düşünürəm ki, mümkün deyil. Bunu da hökümət nəzərə almalıdır.
 
Mənzil kommunal təsərrüfatına 302 milyon manat pul ayrılıb. Mənzil kommunal təsərrüfatı əslində özəlləşdirilmiş vəziyyətdədir. İndi siz təsəvvür edin ki, 302 milyon manat bu sistemə ayrıldığ halda sahibkarlığa bir manat ayrılmır. Xarici İşlər Nazirliyi sisteminə isə vurt-ut 220 milyon manat ayrılıb və maliyyə çatışmazlığı səbəbindən bir neçə səfirliyimizn də bağlanması gözlənilir. Başa düşə bilmirəm, mənzil kommunal təsərrüfat sistemi vacibdir, yoxsa beynəlxalq aləmdəki fəaliyyətimiz? Təkrar strukturlar ləğv edilməli və birləşdirilməli, oradan əldə edilən vəsaitiin özü büdcənin digər ehtiyaclarına yönəldilməlidir.
 
Sözümün sonunda hökumətə belə bir təklif də vermək istəyərdim ki, məncə ölkənin idarəçilik sistemində rayonlar ləğv olunmalı və biz daha çevik bir quberniya idarəçilik sisteminə keçməliyik".

Загрузка...
Загрузка...