Baş redaktor Prezidentə və Məhkəmə Hüquq Şurasına müraciət etdi

 
İkram Rafiqoğlu: “Sumqayıt şəhər məhkəməsinin sədri Zeyqəm Hüseynovun və hakiminin səs yazısı var və bu fakt onların hansı yolla qərarlar qəbul etdiyinin sübutudur”
 
Artıq 3 aydır ki, Realliq.info saytının baş redaktoru İkram Rafiqoğlu Sumqayıt şəhər məhkəməsinin qanunsuz ittihamları əsasında təqib olunur. Məhkəmənin sədri Zeyqəm Hüseynov və hakim İlyas Mahmudov heç bir əsas olmadan xüsusi tapşırıq əsasında baş redaktora qarşı xüsusi ittiham qaydasında şikayəti icraata götürərək cinayət təqibinə başlamışlar. Lakin xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan yazı “Hürriyyət” qəzetində dərc olunsada məqalənin müəllifi İkram Rafiqoğlu deyil və Rəşad adlı yazardır.
 
 
Məhkəmə prosesləri zamanı məlumatın yayıldığı “Hürriyyət” qəzeti ilə ittihamçı tərəf arasında razılaşma əldə ounub və xüsusi ittiham qaydasında şikayətdə qəzetdən olunan şikayət geri götürülüb. Buna baxmayaraq Sumqayıt məhkəməsinin hakimi İlyas Mahmudov sədr Zeyqəm Hüseynovun tapşırığı ilə öz qanunsuz əməllərini davam etdirərək “Realliq.info” saytının baş redaktoru İkram Rafiqoğlunu ittiham etməkdə davam edir. Maraqlıdır ki, müəllifi olmadığı yazıya görə ittiham olunan baş redaktorun etirazları qəbul olunmur və məhkəmənin sədri Zeyqəm Hüseynov onu barışmağa və hazırda şəhərdə baş verənlərlə bağlı yazıları dayandırmağı təklif edir. İkram Rafiqoğlu isə baş verən qanunsuzluqla bağlı məhkəmə heyətinə və xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsinə etiraz edir. Etirazı ilk öncə qəbul edən məhkəmə heyəti Sumqayıt Apelyasiya məhkəməsinə göndərdiyi şikayət bir gün içində geri qaytarılır və bu gün saat 15-00 da şəhər məhkəməsində növbəti, sonuncu proses təyin edilib. Məsələ ilə bağlı baş redaktorun fikirlərini öyrəndik. İkram bəy hazırda xüsusi ittiham qaydasında məhkəmə tərəfindən icraata götürülən işin ona aidiyyatı olmadığını, “Hürriyyət” qəzetində dərc olunan məqalənin müəıllifinin başqası olduğunu və qəzetin deyil onun məhkəmədə təqsirləndirilən şəxs kimi iştirakının tələb olunmasını anlamadığını bildirdi: “Əslində anlamırdım ki, bu məhkəmə prosesinin mənə nə aidiyyatı var. Lakin, Sumqayıt şəhər məhkəməsinin sədri Zeyqəm Hüseynov və İlyas Mahmudovla birincinin otağında görüşüb söhbət edəndən sonra anladım ki, sifariş və ya tapşırıq “yuxarıdan” gəlib. Hakimə və Zeyqəm Hüseynova başa sala bilmirəm ki, yazının müəllifi mən deyiləm və xüsüsi ittiham qaydasında şikayəti icraata götürərkən qanunlar kobud şəkildə pozulub. Zeyqəm Hüseynov – bizim əlimizdən heçnə gəlmir - dedikcə onun nə qədər məzlum bir durumda olduğunu, qocalığın ona güc gəldiyini və savadsızlıqdan gülünc durumda olduğunu anladım. Bu şəxs məhkəmədə heç bir prosesə baxmır və şəxsi maraqlarını, dostu və yaxınlarda Məhkəmə Hüquq Şurası tərəfindən töhmət alan hakim İlyas Mahmudovun vasitəçiliyi ilə həyata keçirir. Məhkəmənin sədri Vüqar Qələndərov adlı şəxsi müdafiə edir. Halbuki, həmin şəxsin qanunsuz əməlləri Vergilər nazirliyi tərəfindən aparılmış yoxlamaların nəticəsi olaraq aktlaşdırılıb və sənədlər məhkəməyə təqdim edilib. Vüqar Qələndərovun prosesdə heç kim olduğunu bildirən Zeyqəm Hüseynov tapşırığın yuxarıdan gəldiyini iddia edir. Və məhkəmə sədri mənə - Zakir Fərəcovla barış bu iş bitsin, yoxsa səni həbs edəcəyəm – deyir. Ölkənin qanunlarını ayaq altına alan Zeyqəm Hüseynovun və hakim İlyas Mahmudovun otaqlarında baş verənlərin səs yazısını yaxın zamanda medianın ixtiyarına verəcəyəm”.
 
Onu da qeyd edək ki, Sumqayıt şəhər məhkəməsinin sədri Zeyqəm Hüseynovun və hakim İlyas Mahmudovun baş redaktora qanunsuz təklifləri ilə bağlı səs yazısı var və yaxın zamanda həmin audio yazını diqqətinizə çatdıracağıq.
 
Realliq.info-nun baş redaktoru icra başçısı Zakir Fərəcovun təzyiqi və tapşırırğı ilə Sumqayıt Apelyasiya məhkəməsindən geri qaytarılan xüsusi ittiham qaydasında şikayəti yenidən baxılması üçün qanunsuz qəbul edən və bir gün içində məhkəmə prosesini təyin edən məhkəmənin hakimindən Prezident İlham Əliyevə və Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq.
 
 
 
 
Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudovun Bakı şəhəri Nərimanov rayonu ərazisində yayılmış məqaləyə görə səlahiyyət həddini aşıb xüsusi ittihamçı tərəfindən imzalanmamış xüsusi qaydasında şikayəti icraatına qəbul etməsi və digər qanunsuz hərəkətlərindən
 
ŞİKAYƏT
 
(İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı və 10-cu maddələrinə o cümlədən həmin maddələrin tətbiqi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğun olaraq)
 
1.           Diqqətinizə çatdırım ki, mən araşdırmaçı jurnalistəm və böyük təcrübəyə malikəm və Hörmətli Prezidentin tapşırıq və tövsiyələrinə məhəl qoymayan bəzi məmurların korrupsiyaya yol verdikləri halları aşkar edib xalqın diqqətinə çatdırıram.
 
2.           Müxtəlif tarixlərdə “Hürriyyət” qəzetində müəllifliyimlə Sumqayıt şəhərində baş verən qanunsuzluqlarla bağlı məqalələrim dərc olunub. Həmin məqalələrin dərcindən sonra Zakir Fərəcov və onun sözləri ilə oturub-duran Qələndərov Vüqar Rəsul oğlu mənə qarşı qərəz aparmağa başlamışlar.
 
3.           07 iyun 2016-cı il tarixdə “Hürriyyət” qəzetində ““Əli-94” TİCARƏT MƏRKƏZİNDƏ 1,4 MİLYON MANATLIQ YEYİNTİ – SUMQAYIT ŞƏBƏKƏSİNİN ÇÖKÜŞÜ BAŞLADI” başlığı ilə dərc olunan məqalənin müəllifi mən deyiləm və müəllifi olmadığım yazıya görə ittiham olunmağım Sumqayıt şəhər məhkəməsinin qanunsuz fəaliyyətinə sübutdur.
 
4.           Vuqar Qələndərovun Sumqayıt icra başçısı Zakir Fərəcovla şərik olması ikincinin “ilanı seyid Əhməd əli ilə tutmasına" bənzəyir.
 
5.           Məqalədə sözü gedən firmanın vergidən yayınması və digər cinayət faktları barədə məlumatlar vardır. Hansı ki, həmin məlumatlar səyyar vergi yoxlaması, xronometraj metodu ilə müşahidə etmə və digər üsullarla rəsmi təsdiqini tapıb.
 
6.           Bundan sonra Qələndərov Vüqar Rəsul oğlu Sumqayıt Şəhər Məhkəməsi ilə qanunsuz sövdələşərək, xüsusi ittiham qaydasında şikayət heç bir halda həmin məhkəməyə aid olmadığı halda xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və hakim İlyas Mahmudov xüsusi ittiham qaydasında şikayəti (müəllifi olmadığım yazını) qanunsuz olaraq icraata qəbul etməklə mənə qarşı qanunsuz təqibə başlamışdır.
 
7.           Belə ki, xüsusi ittiham qaydasında şikayət xüsusi ittihamçı tərəfindən deyil onun nümayəndəsi tərəfindən imzalanmışdır. Halbuki, xüsusi ittiham qaydasında şikayəti başqasını cinayətdə ittiham edən ifadə əhəmiyyəti daşıdığından yalnız xüsusi ittihamçının özü tərəfindən imzalanmalı idi. Mənə təqdim edilmiş ön səhifəsi sədr Zeyqəm Hüseynov tərəfindən imzalanaraq baxılması üçün İlyas Mahmudova verilən xüsusi ittiham qaydasında şikayəti xüsusi ittihamçının imzalamamasını hakimə dedikdən sonra o, artıq icraatına qəbul etdiyi xüsusi ittiham qaydasında şikayəti 3-cü baxış iclasında xüsusi ittiham qaydasında şikayəti qanunsuz olaraq xüsusi ittihamçıya da imzalatdıraraq bu qanunsuluğunu gizlətməyə çalışmışdır. Hələ bu azmış kimi, məni də təqib edir ki, məndə olan xüsusi itihamçı tərəfindən deyil nümayəndəsi tərəfindən imzalanmış şikayəti ona geri qaytarım.
 
8.           Xüsusi ittiham qaydasında şikayətdə mən dosye.az internet portalında verilən yazıya görə ittiham edilir və onun əməkdaşı olmaqda ittiham edilirəm. Halbuki, mən heç vaxt dosye.az internet portalının əməkdaşı olmamış və orada yazı yazmamışam. Həmin internet portalı mənim müəllifi olmadığım yazını özü yayıb və məni ona görə məsuliyyətə cəlb ediblər.
 
9.           CPM-in 302.3.1. və 293.3.1.-293.3.7. maddələrinə əsasən xüsusi ittihamda aşağıdakılar göstərilməlidir.
 
10.         293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi);
 
11.         293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği);
 
12.         293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi;
 
13.         293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi;

14.         293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş;
 
15.         293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer;
 
16.         293.3.7. şikayəti vermiş şəxsin imzası.
 
17.         Xüsusi ittiham qaydasında şikayətdə mənim ünvanım, soyadım, nə-vaxt harada anadan olmağım, hazırkı iş yerim və ən əsası cinayətin harada nə vaxt törədildiyi, bunun hansı sübutlarla sübut olunması barədə heç bir məlumat yoxdur və xüsusi ittiham qaydasında şikayəti CPM-nin 293.3.7-ci maddəsinə əsasən mütləq xüsusi ittihamçının özü imzalamalı olduğu halda xüsusi ittiham qaydasında şikayəti ancaq nümayəndə imzalayıb. Qeyd edilməlidir ki, xüsusi ittiham qaydasında şikayətin CPM-nin 293-cü maddəsinə uyğun olması həmin xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilənədək olmalıdır. Hakim İlyas Mahmudovun həmin xüsusi ittiham qaydasında şikayətə sonradan dəyişikliklər etməsi CPM-nin 318.1-ci maddəsinin də pozulmasıdır.
 
18.         Həmçinin qeyd edilməlidir ki, məhkəmə iclaslarında xüsusi ittiham qaydasında şikayətdə göstərilmiş məqalələrə görə deyil sonradan yazdığım məqalələrə görə ittiham edilirəm və hakim həmin məqalələri iş materiallarına əlavə edərək xüsusi ittiham qaydasında şikayətdə göstərilmədiyi halda və CPM-nin 318.1-ci maddəsini pozaraq ittihamdan kənara çıxır.
 
19.         Hakim İlyas Mahmudov xüsusi ittiham qaydasında şikayətdə qanunsuzluğu aşkar etdikdən sonra mənə heç bir məhkəmə sənədini hətta məhkəmə hazırlıq iclasının, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi barədə qərarını verməyib.
 
20.         AR Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
 
21.         Hakim 3- cü prosesdə bildirir ki, guya “Hürriyyət” qəzeti ittihamçı tərəflə razılaşıb və işə Sumqayıt şəhər məhkəməsində baxılmasına etiraz etmir. Hakim cinayət işləri ilə mülki işləri tamamilə qarışdırıb və elə zənn edir ki, cinayət işlərində də təqsirləndirilən şəxsin məhkəməni seçmək hüququ vardır.
 
22.         Qanun isə bu işə Sumqayıt şəhər məhkəməsində işə baxılmasını birmənalı olaraq qadağan edir. Belə ki, CPM-nin 74.1.-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksına aid olan birinci instansiya məhkəməsində baxılır.
 
23.         CM-nin 147 cə 148-ci maddələrində göstərilən cinayət əməlləri maddi tərkibli cinayət olduğundan məlumatın yayıldığı andan cinayət bitmiş hesab edilir.
 
24.         Əgər ortada bir cinayət varsa onun harada törədildiyi və məhkəmə aidiyyəti dəqiq müəyyən edilməlidir ki, hakimlər xüsusi ittihamçılarla və ya hər hansı bir şəxslə qanunsuz əlaqəyə girib onlara aidiyyəti olmayan işlərə baxmasınlar.
 
25.         Cinayətin törədilidyi yer (əgər cinayət var idisə) Hürriyyət qəzeti Bakı şəhəri Nərimanov ərazisində yerləşir və dərc olunur, yazı dərc olunmuş internet portalı isə Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşir. Belə olduğu halda Sumqayıt şəhər məhkəməsi ərazi aidiyyətı (məhkəmə aidiyyətı) qaydalarını kobud şəkildə pozaraq işi icraatına qəbul etməsi tamamilə əsassızıdr.
 
26.         Halbuki CPM-nin 75-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir.
 
27.         Məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir.
 
28.         Məhkəmə qəzetdə yayılmış məlumatların böhtan və təhqir hesab edilməsi ilə bağlı xüsusi ittiham qaydasında şikayətə baxması ilə, Aliment işləri arasında fərq qoya bilməyib. Məhkəmə elə bil xüsusi ittiham qaydasında şikayətə deyil aliment işinə baxır və məhkəmə aidiyyətini iddiaçının yaşadığı yerə görə müəyyən edir.
 
29.         Halbuki cinayət prosesində məhkəmə aidiyyətının pozulmasına qəti olaraq yol verilmir və qanunun birmənalı mövqeyi ondan ibarətdir ki, işə cinayət baş verdiyi ərazinin məhkəməsi baxmalıdır. Burada isə konkret olaraq məhkəmənin xüsusi ittiham qaydasında baxdığı işə məlumatlar Nərimanov və Yasamal rayonunun ərazisində yayıldığından Sumqayıt şəhər məhkəməsi qanunla müəyyən edilmiş qaydada işə baxmaq və hökm çıxarmaq kimi səlahiyyətlərə malik deyildir. Beləliklə işə səlahiyyətsiz məhkəmə tərəfindən baxılır və bu qanun pozuntusunu hakim bilərəkdən davam etdirir.
 
XAHİŞ EDİRƏM
 
Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun və həmin məhkəmənin hakimi İlyas Mahmudovun barəsində intizam icraatının başlanılmasına və onun intizam məsuliyyətinə cəlb edilməsinə, xüsusi ittiham qaydasında şikayətin aidiyyət qaydaları pozulmaqla Sumqayıt Şəhər Məhkəməsində icraata götürülməsi ilə bağlı sədr Zeydəm Hüseynov, hakim İlyas Mahmudovun və Zakir Fərəcov - Vüqar Qələndərov cütlüyünün əməlində cinayət tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarsinə müraciət olunmasına və mənə qarşı qanunsuz başladılan xüsusi ittiham qaydasında cinayət işi üzrə icraata xitam verilməsinə göstəriş verəsiniz.
 
 
Hörmətlə: İkram Rafiq oğlu Rəhimov
Əlaqə telefonu: 050 322 11 24

Загрузка...
Загрузка...