Baş redaktor: “Məqsədimiz bacarıqlı uşaqların istedadını üzə çıxarmaqdır”

 
“Çoxunuzda sual yarana bilər ki, bütün məlumatları internetdən əldə etməyin mümkün olduğu bir vaxtda qəzet yaratmaq ideyası hardandır. Əslində biz məktəbliləri qismən də olsa, yəni bacardığımız qədər internetdən, sosial şəbəkələrdən uzaq tutmaq üçün bu qəzeti yaratmaq qərarına gəldik. Güman edirik ki, bu yolla uşaqlarda çap məhsullarına maraq yarada biləcəyik”.
 
Bunu İntellekTimes qəzetinin təqdimat mərasimində qəzetin baş redaktoru Bənövşə Məmmədova bildirib.
 
Mərasimdə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri və orta məktəb direktorları iştirak ediblər.
 
Tədbirdə çıxış edən B.Məmmədova tədbir iştirakçılarına qəzet barədə məlumat verib: “İntellekTimes 2 dildə - Azərbaycan və rus dillərində 8 səhifəlik qəzetdir. Qəzet 7-17 yaş arası şagirdlər üçün nəzərdə tutulub. Ayda bir dəfə çap olunur. Qəzeti yaratmaqda məqsədimiz məktəblilərin intellektual səviyyələrini, dünyagörüşlərini, maraq dairələrini artırmaq, bacarıqlı uşaqların istedadını üzə çıxarmaqdır.
 
Hazırda İntellekTimes qəzeti Bilik Fondu ilə əməkdaşlığa başlayıb. Gələcəkdə məktəblilərlə bağlı müsabiqələr, maraqlı layihələr nəzərdə tutmuşuq. İstedadlı uşaqlarla müsahibələr edəcəyik, onların kreativ ideyalarını qəzetimizdə işıqlandıracağıq. Bu istiqamətdə qəzet onlara dəstək olacaq”.
 
Tədbirdə çıxış edənlər İntellekTimes qəzetinin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində faydalı olacağını deyiblər.