​Baş redaktor: "KQB-nin icazə verdiyi müğənni…"

 
Son günlər Xalq artisti Flora Kərimovanın SSRİ Xalq artisti, millət vəkili  Zeynəb Xanlarovanın sənəti haqqında səsləndirdiyi  fikirlər cəmiyyətdə geniş rezonansa və müzakirəyə səbəb olub.
 
Turkustan.info xəbər verir ki, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Feysbuk səhifəsində mövzu ilə bağlı qeydlərini yazaraq F.Kərimovanın mövqeyini müdafiə edib:
 
Hamı deyir: “Filankəs böyük sənətkardır. Türk dünyasının fəxridir. Nə bilim?! Azərbaycanı dünyada elə tanıdıb, belə tanıdıb. 70 il mövcud olmuş qurama bir ölkənin Sovet xalqı adlanan “xalq”ının artistidir. Elə nəhəngdir, belə həşəmətlidir-filan. Ancaq heç kimin telefonunda, ya ümumiyyətlə, musiqi menyusunda o “nəhəng” müğənninin bir dənə də mahnısı yoxdur. Özləri Flora Kərimovaya qulaq asırlar, ancaq deyirlər ki, filankəs çox böyük sənətkardı. Səhv etmirəmsə, Xruşşov haqda lətifədir. Bir şəhərə gəlir, orda bir heykəl görür. Soruşur ki, bu kimdir? Deyirlər ki, Puşkin. Deyir: “Qəribədir, “Mumu”nu Turgenyev yazıb, heykəli Puşkinə qoyublar. İndi bizdə bunun əksidir. Gündəlik dinlədiyin, sevdiyin sənətçiyə deyil, qulaq asmadığın, ancaq təbliğatı mötəbər yerdən gələn adama nəhəng deyirsən.
 
Bir az dürüst olmaq lazımdır; o SSRİ xalq artistinə axırıncı dəfə nə zaman qulaq asmısınız?! Ancaq Floranın sənəti göz önündədir, hər gün qulaqlarımızda səslənir. Mən şəxsən Müslüm Maqomayevi və Rəşid Behbudovu çıxmaqla qalan SSRİ xalq artistlərinin sənətini o dərəcə yüksək sənət saymamışam. Sovetlər Birliyi qurama dövlət olsa da, böyük dövlət idi. Təbliğat maşını da çox nəhəng idi. O maşınla istənilən müğənnini əzmək də, nəhəng sənətkar elan etmək də asan idi. O zaman dünyanı gəzmək və Azərbaycanı “tanıtmaq” üçün Dövlət Təhlükəsizliyi Komitəsinin seçib icazə verdiyi müğənnilər var idi. O müğənnilərə DTK səhnədə oynamağa da, şalvar geyməyə də, konsert vaxtı tamaşaçıların arasına – salona düşməyə də, kulisdə tamaşaçılarla görüşməyə də icazə verirdi. Çünki SSRİ DTK üçün o konsertlərdə o tamaşaçılar- SSRİ-də yaşayan xalqların xaricdəki diasporası haqda qiymətli informasiyalar vardı. Ona görə də SSRİ-də yaşayan bütün xalqların seçilmiş sənət adamlarına belə şərait xüsusi olaraq yaradılırdı. Qaldı Flora xanımın dediklərinə, bunun doğru olduğunu da hər kəs bilir. Ancaq “filankəs çox nəhəngdir” deyə təsdiq etməkdən qorxurlar. Tutaq ki, Flora xanımın dediyi səhvdir. Amma gəlin baxaq. Bəzi “nəhəng” elm, sənət adamları, yazıçılar-filan gözümüzü açandan deputatdır, ölkə rəhbəri ilə görüşür, dövlət qurumlarında sözü keçir, bəzi istisnalarla nə zaman xalqın sözünü deyiblər? Hər yeni gələn rəhbərə yol tapıb, yenə iqtidarda kim olursa-olsun “nəhəng”, sevimli olaraq qalıblar. Bu, din xadimlərinə də aiddir. Hər gün həyatını, gələcəyini risqə qoyan jurnalistlər o “nəhəng”lərdən daha artıq millət sözü deyib, vətəndaş mövqeyi göstərib. Başqa dostlarımla yanaşı, jurnalist məsləkdaşlarıma xüsusi olaraq deyirəm: klişelırlə düşünməyək, dağılmış bir qurama dövlətin nimdaş təbliğat qəliblərindən çıxmış tezislərdən əl çəkək. Kimin hələ xəbəri yoxdursa, məlumat verirəm: SSRİ dağılanda doğulmuş uşağın indi 25 yaşı var! O dövlət dağılıb 25 il qabaq… Kimsə kimin üçünsə gözəl sənətkar ola bilər ( Zövq məsələsində mübahisə etmirlər). Ancaq bu, onun haqqında tənqidi fikir deyəni linç etməyə əsas vermir. Şəxsən mən Flora Kərimovanın sözlərinin tamamilə qəribçiliyə salınmasını neobolşevizmin təzahürü sayıram. Münaqişədən qorxmayın. Cəmiyyətin inkişafı konfliktlərdən və onların ədalətli həllindən keçir.
 
Yeri gəlmişkən, SSRİ-də politologiya elmini qadağan etmişdilər. Konfliktologiya ilə isə DTK-nın qapalı tədqiqat institutları məşğul olurdu. Çünki totalitar bir rejim idi; dövlət hamının əvəzindən düşünürdü. Gerçəkdən böyük yazıçı olan Çingiz Ayrmatov Sovet təbliğat maşını haqda ironiya ilə belə demişdi: “Sovet İttifaqında hətta təbii fəlakətlər də…gözəldir”.