Baş Qərargah rəisi istintaqa danışdı – Şok dialoq

 
 
Türkiyədə baş verən uğursuz hərbi çevriliş cəhdi zamanı girov götürülən Baş Qərargah rəisi Hulusi Akar istintaqa ifadəsində general Məhməd Dişli ilə aralarında olan dialoqu danışıb.
 
Axar.az xəbər verir ki, baş qərargah rəisi onu Fətullah Gülənlə görüşdürmək istəyən generalın da adını açıqlayıb.
 
“Məhməd Dişli yanımda oturub həyəcanlı, mənə tanış gələn və alışdığım tondan fərqli bir şəkildə “komandirim, əməliyyat başlayır, az sonra görəcəksiniz. Hər kəsi götürəcəyik, taborlar, briqadalar yola çıxıb”, - dedi. Öncə başa düşmədim. Ola bilsin ki, cümlə içində təyyarə sözünü işlədib. Ancaq bunun bir etiraz olaraq ifadə edə biləcəyim bir əməliyyat olduğunu anladım və hiddətlə “Sən nə danışırsan, nə əməliyyat, sən manyaksanmı, əsla” deyərək bağırdım.
 
Arxam qapıya tərəf olduğu üçün qapının açıq olub-olmadığını görə bilmədim. Müavinimin və digər komandanların harada olduğunu soruşdum. O isə “həyəcanlanmayın, rahat olun, gələcəklər”, - dedi.
 
“Mənim sənlə, başqası ilə, bu cür işlərin içində olan başqa adamlarla əlaqəm ola bilməz. Bu nə tərzdir mənimlə danışırsan, bunlar kimdir, siz kimsiniz”, - suallarını tez-tez verirdim. Onun bu halına çox əsəbiləşmişdim. Nəticə olaraq getdikləri yolun səhv olduğunu, böyük bir bataqlığa düşdüklərini, bunun cəzasını çəkəcəklərini, heç olmasa kişilik göstərib başqalarını bu işə bulaşdırmadan və ölüm-qalım olmadan bu işi sona çatdırmalarını istədim. Ancaq yola gətirə bilmədim. O mənim hiddətlə danışığıma rəğmən, özünü çox sakit aparırdı”.
 
Hulusi Akar general Hakan Evrimin onu Gülənlə görüşdürmək istədiyini də sözlərinə əlavə edib.