​Baş nazirin müavinləri istefaya göndərilir - Siyahı

Sentyabrın 26-da keçiriləcək olan Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bitdikdən sonra prezident Nazirlər Kabinetinin indiki tərkibini istefaya göndərəcək. Baş nazirin 6 müavini postu ləğv ediləcək. Bu barədə Turaninfa.az millixeber.com-a istinadən hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
 
Mənbənin bildirdiyinə görə, referndumdan sonra vitse-prezidentlik institutunun yaradılması gözlənilir: Vitse-prezidentlik təsisatı yaradıldıqdan sonra Nazirlər Kabinetinin indiki statusu da dəyişdiriləcək. Bu formatda baş nazirin müavini postları ləğv ediləcək, onların funksiyaları vitse-prezidentlərə ötürüləcək. Yalnız baş nazir və onun köməkçiləri ştatları saxlanılacaq. Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatı işlək institut olacaq və cari idarəetmə ilə məşğul olacaq. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı layihə artıq hazırdır və refendumdan sonra ictimaiyyətə açıqlanacaq.
 
Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb - 71 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 73 yaş (1943), Əli Həsənov 68 yaş (1948), Abid Şərifov 76 yaş (1940), Əli Əhmədov 63 yaş (1953), İsmət Abbasov 62 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 81 yaşı var (1935).
 
Mənbənin sözlərinə görə, müavinlərin çoxu pensiyaya göndəriləcək, bəziləri isə (Əli Əhmədov və Əli Həsənov) yeni kabinetdə yer alacaq.
 
Yada salaq ki, Əli Əhmədov həm də YAP-ın icra katibi, Əli Həsənov isə Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir.