Baş nazir kim olacaq? - təfsilat

Azərbaycanda baş nazir postuna ehtiyac varmı?
Neçə illərdir ölkəmizi bir problem düşündürür: baş nazir kim olacaq? 2003-cü ildə Konstitusiyaya edilən dəyişikliyə görə baş nazir postunun Prezidentdən sonra 2-ci önəm daşıması post uğrunda mübarizəni və seçimin özünü də aktual edir.
İqtidar çalışır ki, bu posta elə adam otursun ki, ambisiyası olmasın, fürsət düşən kimi 1-ciliyə can atıb, idarəçiliyi, ölkəni ələ keçirmək fikrinə düşməsin.
Bax, neçə ildir iqtidar belə lazım gələndə (!) “xəstələnən”, istefasını yazan baş nazirliyə namizəd axtarışındadır. Bu isə onsuz da formal olan baş nazirlik postunu faktiki formal quruma çevirib. Bir yandan da iqtidardakı iki nəhəng qruplaşma post uğrunda açıq - gizli savaşdadır.
Naxçıvan qruplaşması ilə “Ərdəbil” qruplaşması arasında hökumətə başçılıq uğrunda savaşda kim udacaq?
Bəri başdan deyək ki, heç bu quruma ehtiyac da yoxdur. Nədən Prezident Konstitusiyaya görə icra hakimiyyətini həyata keçirdiyindən hökumətin də faktiki başçısı özüdür.
Ümumiyyətlə, prezident hakimiyyəti olan ölkələrdə baş nazir postu olmur. Fikrimizcə, Prezident struktur dəyişikliyi edərək bu postu ləğv edib və vitse - prezidentlik institutu təsis edəcək. Onsuz da özü həm dövlət başçısıdır, həm də hökumət başçısı.
Baş nazir Artur Rasizadənin Prezidentin fərmanlarına uyğun qərarlar imzalamasından başqa hansı işi gözə çarpır?
Özü də qərarların icrasına nəzarət də edilmir! Neçə illərdir aztəminatlı kateqoriyanın, əlil - şəhid ailələrinin qanpulunu, müavinətlərini elə Nazirlər Kabinetinin (NK) adından mənimsəyirlər, xidmət qurumları (“Azəriqaz”, “Azəristilik”, “Azərişıq” , “Azərsu”, “Aztelekom” və s. ) NK - nın qərarlarını ciblərinə uyğun izah və tətbiq edib vətəndaşları xidmətdən məhrum edirlər, hökumət, baş nazir susursa və tədbir görmürsə, bu qurum əhalinin nəyinə lazımdır?
Ölkədə çox acınacaqlı, deyərdik, dəhşətli durum yaranıb: nazirliklər, qurumlar, hətta məhkəmələr NK - nın qərarını yanlış təfsir edərək Prezident fərmanından, qanundan üstün qüvvəli olduğunu qət edirllər! Axı, bu ən azı Konstitusiyaya ziddir, sayğısızlıqdır !
Baş nazir postuna dəfələrlə bir neçə namizədin adı hallansa da, son çağlar namizədlər siyahısına ölkənin baş dəmiryolçusu Cavid Qurbanovun da adı qatılsa da, gerçəklik və ölkədəki mövcud situasiya tam gözlənilməz addımın atılacağını istisna etmir. Nəqliyyat naziri Ziya Məmmədovun lap öncələrdən təmiz reputasiyasının olmaması, indi isə faktiki portfelsiz nazirə çevrilməsi, rəhbəri olduğu qurumun müfəttişlərinin sadə insanları taksiçiləri, maşın yiyələrini yolun ortasında sürümələri, döyüb - öldürmələri faktı onun bu posta şanslarını heçə çıxarıb.
Maliyyə naziri Samir Şərifovun xarici ölkənin xüsusi xidmət orqanına “xidmət etməsi” barədə deyilənlərin fonunda bu posta otura bilməsi çox şübhəlidir və bu nazirdən narazılıq yetərincədir. Öncələr büdcədən “və s. xərclər” i mənimsəyən Maliyyə Nazirliyi indi sosial ayırmaları çeşidli yollarla yeyir ki, bu da əhalinin böyük çoxluğunun güzəranında hiss olunduğundan S.Şərifovun reputasiyasını neqativə yönəldir.
Fövqəladə hallar naziri Kamaləddin Heydərova gəldikdə isə bu məmurun xalq arasında hörməti və nüfuzu böyükdür. Bu onun həm də incə bəstələr yazarı olmasından qaynaqlanır. Eyni zamanda FHN başçısı vətəndaşlara münasibətdə özünü yekəxana aparmır, insanların probleminə, onların müraciətlərinə diqqətlə yanaşır və çözməyə çalışır.
Kamaləddin Heydərovun dövlət başçısına şəxsi sədaqəti və dost olması da onun bu posta ən layiqli namizəd olmasını ortaya qoyur.
Ayrı - ayrı nazirlərin haqqında danışıb vaxtınızı almaq istəmirəm. Bircə onu deyim ki, ölkənin 1-ci xanımı, millət vəkili, Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanı da yaddan çıxarmaq olmaz. Bu xanımın, fikrimizcə, baş nazir olmağa şansları daha çoxdur və yəqin ki, bu variant da nəzərdən keçirilir.
İstənilən halda, hər şey iqtidardaxili qruplaşmanın gəldiyi nəticədən asılı olacaq. Ya vitse - prezident postu təsis ediləcək, ya da ...