Barterlə işləyən Roza Zərgərli: “Elə gün də olur 20 min manata bəzənirəm” — MÜSAHİBƏ

 
Turaninfo.Az saytının növbəti qonağı rejissor, teleaparıcı və müğənni Roza Zərgərlidir.
 
- Bir neçə sahədə çalışmısınız - teleaparıcılıq, müğənnilik, rejissorluq və hərdən də aktrisalıq. Ən doğma hiss etdiyiniz bunlardan hansıdır?
 
- Mənə ən doğma gələn rejissorluqdur. Çünki bu sahə üzrə təhsil almışam. İfaçılıq üzrə də təhsil almışam, amma konservatoriyada. Rejissorluq üzrə isə magistraturanı bitirmişəm və indi də doktoranturaya hazırlaşıram.
 
- İlk kitabınızın videoroliki ilə bağlı səs-küy yarandı. Müxtəlif reaksiyalara rast gəlindi. Erotik və açıq-saçıq tərzdə olması ilə bağlı.
 
- Həmin videorolik həm böyük səs-küyə səbəb oldu, həm də anlaşılmazlığa. Doğru başa düşülmədi. Daha erotik məcraya yozdular. Əslinə qalsa, həmin videorolik bir kitabın təqdimatı üçün çox pak və gözəl idi. Bu oxucu kütləni cəlb etmək üçün idi. Kitabım uğur qazandı və hələ də satışdadır. Amma kommersiya baxımından bizdə kitab satışı çox zəifdir. Digər ölkələrlə müqayisədə çox geridəyik. Yaxın günlərdə kitabımın imza günü keçiriləcək. Tarix dəqiqləşsin, hər kəsi ətrafıma toplayacağam. İmza günündə iştirak edənlərə hədiyyə kitabım olacaq.
 
- Sənətdən 5 il uzaqda qaldınız. Bu uzaq qaldığınız müddətdə haqqınızda müxtəlif fikrlər səsləndirildi. Kimi dedi xərçəng olub, kimi dedi bankrot olub, narkomaniyaya qurşandığınızı deyənlər də oldu...
 
- Bunlar çox bəsit, gülməli şayiələr idi. Uşağımın müalicəsi üçün Azərbaycanda ilin cəmi 2-3 ayını ola bilirdim. Qalan zamanı isə Rusiyada olurdum. Ona görə də karyeramı davam etdirə bilmədim. Çünki davam etdirsəydim, zamanımın çoxunu sənətimə verməliydim və böyük bir komandanı saxlamalıydım. Mənim üçün uşağım hər şeydən vacibdir. Mən də doğru olan qərarı verdim. 5 il uşağımın müalicəsi ilə məşğul oldum. Sənətim üçün də çox darıxmışdım. Nəhayət ki, götürdüyüm “uzunmüddətli məzuniyyətim” sona çatdı və qayıtdım. Sənətə ilk dəfə gələn adamı piar etmək çox asandır, amma sənətdən gedib sonra yenidən qayıdan birinin piarı  çətindir. Mən bəxtəvər sənətçilərdənəm ki, qoyub getdiyim yerdən davam etdim. Əldə etdiyim uğurları ələyib yoxa çıxartmamışam.
 
 
 
- Qayıdanda nələr yaxud kimlər qoyduğunuz kimi deyildi?
 
- İnsanlar... İnsanlar çox dəyişmişdi. Həm şou-məkanında, həm də televiziya sahəsində . Heç kim qoyub getdiyim kimi deyildi. Artıq gənc nəsil gəlmişdi.
 
- Gözəl, cazibədar və şarmlı olmaq üçün yəqin ki müəyyən məbləği qurban vermək gərəkdir. Çox xərcləyirsiz?
 
- Mən anadangəlmə gözələm və şirinəm. (gülür) Elə gün olur 5 manata, elə gün də olur ki, 20 min manata bəzənirəm. Klip çəkilişlərinə isə 3-4 min manat xərcimiz çıxır. Məsələn, vizajist pulsuz gələsi deyil ki... Son bir neçə ildə demək olar xərcim çox çıxmır. Əksər işləri barter edirik. Gözəllik salonları, geyim dükanları ilə əməkdaşlıq edirəm.
 
- Hazırda üzərində işlədiyiniz və gələcək layihələrinizdən söz açardınız.
 
- 2 klipimiz olacaq. 2017-ci ildə yeni kitabımın yazılmasına başlayacağam. Nümüzdəki ili demək olar bütünlüklə kitabıma həsr edəcəyəm. Həm də gələn il kitabımın elektron versiyası çıxacaq. Həm rus, həm də Azərbaycan dilində. Əslində bir neçə dənə də böyük layihələr var, amma onlar haqqında danışmaq istəmirəm. Çünki indi danışsam, alınmasa pis olaram.
 
- Bahalı avtomobillərlə aranız necədir? Özünüz idarə edirsiniz?
 
- 2010-cu ildən avtomobili özüm idarə etmirəm. Ara-sıra saymasaq, daima sürücüm mənə bu işdə kömək edir. Hər bir insan bahalı nəyisə sevir. Mən də bahalı avtomobilləri sevirəm. Mənim avtomobillərim hamısı sürücümün adınadır. Öz şəxsi avtomobilim yoxdur. (Gülür)
 
- Toylara gedirsiniz?
 
- Bəli gedirəm. Məsələn, dekabrın ortalarında Qarabağ əlilinin toyudur. Onun toyunu başdan-ayağa təmannasız şəkildə mən idarə edəcəm. Həmin şəxsin iki ayağı da yoxdur, 4 il əsirlikdə qalıb. Bu ağrıları bizim üçüün çib. Ona bu etdiyim heç nədir, borcluyuq. Toylara şou-biznesin 90%-indən çox ucuz gedirəm. Kimsə səni sevirsə, toyunda görmək istəyirsə, bu o demək deyil ki, onun sevgisindən sui-istifadə edəsən. Ona qalsa, ən bahalı prodüsserlə işləyirəm. 1 milyona işləyən prodüsserim var. (gülür)
 
 
 
- Yoldaşınız mətbuatdan uzaq biridir. Bunu siz istəmirsiz, ya özü?
 
- Yoldaşımın özü mmbuatdan uzaq gəzir. Kişinin saytlarda nə işi var axı? Belə şeyləri sevmir.
 
- Aktrisa kimi də fəaliyyət göstərmisiniz. Yüksək qonararla “18+” rolda oynamağı qəbul edərsiniz?
 
- 3 serial, 2 filmdə rol almışam. Birində oğlumla tərəf müqabili olmuşam. “18+” filmdə oynamağa gəlincə isə mənim uşaqlarım elə özləri 18+ dur, yaşları artıq 18-i adlayıb. (gülür).
 
- Bir çox müğənnilərə, modellərə, aktrisalara bir sözlə, şou adamlarına eşq təklifləri edilir. Hətta bu bəzən bir sərvət qarşılığında olur. Bunu da edənlərin əksəriyyəti biznesmenlər, bəzi məmurlar və imkanlı şəxslərdir. Bu formada sizə də təklif ünvanlanıb?
 
- Bu təkliflər sırf gündəmdə olan simalara olunmur. Bu formada təklifləri hər bir xanıma edirlər. Bugünkü gündə adi hala çevrilib. Mənə eşq yaşamağı təklif edənə sərvət təklif edərəm, imkanı çatmaz.
 
- Xalqın neçə faizinin rəğbətini, sevgisini qazanmısınız?
 
- Burada yalandan 100% deməyəcəm. Ümumiyyətlə, Azərbaycanda 100% xalqın sevgisini qazanan kimsə yoxdur. Mən 60% deyə düşünürəm. 80% olsa, bəsimdir və çox yaxşıdır. Mən təkcə bu uğuru ifaçılığımla yox, aktrisalığımla, rejissorluğumla, həm də teleaparıcılığımla qazanmışam. Məsələn, seriallarımızın efirdə olan vaxtlarında son obrazım olan Kəmalə mənfi xarakter idi. Serialın sonlarında müsbət rola çevrilirdim. Ondan əvvəl isə qəddar, xeyirgüdən, başqasını pis vəziyyətdə qoyan obraz idim. Həmin serialda baş verənləri tamaşaçı da bizimlə yaşayırdı. Oğlumla ilk rol aldığım “Tək olanda qorxma” serialında isə qəddar ana rolundaydım. Halbuki, qəddarlıqla heç aram yoxdur. Adam var idi ki, nömrəmi tapıb zəng edib məni təhqir etmişdi ki, uşağa niyə işgəncə verirsən. Sonradan ona başa saldım ki, realda belə deyiləm və roldur. Məni təhqir edənlərə də çox sağ ol deyirdim. Bu mənim rolumdur və oynamalıyam. Onlar mənim yaratdığım obrazımı təhqir edirlər məni yox.
 
- Bir kişini əldə saxlamaq üçün nə lazımdır?
 
- Kişiyə fikr vermirsən gəlir yapışır, özü səndən əl çəkmir. Nə qədər nazıyla oynasan, o qədər problemdir. Heç bir şey etmək lazım deyil. Əgər o, kişidirsə, xanımından əl çəkməz. (Prodüsser müdaxilə edir) Əsl kişidirsə, əldə qalmaz. (gülürlər)
 
- Ailədə söz-söhbətlər olmamış olmaz. Əsasən nə üstündə olur?
 
- O qədər olur ki, sayını unutmuşam. Ən böyük küsülülüyümüz 7 gün çəkib. 3 aydan bir münasibətləri silkələmək üçün dava-dalaş edirik. (gülür) Yenə gəlib özü barışır. Arada bir romantikliyi tutanda isə fərqli aura yaranır.
 
 
 
- İctimai TV-də yayımlanan “Bakı vaxtı ilə” verilişiniz olduqca maraq doğurur. Nadir hallarda şou adamları bu cür maarifləndirici verilişlər aparır.
 
- Biz bu layihədə həm dünyasını dəyişən, həm də canlı korifeylərimizə yer ayırıb onlar haqqında danışırıq. Onları unutmuruq və unutdurmuruq. Beləcə, gənc nəsil də görür, öyrənir və dərk edir. Hazırda televiziyalarımızın böyük əksəriyyəti şou verilişlərdən ibarətdir. Mənim də verilişimdə şou yerləri var, amma mən daha çox maarifləndirici yönə qaçıram. İnsanlara daha çox bilgi vermək istəyirəm.
 
- Özünüzü necə xarakterizə edərsiniz?
 
- Özümü güclü qadın hesab etmirəm, çünki, mən elə güclü qadınam. Bu danılmaz bir faktdır. Yəni hesab etmək başqa şeydir, güclü qadın olmaq başqa. Mən çox güclü qadınam. Qarşıma məqsədlər qoyub onu edirəm.
 
- O zaman sizə paxıllıq edən qadınlar da az olmaz...
 
- Onu dəqiq bilmirəm. Paxıllığımı çəkənin çox və ya az olması haqqında düzü məlumatsızam. Amma qulağıma şayiələr gəlir. Şayiələrə də önəm vermirəm. İl yarımdır ki, heç bir şayiəyə, heç bir skandala qarışmırıq. Kimsə də nəsə deyəndə üstündən bir stəkan su içib keçiririk çiynimizin arxasına. Artıq heç kimin fikri maraqlı deyil. (Ölkə.az)
 
Söhbətləşdi: Niyam Şirinov
FOTOLAR: Çinarə Vahabzadə