Barak Obama terrora görə Hillari Klintonun seçkiqabağı tədbirinə qatılmayacaq

ABŞ prezidenti Barak Obama Orlandoda törədilən terrora görə, Viskonsin ştatına səfərini təxirə salıb.
 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ağ evin təmsilçisi bildirib.
Məlumata görə, B.Obama iyunun 15-də Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa iddiaçı Hillari Klintonun Viskonsin ştatının Qrinbey şəhərində keçiriləcək seçkiqabağı tədbirinə qatılmağı planlaşdırmışdı.
 
Ağ evin sözçüsü bildirib ki, ölkə prezidentinin iş rejimi ilə bağlı əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, iyunun 12-də ABŞ-ın Florida ştatının Orlando şəhərindəki "Pulse" gecə klubunda törədilən terror nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. Hadisənin məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb. Terror aktını Ömər Martin adlı ABŞ vətəndaşının törətdiyi haqda məlumat yayılıb. İnformasiyaya əsasən, polisin hadisə yerində keçirdiyi əməliyyat nəticəsində Ö.Martin öldürülüb.