Barak Obama 11 sentyabr hadisəsi ilə bağlı hesabatın bir hissəsini məxfilikdən çıxaracaq

ABŞ prezidenti Barak Obama növbəti 60 gün ərzində 2001-ci il 11 sentyabr terror hücumlarının istintaqı ilə bağlı 28 səhifəlik hesabatın "tam məxfi" statusundan azad edilməsiylə bağlı sərəncam imzalayacaq.
Turaninfo.az "Fox News"a istinadən xəbər verir ki, bu barədə müvafiq araşdırmanı aparan ABŞ Senatı və Konqresinin Nümayəndələr Palatasının komitəsinin üzvü olmuş keçmiş senator Bob Qrem məlumat verib. O, Ağ Evdən belə bir təlimat aldığını bildirib.
Qeyd edək ki, aprelin 21-də ABŞ prezidenti Barak Obamanın Səudiyyə Ərəbistanına səfəri nəzərdə tutulub. O, səfər çərçivəsində kral Salman bin Əbdül Əziz Əl Səud ilə danışıqlar aparacaq, Körfəz Ölkələri Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək.