Bankların xalqla savaşı şiddətlənir: intihar, qəsd, təhdid, həbs... - TƏFSİLAT

 
Azərbaycanda iki ildir ki, müharibə gedir; Bu savaş ölkənin iqtisadi poliqonunda aparılır. Özəlliklə bank sektorunda amansız döyüşlər şiddətlənir...
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsinin məlumatına görə, banklar xalqa qarşı açıq döyüşə keçiblər. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları həm borclulara, həm də onların zaminlərinə qarşı qanunsuz addımlar atır.
 
Düzdür, artıq 11 bank böhrana dözməyərək bağlanıb. Ancaq yerdə qalanlar camaatın dərisinə saman təpir ki, zərərsiz çıxsınlar. Azərbaycan əhalisini narahat edən mühüm məsələlərdən biri kreditlərlə bağlıdır. Xeyli müddətdir müzakirəsi gedən, 3 milyona yaxın insanı narahat edən bu məsələnin çözülməsi üçün edilən təkliflərə rəğmən, rəsmi qurumlar heç bir tədbirlər görmürlər.
 
Xüsusən də dollarla götürülən kreditlərlə bağlı durum daha acınacaqlıdır. İndiyə qədər təqribən 2 milyard dollara qədər vəsaitin ABŞ valtyutası şəklində kredit verildiyi Mərkəzi Bank tərəfindən də təsdiqlənir.
 
İlkin mərhələdə banklar AMB ilə danışıqlar apararaq, onlara təklif etmişdilər ki, bu qədər pulun 1,05 manatla ödənişinə razıdırlar. Bir şərtlə ki, yerdə qalan 50 qəpik fərqin ən azı yarısını AMB onlara versin və ya güzəşt eləsin.
 
Lakin Mərkəzi Bank bu təkliflərəi qəbul etməyib, mövcud qaydalara uyğun şəkildə ödənişləri davam etdirməsi vurğuladı. Ona görə də iqtisadi müstəvidə banklarla xalq arasında müharibə gedir.
 
Banklar əhalinin durumunu nəzərə almadan insanları incidir, təhdid edir, məhkəməyə verir, krediti gecikdirənləri həbslə belə hədəkəyir. Bu da sosial gərginliyi artırır.
 
Prezident İlham Əliyev demişdi ki, banklar islahatlara getməlidir. Ölkə başçısının göstərişinə əsasən bu sektorda müəyyən işlər aparılır. Fəqət hələ də banklarla xalq üz-üzə qalıb.
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsi xatırladır ki, kreditləri verə bilməyən vətəndaşlar da intiharlara əl atmağa başlayıblar. Artıq qısa müddətdə 50-dən çox insan bu və ya digər şəkildə həyatlarına qəsd ediblər.
 
Prosesin dayanacağı və ya səngiyəcəyi isə inandırıcı görünmür. Ona görə ki, zaman kedikcə ödəmələrdə problemlər daha da artmağa başlayır, banklar da bunun müqabilində vətəndaşları nəinki sıxışdırır, hətta təhdid etməkdən də çəkinmirlər.
 
Məsələn, banklar müştərilərinə bildirir ki, əgər kredit ödənilməsə, onun əmlakı əlindən alınacaq. Bu isə kredit alana pis təsir edir, bütün əmlakını itirəcəyini, uşaqlarının küçələrdə qalacağı təəssüratı yaradır.
 
Ölkənin bank sektoru çökür. İki devalvasiyaya 11 bank bağlanıb. Onların hamısı məmurlar himayə edirdi. İndisə bağlanan banklar vətəndaşların əmanətlərini qaytarmır. Amma Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov anti-xalq mövqeyində dayanaraq bankları müdafiə edir.