Banklar nəyə və kimə xidmət edir?

Amma deyəsən intiharlara yol açir...
Bankların başlıca funksiyaları müəyyən faiz və komission qarşılığında əmanət qəbul etmək və kredit verməkdir. Daha doğrusu, sadə vətəndaşların, insanların bank adı gələndə ağlına yalnız bu iki şey gəlir. Düzdür, son çağlar banklara inamın ölməsi, əmanətə xəyanət hallarının artması insanları əmanət yolu ilə gəlirlərini artımaqdan da çəkindirib, amma kredit məsələsində fikirlər birdir: bank borclunun sağlığını istəmir! Faizlər o qədər şişirtmə və əsassızdır ki, borc - kredit götürən vətəndaşın intihardan başqa yolu qalmır. Fikir verin, manatla ən yuxarı əmanət faizi illik 8 - 10 arasında olduğu halda, istehlak kreditlərində bu göstərici illik 25, hətta 36 faizə çatır. Xarici valyutaya gəldikdə isə durum daha da vətəndaşın ziyanına dəyişir. Banklar vətəndaşa xarici valyuta əmanənətinə görə ən çoxu 4 faiz təklif edib kredit faizlərini manalta olduğu kimi müəyyən edirlər. Başqa sözlə, bankın vətəndaşa açıq - aşkar üçqat - doqquzqat kələk gəlməsi üzə çıxır. Biz hələ gecikən kreditlərə görə gündəlik 3 faizlik dəbbə pulunu demirik .Haqlı sual doğur: bank vətəndaşın əmanətini, əmək haqqını, pensiyasını aylarla gecikdirəndə vətəndaşa bu gecikməyə görə faiz ödəməsi bir yana, hələ üstəlik çox hallarda əmanətin özünü də “yeməsi” xidmətdirmi?
Onu da vurğulayaq ki , insanlar büdcəyə vəsait, məsələn kommunal xidmət haqqı, vergi borcu, rüsum ödəyəndə də bankların xidmət haqqı tutmasının özü qanunsuzdur. Təsəvvür edin, vətəndaş 1 manatlıq rüsuma görə 20 - 50 qəpik arası xidmət haqqı ödəməyə məcbur edilir! (??). Birincisi, burada hansı xidmətdən söhbət gedə bilər ki, əksinə banka vəsait daxil olur və bu vəsaiti bank çeşidli layihələrə sərf edir. İkincisi , lap xidmət olsun , harada görünüb ki, 20 - 50 faizlik xidmət haqqı tutulsun? Bunun inhisarçılıq, soyğunçuluq olması gizlin deyil. Yəni hər banka belə xidmət göstərməyə imkan verilmir, yalnız göstərişlə bir bank, özəlliklə “Kapitlbank” ASC belə faizlə xidmət göstərməyə “vəkil “edilir. Belə “müvəkkilliyin” inhisarçılığa yol açması isə şübhə doğurmur. Pul köçürmələri zamanı da müştərilərdən əsassız faiz tutulur. Baxın, xaricdən vətəndaşın hesabına pul köçürən zaman həm pulu köçürən, həm də onu alan müştəri ümumi məbləğin bir-neçə faizini ödəməyə məcbur edilir. Banklrın pensiya - müavinətləri, əmək haqlarını verməyə təhkim edilmələri də tender yolu ilə yox, göstərişlə həyata keçirilir. Bu da inhisarçı bankın özbaşınalığına nədən olur. Təsəvvür edin, bank kartı bloklaşdırır və açılması üçün avtomatik pul silir. Artıq “Kapitalbank”ın bu pul silməyə, təqaüdə qadağa qoyduğuna görə məhkəməyə verilməsi faktı qeydə alınıb. Beynəlxalq Bankın başına gətirilənlər də nəzarətçi qurumların - Maliyyə Nazirliyinin, Mərkəzi Bankın rəhbərliyinin kobud yanlışlığıdır. Təsəvvür edin, bu rəhbərlər bankın müşahidə şurasının üzvü ola - ola bankda baş verən talançılıqdan soraqsız olublar. Ola bilərmi?
Kreditlər həyatın bütün sahələrini əhatə edir. Təhsil krediti, istehlak krediti, “həcc” krediti. Kreditsiz nə banklar, nə də əhali keçinə bilmir. Amma biri bu kreditlərlə cana gəlir, o biri həyatını itirir. Borca girib “hacı” olanın intihar yolunu seçməklə kafirlik yolu tutacağı düşündürücü olmalıdır. Fikrimizcə, dövlət, din qurumları burada zamin rolunu oynamağa borcludur. Yoxsa Tanrıya yaxınlaşmaq əvəzinə ondan uzaqlaşanların - intiharçıların sayı artacaq.
Bank sistemindəki korrupsiya, dələduzluq faktları bu sahənin təmiz əllərdə olmamasının göstəricisidir. Nə qədər banklar əhaliyə potensial borclu - kreditor kimi baxacaq, durum düzəlməyəcək, əksinə intiharlar aratacaq.