Banklar krediti bərpa etdi – Şərtlər

Azərbaycanda banklar kreditləri bərpa etməyə başlayıblar.
 Axar.az xəbər verir ki, may ayının sonundan başlayaraq kredit verilməsini dayandıran banklar müştərilərə bildiriş göndərərək yenidən kreditləşməyə başladıqlarını elan ediblər. İyun ayında isə kredit bazarında canlanma müşahidə olunub. Lakin əvvəlkindən fərqli olaraq kredit şərtləri xeyli ağırlaşdırılıb.
 “Unibank”dan verilən məlumata görə, kredit yalnız  rəsmi maaşı olanlara  arayış əsasında verilir. Bank kreditləri yalnız milli valyuta ilə verir. Təkrar müştərilər kreditlərdən yararlana bilsələr də, yeni müştərilərə kreditlərin verilməsi iyun ayından bərpa edilib. Bankda kredit tarixçəsinə malik olmayan yeni müştərilərə kredit ayrılması üçün yaş həddi 20-60 və son iş yerində staj minimal 12 ay tələb olunur. Təkrar müştərilər üçün isə yaş həddi 20-65 və son iş yerində minimal iş stajı 6 ay olmalıdır.
 Bank əmək haqqı 160 AZN-dən yüksək olanlara kredit ayırır. Kreditin müddəti 3-24 ay, məbləği isə 300-5000 AZN arası müəyyən olunur. Kredit götürmək istəyən şəxs şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında “Unibank” filiallarından birinə müraciət edə bilər. Gəliri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının son 6 ay çıxarışı ya da elektron arayış ola bilər. İş yeri MMC olan müştərilərə kreditlər yalnız elektron arayış və ya son 6 ayın hesabdan çıxarışına əsasən rəsmiləşdirilə bilər. Kreditin ayrılması və ayrılacaq məbləğ aylıq gəlirlər və kredit tarixçəniz təhlil olunduqdan sonra təhlilə əsasən bankda müəyyən edilir.
 Kredit verilməsi prosesi iki mərhələdə həyata keçirilir. Əgər əvvəllər müştəri istənilən filialdan kredit götürə bilirdisə, indi filiala müraciət edir, daha sonra son qərarı bankın baş ofisi təsdiqləyir. Yalnız bundan sonra müştəriyə birdəfəlik istifadə üçün kredit kartı verilir.
 “Bank of Baku” isə kredit üçün əsas şərt kimi əmək haqqı kartı tələb edir. Yeni müştərilərə ilkin olaraq aylıq rəsmi əmək haqqının iki misli məbləğində kredit ayrılır. Məsələn, müştərinin rəsmi əmək haqqı  600 manatdırsa, ona  1200 manat kredit verilir. Kredit faizinə gəlincə, manatla verilən kreditlər 27 faizlə təqdim olunur. Komissiyon haqqı isə verilən məbləğin 1 faizini təşkil edir, yəni 1000 manata 10 manat.
 Digər banklarla apardığımız danışıqlardan da məlum oldu ki, kredit şərtləri xeyli sərtləşdirilib. Son aylarda banklar daha mühafizəkar addımlar atmağa başlayıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının tərtib etdiyi qaydalardan sonra banklar əvvəlkindən daha ehtiyatlı davranırlar. Əgər əvvəllər rəsmi arayış olmadan da kredit verirdilərsə, indi həm əmək haqqı kartı, həm də elektron arayış tələb olunur.
 Təqdim edən müştərinin başqa borcunun olub-olmaması, xərclərinin əmək haqqına olan nisbəti tam araşdırılır, yeni müştəriyə ilk olaraq  1000 manat, ikinci müraciətində isə 2-3 min manat  təqdim olunur.
 Bankların hazırkı dövrdə kreditləri bərpa etməsinin səbəbi isə əmanətlərlə bağlı yaranan stabillikdir. Belə ki, son devalvasiyadan sonra insanlar kütləvi şəkildə əmanətlərini geri çəkdilər və bankların kredit portfeli də sıfıra endi, hazırda isə nisbətən sabitlik yarandığından insanlar evlərdə saxladıqları vəsaitləri yenidən banklara əmanət qoyurlar. Banklar da ən etibarlı müştərilərini seçərək tədricən kredit verilməsini bərpa etməyə başlayıb.
 Bankların kredit siyasətini təhlil edən iqtisadçı ekspert Rəşad Həsənov Yeni Müsavat-a açıqlamasında bankların başlıca gəlir yerinin kredit olduğunu deyib:
 “Əgər bank kredit vermirsə, bu o deməkdir ki, gəlirlərinin böyük bir qismindən məhrum olub. Azərbaycan bankları da devalvasiyadan sonra demək olar ki, kreditləşmə prosesini məhdudlaşdırdılar. Bunun nəticəsində də gəlirlərinin böyük bir qismini itirdilər. Əgər biz Azərbaycan banklarının gəlir strukturuna nəzər yetirsək görərik ki, təxminən gəlirlərinin 75 faizi kreditlər hesabınadır. Demək olar ki, kredit verməkdən imtina etdikləri dövrdə banklar gəlirlərinin 75 faizindən məhrum olmuşdular. Belə olduğu təqdirdə bu, bankların ziyanla işləməsinə gətirib çıxarırdı.  Banklar qısamüddətli dövrdə kredit verməni dayandırsalar da, manatla olan kapitalları mövcud idi. Ola bilər ki, bəzi banklar mərkəzləşdirilmiş şəkildə manatla dəstək aldıqları üçün manatla kredit vermək prosesinə başlayıblar”.
 İqtisadçınin fikrincə, hazırda bankların müştəri kontingenti demək olar ki, yox vəziyyətindədir:
 “Ölkə vətəndaşlarının böyük bir qismi artıq problemli müştərilər siyahısına düşüblər, çünki problemli kreditlərin həcmi sürətlə artıb. Digər bir tərəfdən isə Maliyyə Bazarlarına Nəzarət Palatası  istehlak kreditləri üçün yeni qaydalar müəyyənləşdirdi və bu yeni qaydalar əsasında ölkə vətəndaşlarının böyük bir qismi kredit götürmə imkanından faktiki olaraq məhrum edildi. Məhz bu yeni qaydaların  nəticəsidir ki, kiçik həcmli kreditlərin verilməsində belə müştərilər ciddi şəkildə yoxlanılır. Banklar çox məhdud müştəri kontingenti ilə öz fəaliyyətlərini həyata keçirirlər. Hazırda bankların  özləri də ən yaxşı müştəriyə kredit təklifində maraqlıdırlar. Bu baxımdan müəyyən müddətdən sonra banklar arasında ciddi rəqabət başlayacaq. Bu rəqabət isə son nəticədə kredit şərtlərinin müəyyən qədər yumşalmasına, faiz dərəcələrinə, komissiyon xərclərinə səbəb olacaq. Lakin kreditlərin verilməsi qaydaları ilə bağlı bankaların hər hansı bir dəyişiklik etmək imkanı yoxdur”.