Balakəndə 21 yaşlı gənc bıçaqlanıb

Balakəndə 21 yaşlı gənc həmyerlisi tərəfindən bıçaqlanıb.
 Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə aprelin 15-də axşam saat 19.00 radələrində baş verib.
 Balakən şəhər sakini, 1995-ci il təvəllüdlü Həsən Miqdat oğlu Məmmədov qarnının  və döş qəfəsini  sağ nahiyələrinin kəsilmiş-deşilmiş və daxilə qan axması diaqnozu ilə xəstəxanaya daxil olub. Əməliyyatdan sonra H. Məmmədov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
 Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə hələlik bilinməyən səbəbdən baş verib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H. Məmmədovun rayonun Tülü kənd sakini, 1983-cü il təvəllüdlü Mahir Telman oğlu Xəlilov tərəfindən bıçaqlandığı məlum olub. M. Xəlilov cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.
 Məlumatda o da bildirilir ki, xəsarət alan H. Məmmədovu xəstəxanaya aparan avtomobil yolu keçmək istəyən piyada, rayonun Qullar kənd sakini, 1961-ci il təvəllüdlü Fərman Şamil oğlu Saramanovu vurub. Qəza nəticəsində sol ayağının baldır nahiyəsindən xəsarət alan F. Saramanov hazırda Balakən RMX-nın cərrahiyə şöbəsində müalicə alır.
 Hər iki faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.