Bakir olmayan cəmiyyətdə bakirə qadın axtarmaq...

Arvadına acıq elədi, uşağının başını kəsdi…
Arvadını güllələdi…
Arvadını bıçaqladı…
Arvadını evdən qovdu…
Arvadını atdı…
Arvadının üstünə günü gətirdi…
Arvad özünü asdı…
Arvadı sevgilisi ilə qaçdı...
Arvadı uşaq doğa bilmədi, döyüb küçəyə atdı...
Toy gecəsi bakirə çıxmayan qadını əri bıçaqlayıb öldürdü!..
Adam az qalır düşünsün ki, bu ölkədə arvadlardan başqa günah, səhv, qələt eləyən kimsə yoxdur.
Əslində var. Sadəcə hər şey elə düzülüb-qoşulub ki, yaranan mənzərə təxminən budur:
Arvadlar olmasaydı, dünya ümumiyyətlə əmin-amanlıq olardı. Çox uzağa getməyək, çünki məsələlərin bu həddə olmasının səbəbkarı da elə biz özümüzük, arvadlı-qadınlı hər şey
(tələsməyin, oxusanız anlayacaqsınız ki, arvadları heç də qadın sayılanlar deyil-J.M).
Qayıdıram o bakirəlik məsələsinə. Yuxarıda qeyd elədiyim hadisə, qadının bakirə olmadığına görə toy gecəsi qətlə yetirilməsi son deyil. Amma bizim cəmiyyətin bütün problemləri elə ordan başlayır. Elə həmin bakirəlik məsələsi hələ bundan sonra baş verəcəklərin də açarıdır.
Söhbət fiziki bakirəlikdən getmir. Çünki əgər bir qadın bakirə deyilsə, buna görə ittiham olunursa və kimsə az qala yaxasını cırırsa ki, ittihamlar haqlıdır, o, düz deyir, onda zəhmət çəkib eyni ittihamın obyekti kimi kişilərə qarşı da çıxış eləsinlər. Əcəba fiziki bakirəliyini şərh eləsək bu məmləkətin nə qədər bakirə kişisi var, görəsən?! Bilirəm biabırçı sualdır. Aranızda “ağzına gələni danışır” deyə düşünənlər də olacaq mütləq. Amma bu ağzına gələni danışmaq deyil. Bu məmləkətdə bütün məsələlərə nə qədər gülünc və səviyyəsiz yanaşıldığının göstəricisidir.  O üzdən gəlin bakirəliyin fiziki tərəfini heç şərh eləməyək. Seksual inqilab deyib keçək. Şünki bu bakirəlik işinin o biri tərəfinədə daha maraqlı məsələlər var. Anlamağa çalışaq ki, biz gerçəkdən bizdən bakirəlik tələb eləyən məsələlərdə nə qədər bakirəyik?!..
***
Bakirəlik safliqdan, ədalətli, vicdanlı, yaxşı adam olmaqdan başlayır. Sizi bilmirəm mənə görə insanın kişi və ya qadınlığından asılı olmayaraq fiziki bakirəliyi ən sonuncu işdir. Ruhu, vicdanı, əxlaqı bakirə olmayan adamın fiziki bakirəliy toy gecəsi o adamı qapı dalında durub güdən gonbul xaladan, bir-iki qova arvaddan başqa kimsəyə lazım deyil indiki zamanda. 
Yenə də sizi bilmirəm və yenə də məncə, bakirəliyi qalmayan, saflığını itirmiş, təmizliyi, ədaləti gözə çarpmayan, zorlanan, təcavüzə məruz qalan cəmiyyətlərin nəinki bakirə qadını, heç bakirə kişisi də yoxdur. Amma nədənsə qurban gedən elə qadınlardır...
O qadınlar ki, ayaqlarını bir addım yana qoyan kimi adlarına  “bakirə çıxmayan”, “xəyanətkar”, “nankor”, “naşükür” deyilir. Kişilərin rəislik, böyüklük, rəhbərlik etdiyi ölkələrdəki qadınlardır onlar. Yəqin elə o üzdən bircə dəfə də olsun nankor, xəyanətkar, naşükür kişiləri öldürmədi, bıçaqlanmadı, əzilmədilər. Prinsipi, el məsəli ilə desək, belədir bu cəmiyyətin: Bizim xoruzumuz başqa çəpərdə banlasın qoy, noolacaq ki?! Deyim ki, bu sonu suallı rişxənd dolu lovğa, özündənrazı fikiri də elə bizim qadınlar yox, arvadlar  icad eləyib. Təbii ki, baş verənləri arvad qürurlarına pərçim eləyib yerləşdirə bilmək üçün.  Bu məmələkətin lap əlindən bozbaş bişirmək və uşaq doğmaqdan başqa heç bir iş gəlməyən arvadı da “yazıq Mamed bezib həyatından, zalım qızı da onu tora salıb” deyərək ərinin xəyanətini ört-basdır edir. Döyülüb zülm çəksə də “neynəsin, acığını tökməyə adam tapmır yazıq” deyir.  Beləcə asılana, baltalanana, güllələnənə, bıçaqlanana qədər dözürlər bu yarımağıllı, zorlanmış cəmiyyət arvadları.
Niyəsinə gəlincə onlara evlərdə nə mübarizə aparmaq, nə haqqını kimsəyə yedirtməməyi öyrətmir kimsə. Nə dədəsi, nə nənəsi. Kimsə anlamır ki, bakirə olmayan, hətta bizim  Mamedəcən beş-on sevgilisi, iki əri olan Marusiyanı niyə bağrına basır, sevir, onunla hesablarır o. O qadır deyə. O sözünü deyə bilir. Haqqını tələb edir. İstədiyini elətdirir. Amma üsyan-dava ilə yox, qadınlığı ilə. Nə qədər ki, bu qadınlıq məktəbini evlərdə ailələrdə dərs kimi qızlarına keçməyən arvadlar var. Bizim qızlar analaraından elə arvad doğulacaqlar.
Bir də onu deyim bu məmləkətdə bakirəliyin himini  də elə qadınlar qoyur. Məsələn, mən hələ qapı dalında bəylə gəlini güdən bircə kişi görməmişəm. Amma əti töküləsi gonbul xalalar bu güdükçülüyü özlərinə şərəf bilirlər. Əminəm ki, sizin də yengə olmadığına görə məclisdən küsüb gedən arvad qohumlarınız yox deyil.
Yenə əvvələ qayıdım son olaraq o bakirə olmayan qızı öldürən gədə dörd-beş il yatıb çıxmışdı. O bakirə olmayan qızı isə dədəsi Rusiyada Maşa ilə qeyri-rəsmi nikahdan dünyaya gətirmişdi. O qız Rusiyada yaşayıb böyümüşdü. Və yəqin ki, onun cəmiyyətində artıq keçilmiş mərhələ olan bakirəliyin hələ qeyri-rəsmi olsa da atası sayılan kişinin dövlətində az qala konstitusiyanın yazılmamış bəndi qədər “müqəddəs” məsələ olduğunu anlaya da bilməzdi. Bunu biz də anladıq. Amma, məsələn, mən bütün bu maqamları bilən, sadəcə Maşadan peydahladığı qızı başından edən dədəni anlamıram. Anlamıram ki, şərəf və ləyaqətin neçənci pilləsində olasan ki, oğurluq üstə yatıb çıxan gədəyə qız verəsən.
O üzdən kimsə fikrimi dəyişə bilməz. Biz bakirə olmayan cəmiyyətin cocuqlarıyıq. Bakirə olmayan cəmiyyətdə bakirə qadın, ya da kişi axtarmaq isə təkcə günah, boşuna zaman sərfi deyil, həm də sadəcə axmaqlıqdır... (musavat.com)
Jalə mütəllimova