Bakını su basdı: Dövlət qurumları isə ittihamları rədd edirlər

Gecə saatlarından başlayaraq Bakıya intensiv şəkildə yağışın yağması bəzi magistral yollarda və küçələrdə böyük gölməçələrin yaranmasına səbəb olub. Bakının bəzi rayonlarından insanlar evlərindən küçəyə çıxmaqda çətinlik çəkiblər. Həmçinin, yollarda avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.
Yəni paytaxt ərazisində güclü yağış yağacağı ilə bağlı hava proqnozu öncədən verilsə də, aidiyyatı qurumların bu istiqamətdə heç bir iş görməməsi Bakının təbiət qarşısında yenidən aciz qalması ilə nəticələnib.
Turaninfo.az Musavat.com-a istinadən  bu duruma məsul olan qurumlardan problemin səbəbini və hazırda paytaxtda hansı işlərin aparılmasını soruşub.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli musavat.com-a açıqlamasında bildirib ki, əksər yollarda yağış barmaqlıqlarının və kanalizasiya kollektorlarının olmaması bu qurumun günahı deyil: “Azəravtoyol”un balansında olan yol təsərrüfatında yağışla bağlı heç bir problem yoxdur. Biz hər hansı işi görmək üçün yağışın yağmasını gözləmirik. Vaxtaşırı bizim tərəfimizdən yollardakı yağış barmaqlıqları təmizlənir, baxış keçirilir. Hazırda da əməkdaşlarımız səfərbər olunub. Çünki, yağış suları özü ilə bərabər hər hansı əşya da gətirə və yağış barmaqlıqlarını tıxaya bilər. Bu zaman  həmin axacaqların təmizlənməsi bizim əməkdaşlar tərəfindən həyata keçirilir. Amma digər məsələlər, bəzi yerlərdə yollarda suyun yığılması bizə aid olan məsələlər deyil. Bizim işimiz yağış barmaqlıqlarının işinə nəzarətdir. Ancaq bizim balansımızda olan kifayət qədər küçələr var ki, orada yağış barmaqlıqları yoxdur. Bunlar Sovet dövründə, həmin dövrün tələbinə uyğun olaraq salınmış küçələrdir. Biz təmir işləri apardığımız bütün küçələrdə əgər kanalizasiya sistemi varsa, çalışırıq ki, orada yağış sularının kənarlaşdırılması üçün yol kənarlarında sistem yaradaq. Bu sistem isə kanalizasiya kollektorlarına qoşulmalıdır. Ancaq əgər yaxınlıqda kanalizasiya kollektorları yoxdursa, təbii ki, biz bunu edə bilmirik. Əgər imkan varsa, biz küçələri təmir edirik. Çünki bu, ilk növbədə bizim özümüzə ziyan vurur. Təmir olunmuş yola yağış suları dolursa, yolun hərəkət hissəsi sıradan çıxır”.
Anar Nəcəfli yolların təmiri zamanı aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq şəraitində çalışdıqlarını da bildirdi: “Biz hər hansı ərazidə yolu təmir edərkən yeraltı kommunikasiya xətləri ilə məşğul olan qurumları xəbərdar  edirik. Bəzən bu səbəbdən hansısa yolun təmiri 3-4 ay çəkir. Çünki, həm su və kanalizasiya, həm qaz və elektrik, həm də rabitə xətləri yerin altından keçir. Əgər həmin ərazidə kommunikasiya xətlərinin dəyişməsinə ehtiyac varsa, müraciət olunur ki, dəyişdirilsin və ya yolun hərəkət hissəsindən kənarlaşdırılsın. Bu işlər yekunlaşandan sonra biz təmir işlərini aparırıq. Ötən il ərzində 40-a yaxın küçə və prospekt təmir olunub, onların hər birini təmir edərkən bu qurumlara müraciət etmişik. Bu kommunikasiya xətləri dəyişdirildikdən sonra yollar təmir olunub”.
“Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da problemin təmsil etdiyi qurumdan asılı olmayan obyektiv səbəblərdən yaşandığını bildirdi: “Bu gün Bakı şəhərində küçə və prospektlərimizin cəmi 12 faizində yağış sularının axması üçün barmaqlıqlar var. 88 faizində isə yoxdur. Həmin 88 faiz yollarda yığılan sulara görə “Azərsu” məsuliyyət daşımalıdır? Əlbəttə ki, yox! Kanalizasiya nədir? Sizin evinizdən, hamamınızdan, idarə və müəssisələrdən çirkab sularını daşıyan sistemdir. Amma yağış sularının axması üçün olan xətlər tamam ayrıdır. Bu gün sizin evinizə, həyətinizə su dolubsa, bunun məsuliyyətini “Azərsu” daşımır. Ancaq əgər evinizdə kanalizasiya sistemi tutulsa, evinizə kanalizasiya suyu dolsa, bunun məsuliyyəti bizim üzərimizdədir. Bu gün Bakıda küçələrin 88 faizində yağış sularının axması üçün sistem yoxdur. Həmin yerlərdə kanalizasiya sularının daşmasının səbəbi odur ki, yollarda su yığılanda “lyuk”un qapağını açıb, yağış sularını oraya yönəldirlər. Bu xətlər də o suyun axmasını çatdırmadığı üçün daşır. Fərdi həyətlərə dolan suya gəlincə, vətəndaşlar gedib qrunt sularının yığıldığı ərazidə torpaq töküb ev tikirlər. Yağış yağanda da həyətlərə su dolur. Bunun günahı “Azərsu”dadırmı? Bizim yağış sularının axması üçün başqa sistemlərimiz var. Bu gün o sistemlərdən yalnız birində - Ziya Bünyadov prospektində problemimiz yarandı. Həmin əraziyə briqadalarımızı göndərdik. Xüsusi maşınlarla yoldan suyu çəkdilər. Hazırda yollarda iş davam etdirilir. “Azərsu” əməkdaşları gücləndirilmiş iş rejimində işləyirlər”.