Bakıda yuyucu qonşu marketi soydu

Bakıda mağazadan oğurluq olub.Turaninfo.az-ın  Musavat.com-a istinadən  məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
6-cı mikrorayondakı ərzaq mağazalarından birinin kassasından pul oğurlanıb. Məlumata görə, həmişə 24 saat açıq olan mağaza ötən gecə saat 3 radələrində bağlanıb. Bundan sonra qapını sındıran naməlum şəxs içəri daxil olub və kassadan 700 manatı götürüb. O, mağazadakı mallara dəyməyib.
Hadisə barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları hadisə yerində araşdırma aparıblar, əl-barmaq izləri götürülüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, qonşuluqdakı avtoyuma məntəqəsinin işçisi oğurluq hadisəsindən dərhal sonra yoxa çıxıb. Onun qeydiyyatda olduğu Ucar rayonuna getdiyi güman edilir.
Məlumata görə, iş üzrə əsas şübhəli birdən-birə iş yerini tərk edən yuyucudur. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.