Bakıda vətəndaşları aldadan fırıldaqçı qadınların əməlləri: milyonlar necə ələ keçirildi?

Baxış sayı: 
168
0  
0  

Bakıda mindən çox vətəndaşı aldadan fırıldaqçı şəbəkənin rəhbəri olan qadın həbs olunub. Vətəndaşları işə düzəltmək adı ilə aldadan, onlardan külli miqdarda pul alan şirkətin əməlləri üzə çıxıb. Söhbət “Topstaff LTD” şirkətindən gedir.
Turaninfo.az Musavat.com-un məlumatına istinadən, şirkətin rəhbəri olaraq bilinən Gürcüstan vətəndaşı Həsənova Mətanət Zahir qızı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Aprelin 16-da onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Şəbəkənin digər üzvlərindən bəzilərinin də saxlanıldığı bildirilir.
M.Həsənova və onun ətrafında olan şəxslərin vətəndaşları necə aldatmasının təfərrüatları məlum olub.
Əvvəlcə “Topstaff LTD” şirkəti haqda. Bu şirkət 2008-ci ildə yaradılıb. Şirkətin yaradılması məqsədi neft-qaz, həmçinin tikinti şirkətlərini avadanlıqlarla təmin etmək olub. Lakin 2015-ci ildən şirkət fəaliyyət istiqamətini dəyişməyə başlayıb. Elə bu müddətdən sonra şirkətdən şikayətçi olanların sayı hər gün artmağa başlayıb. Hazırda şikayətçilərin sayının mindən çox olduğu bildirilir.
2015-ci ildən şirkətə cəlb olunan şəxslərə vəd edilib ki, treninqlər keçdikdən sonra onlar SOCAR, BP, “Bos Shelf”, “Pasha Construction”, “Tekfen”, “North-West”, “Lider-Monolit”, “Synergy group”a işə düzəldiləcəklər. Pul adlıqları şəxsləri bu şirkətlərə qaynaqçı, mexanik, elektrik, rəngsaz və s. kimi işlərə düzəldəcəklərini deyiblər. Lakin sonradan bu vədlərin heç birinə əməl olunmayıb.
“Topstaff LTD”-nin bakıda “Caspian plaza” və “ISR Plaza”da ofisləri olub. Bakı və Sumqayıt şəhərlərində, Qaradağ rayonunda treninq mərkəzləri açaraq gördükləri işlərin inandırıcı olduğunu göstərməyə çalışıblar.
Vətəndaşları Bakıdakı neft şirkətlərinə işə düzəldəcəkləri adı ilə onlardan 10-15 min manata qədər pul alıblar.
Əvvəlcə pul aldıqları şəxsləri treninqlərə göndərən fırıldaqçı şəbəkə daha sonra onları işlə təmin edəcəklərini deyiblər. Lakin treninq müddəti başa çatdıqdan sonra müxtəlif bəhanələrlə vətəndaşları get-gələ salmağa başlayıblar. Treninqlər başa çatdıqdan sonra vədlər verməyə başlayıblar ki, guya yeni layihələr həyata keçiriləcək və buna görə bir müddət gözləmək lazımdır. Bu müddət ərzində insanları razı salmaq üçün onlara aylıq 200-300 manat maaş da verilib. Lakin 2016-cı ilin əvvəlindən şiakyətçilərin sayı artdıqdan sonra bu şəbəkəyə pul verənlər aldadıqlarını başa düşüblər.
Qeyd edək ki, şirkətin vətəndaşlardan ən azı 3 milyon manata yaxın pul adlıqları məlum olub.
Fırıldaqçı şəbəkə bundan sonra pul aldıqları adamlardan qaçmağa, iz itirməyə başlayıblar. Əvvəlcə “Caspian plaza”dakı ofis bağlanıb. “ISR Plaza”dan isə qovulublar. Sonuncu ofisdən qovulmalarının səbəbi isə şikayətlərin sayının artması olub.
“ISR Plaza” əməkdaşlarının musavat.com-a verdiyi məlumata görə, son günlər plazaya onlarla narazı insan gəlib. Tərəflər arasında hər gün mübahisə, dava-dalaş olub. Bundan sonra rəhbərlik ofisin boşaldılmasını tələb edib.
“Yüksək səslə deyirdi ki, 94 min manat vermişəm”

“Plazada xeyli sayda şirkətlər, səfriliklərin ofisləri var. Heç vaxt plazada bu qədər səs-küy olmayıb. Son günlər bu şirkətdən narazı olan insanlar gəlirdi. Pullarını istəyirdilər. Sonuncu dəfə yaşlı bir qadın gəlmişdi. Yüksək səslə deyirdi ki, 94 min manat vermişəm. Həmin gün mübahisə, səs-küy çox oldu. Bir neçə dəfə xəbərdarlıq edilmişdi. Həmin gün isə rəhbərlik dərhal ofisin boşaldılmasını istədi. Onlar ofisdən çıxarılarkən icarə haqqından borcları qalmışdı. Ofisdə olan mebellərin bir hissə həmin borcun qarşılığında saxlanıldı. Sonra ofis tamamilə boşaldıldı. Ancaq indi də gələn şikayətçilər olur. Onlara ofisin bağlandığını deyirik. Onlar isə verdikəri pulu hardan alacaqlarını bizdən soruşurlar”- deyə plazada çalışan işçilər “Topstaff LTD”-nin fırıldaqçı əməlləri haqda son gördüklərini danışarkən deyirlər.
Şirkətin fırıldaq əməlləri ilə bağlı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da bir neçə dəfə sosial şəbəkədə öz fikirlərini bildirmişdi. Təşkilat rəhbəri şirkətin insanları aldatdığını və bunların qarşısının alınması üçün müvafiq qurumlara müraciət etmişdi.
“Topstaff LTD”-nin fəaliyyəti ilə bağlı musavat.com-a danışan Mirvari Qəhrəmanlı bildirdi ki, vətəndaşların etibarından sui-istifadə edərək onları aldadan bu şəbəkə maliyyə pramidası şəklində fəaliyyət göstərib: “Bu haqda mənə şikayətlər daxil olmuşdu. Araşdırma apardım və bunları ifşa etməyə başladım. Bu ilin mart ayında Mətanət bir qrup insanı mənim üstümə qaldırdı. Həmin şəxslərin bəziləri Mətanətə pul verənlər idi. Bununla Mətanət özünün günahsız olduğunu sübut etməyə çalışırdı. Şirkətdə işləyənlərin əmək müqaviləsi, tibbi sığortası olmayıb.
Bunlar guya ki, treninq mərkəzi açıblar. Minimum 1500 manat, maksimum isə 14-15 min manat insanlardan pul alıblar. Bu barədə həmin şəxslərin özü mənə məlumat veriblər. Vəd veriblər ki, onlara kurs keçiriləcək, Türkiyəyə və başqa ölkələrə təlimlərə göndəriləcəklər. Daha sonra isə SOCAR, “Bos Shelf” və BP-yə işə düzəldəcəklər. Mən bunun yalan olduğunu bilirdim. Bizə müraciət edənlərə də bildirdim ki, adlarını çəkdiyim neft şirkətləri heç bir şirkətdən işçi qəbul etmirlər. Öz təlim mərkəzləri var və oradan işçi götürülər.
“1200 nəfərə yaxın adamı aldadıblar”

Bunlar maliyyə pramidası olaraq işləyiblər. Bunlar bir qrup fırıldaqçı olublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elktron xidmətindən istifadə edərək əmək müqviləsi imzalayıblar. Şirkkətdə çalışan 7 nəfərlə rəsmi əmək müqaviləsi bağlanılıb. Amma bizdə 20-dən çox əmək müqaviləsi var. Bunlar guya ki, filial müdiri, şirkət rəhbərinin müavinin müqavilələridir. Bu müqavilələr saxta yollarla hazırlanıb. Bu adamlara da maaş veriblər. Məndə olan məlumata görə, 1200 nəfərə yaxın adamı aldadıblar. 2 milyon 800 min manata qədər insanlardan pul alıblar. Bu məbləğ daha da çox ola bilər”.
M.Qəhərmanlı şirkətin tam qanunsuz olaraq fəaliyyət göstərdiyini, çalışdığı müddətdə insanları aldatmaqla yanaşı vergidən də yayndığını qeyd etdi: “Şirkətin bank hesabına pul köçürülməyib. Pullar vətəndaşlardan nağd şəkildə alınıb. Heç kimə də qarşılığında qəbz verilməyib. Heç bir vergi ödənişi də edilməyib.
Şirkətə adam cəlb edən şəxslər də olub. Onlar şirkətə işə düzəltmək adı ilə gətirdikləri adamlara görə Mətanətdən adambaşına müəyyən məbləğ alıblar. İnsanları aldadıblar ki, Qazaxıstanda və başqa ölkələrdə layihələr olacaq və təlimlərdən sonra işə götürüləcəklər”.
Qeyd edək ki, həbs olunan M.Həsənovanın fırıldaq əməllərində ona kömək edən digər şəxslərin də saxlanılması istiqamətində də axtarış tədbirləri davam edir. Aldadılan insanlar M.Həsənova ilə yanaşı  Vəfa və Ülviyyə Hacıyeva adlı qadınlardan da şikayətçidirlər. Onların birlikdə fəaliyyət göstərdiyi bildirilir. Həmçinin Ülviyyə Hacıyevanın həyat yoldaşı Aydın Hacıyev də fırıldağın başında dayanan şəxslərdən biridir. Şikayətçilər deyir ki, bu şəbəkəyə Aidə adlı qadın rəhbərlik edir. Ancaq hər kəs Mətanət Həsənovanı rəhbər olaraq tanıyır. Aidə adlı qadın haqda isə əlavə heç bir məlumat yoxdur.

Загрузка...
Загрузка...