​Bakıda Türk filmləri həftəsinin təntənəli açılışı oldu - FOTOLAR

 
Bu gün Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin açılışı olub.
Publika.az xəbər verir ki, Türk filmləri həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə baş tutub. Festival münasibəti ilə Bakıya Türkiyə prezidentinin ictimai məsələlər üzrə köməkçisi Yalçın Topçu, Yerli Düşüncə Dərnəyinin sədri Metin Gündoğdu, millət vəkili Qənirə Paşayeva, eləcə də Meral Konrat, Sarp Levendoğlu, Emre Kızılirmak kimi türk kinosunun tanınmış simaları iştirak edib.
Türkiyəli rejissor Önər Kılıç festival haqqında təəssüratlarını bölüşüb. O, Bakıda bir neçə dəfə türk film həftələrinin keçirildiyini və tamaşaçıların marağına səbəb olduğunu bildirib. Türkiyəli rejissor qardaş ölkələr arasındakı münasibətləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayıb. Önər Kılıçın sözlərinə görə, film həftəsində azərbaycanlı kinosevərlərə, peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən bədii və sənədli filmləri təqdim olunacaq.
"Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov isə belə tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsinə xidmət etdiyini bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə çıxışında iki qardaş ölkə arasındakı sarsılmaz dostluq münasibətlərindən söz açıb. Səfir Azərbaycan və Türkiyə qardaş ölkələrin bir-birinin sevincini və kədərini hər zaman paylaşdığını və bütün məsələlərdə bir-birinə dəstək olduğunu bildirib: “Biz illərlə bir-birimizdən ayrı qaldıq. Bir-birimizi daha yaxından tanımaq və anlaya bilmək üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə öyrətməli və öyrənməliyik”.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu isə müasir dövrdə əlaqənin, tanışlığın ən təsirli vasitələrindən birinin filmlər olduğunu söyləyib. Y.Topçu da öz növbəsində iki ölkə arasındakı dostluq münasibətlərindən söz açıb: "Türk filmlərini yalnız Azərbaycanda deyil, türk dünyasında da nümayiş etdirmək niyyətindəyik. Eyni zamanda, türk dünyası ölkələrinin filmləri də qarşılıqlı olaraq digər ölkələrdə təqdim edilməlidir".
Bakıda olduğundan məmnunluğunu ifadə edən M.Konrat özünü azərbaycanlı hesab etdiyini bildirib. Məşhur aktrisa həmçinin gələcək planlarından danışıb. "Sürprizlər gözləyin."Təhminə 2" filmim ilə də gələ bilərəm. Belə bir fikrim var. Yalnız istəməzdim ki, Azərbaycan tamaşaçısı məni təkcə Təhminə obrazını canlandırdığıma görə sevsin. Tamaşaçıların mənim başqa obrazlarımı da tanıyıb sevməsini istərdim".
Çıxışlardan sonra əməkdar artist Azərin mahnıları ilə qonaqları feyziyab edib. Sonda isə Türkiyəni "Oskar 2017" mükafatında təmsil edəcək "Kalandar soğuğu" filmi nümayiş olunub.
Məlumat üçün bildirək ki, noyabrın 27-dək davam edəcək Türk filmləri həftəsi çərçivəsində “Kalandar soğuğu”, “Deliormanlı”, “Son mektup”, “Birleşen yollar”, “Elveda Katya” filmləri nümayiş olunacaq. Onu da bildirək ki, bu filmlərə giriş sərbəstdir.