Bakıda əsəbləri korlayan səsli reklamlar - FOTO, VİDEO

 
“Metro ticarət mərkəzinə xoş gəlmisiniz. Buyurun, keçin, baxın…”. Yəqin ki, bu tipli səsli reklamları Bakı küçələrində eşidənlər az deyil. Səs-küylü, insanı yoran bu cür reklamlar əslində qanunla qadağandır. Lakin nə sahibkarlar qanuna əməl edir, nə də bu cür reklamlara nəzarət etməli olan aidiyyəti qurum.
 
Musavat.com xəbər verir ki, bu cür reklamlar əsasən metro keçidlərindəki ticarət köşklərinin ləğv edilməsindən sonra geniş şəkildə yayılmağa başlayıb. Yeni yaradılan “Metro” adlı bir neçə yeni ticarət mərkəzləri açıldı. Bu ticarət mərkəzlərinin və Bakının müxtəlif küçələrində yerləşən bəzi mağazaların qarşısında müştərilərin diqqətini çəkmək üçün səsgücləndiricilər qurulub.
 
Səsgücləndiricilər vasitəsi ilə ətrafa reklam çağırışları yayılır: “Xoş gəlmisiniz. Buyurun, keçin, baxın. Ucuz və…” . Səs-küylü Bakıda bir də əlavə olaraq bu cür reklamların olması narazılıq doğurur. Necə ki, 3 il əvvələ qədər qatarlarda olan səsli reklamların narazılığa səbəb olması kimi. Sonradan həmin səsli reklamlar ləğv edildi.
 
Bakı küçələrindəki bu cür reklamlara nəzarət etməli olan Bakı Şəhər İcra Hakimiyyətinin reklam və informasiya idarəsi isə heç bir addım atmır.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov musavat.com-a açqılamasında bildirdi ki, səsli reklamlar qanunla qadağandır və bu kobud şəkildə istehlakçıların hüquqlarının pozulmasıdır: “Səsli reklamları yalnız inkişaf etməmiş- Banqladeş, Hindistan və bir neçə Afrika ölkərində görmüşəm. İnkişaf etmiş, normal ölkələrdə reklamlar çığırmır, bağırmır. Bu reklamlar küçələrdə səs-küy fonunun qalxmasına səbəb olur, insanların psixiologiyasına mənfi təsir göstərir. Çox təəssüflər olsun ki, reklam haqqında qəbul olunmuş son qanunda bu cür halların qadağan olunması nəzərdə tutulsa da heç bir tədbir görülmür”.
 
Təşkilat rəhbəri bu cür hallara nəzarət etməli olan Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan reklam və informasiya idarəsinin fəaliyyətsizliyindən də narazılığını qeyd edir: “Reklam idarəsi qanuna zidd olaraq gedib müəssisələrin adı yazılmış şitləri sökür. Bununla bağlı bizə şikayətlər daxil olur. Qanunla müəssisələrin adı yazılmış materiallar reklam sayılmır və onun üçün heç bir dövlət rüsumu ödənilməməlidir. Lakin zorla sahibkarlardan pul tələb olunur.
 
Ancaq səsli reklamlarla effektli mübarizə aparılmır. Bu da istehlakçı hüququnun pozulmasına, ölkənin imicinin aşağı düşməsinə və şəhərdə səs-küy fonun yüksəlməsinə səbəb olur. İnsanlar da haqlı olaraq narazı qalırlar. Bu cür şikayətlər bizə dəfələrlə daxil olub”.
 
Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin reklam və informasiya idarəsi ilə də əlaqə saxlamağa çalışdıq. Lakin 3 gün ard-arda etdiyimiz telefon zənglərimizə cavab verilsə də, suallarımıza cavab tapa bilmədik. Zənglərimizə cavab olaraq bildirildi ki, məsələ ilə bağlı yalnız idarənin hüquqşünası Tural Hacıqurbanov danışa bilər, ancaq o da işdə deyil.(musavat.com)