​Bakıda şaxtalı hava: “Azəriqaz” əhaliyə işgəncə verir - Fakt

 
Bakıda şaxtalı hava şəraiti hökm sürür. Paytaxta qar yağması gözlənilir
 
Politika.Az-a verilən xəbərə görə, “Azəriqaz” İstehsalat Birliyi qışın sazağında şəhər sakinlərini imtahana çəkir.
 
Bakının əksər yerlərində qaz verilişində problemlər yaşanır. Sakinlər şikayətlənir ki, qazın təzyiqi aşağıdır.
 
Saiq Qədirov bizə yazır ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yaşayırıq: “2-3 ildir ki, qış gəldi, biz qaz üzünə həsrət qalırıq. Kartla sayğaca pul yükləyirik. Ancaq qazdan istifadə edə bilmirik. İstədiyimiz başqa bir şey yoxdur. Sadəcə normal qaz gəlsin”.
 
Bakı küləklər şəhəridir və burada azacıq soyuq hava axını küləyin təsirindən sazağa çevrilir. Bu sazaqda, bu soyuqda Bakı sakinləri evdə adyala bürünüb gəzirlər.
 
Çünki SOCAR-ın tərkibində olan "Azəriqaz" -ın "Azəristiliktəchizat"a qəzəbi tutub. Bu qəzəbin acısını isə Bakı sakinləri çəkir. Dövlət Neft Şirkəti (SOCAR) isə problemi sanki görməzlikdən gəlir. Nəticədə son günlər cəmiyyət arasında, sosial şəbəkələrdə giley-güzar edənlər artır.
 
Oktyabrdan etibarən Bakı və Abşeron yarımadasında mavi yanacaq fəlakəti yaşanır. Paytaxtın müxtəlif rayonlarında, o cümlədən Xırdalan, Abşeron, Sumqayıt kimi ərazilərdə qazın verilişində ciddi problemlər yaşanır. Hər gün abunəçilər “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyindən şikayətlənir. Onların sözlərinə görə, Əkbər Hacıyevin yarıtmaz idarəçiliyi nəticəsində mənzillər, məktəblər donur.
 
Abunəçilər qeyd edirlər ki, qaz kartının balansı dolu olsa da, evlərə az verilmir. “Azəriqaz” bu il heç vaxt olmadığı qədər vətəndaşlara işgəncə yaşadır. Artıq sosial mediada etirazlar eşidilməkdədir. Vətəndaşlar şikayətlərini yazırlar.
 
Politika.Az-ın verdiyi xəbərə görə, ölkə qaz problemindən əziyyət çəkir. Soyuqlar düşər-düşməz paytaxt Bakı da daxil olmaqla bütün yaşayış məntəqələrində mənzillərə verilən mavi yanacağın təzyiqi aşağı düşüb.
 
Bir çox yerlərdə isə qaz ümumiyyətlə kəsilib. Dövlət Neft Şirkəti (SOCAR) isə problemi sanki görməzlikdən gəlir. Nəticədə son günlər cəmiyyət arasında, sosial şəbəkələrdə giley-güzar edənlər artır.