Bakıda saç biznesi

Qısa saçlı xanımın gözəllik salonundan kürəyinə çatan uzun saçla qayıtmağı ən çoxu 1-2 saatlıq işdir. Əvvəllər bu, süni hazırlanan pariklər vasitəsilə edilirdisə, son illər təbii saçlara - qaynaqlara üstünlük verilir. Belə ki, çox uzun saçı olan xanım saçını kəsdirəndə saç ustası kəsilən saçı atmır, ondan qaynaq saç və saçı müvəqqəti uzun göstərən, yarı-parik (buna el arasında çıt-çıt saç da deyilir) saç hazırlanması üçün istifadə edir. Daha doğrusu, həmin saçı müştəridən satın alır.
Haşiyə çıxaq ki, qaynaq saç deyildikdə saçın dibinə xüsusi vasitə ilə bərkidilən əlavə saç nəzərdə tutulur. Belə saç ən azı 3-4 ay başda qalır və bu müddətdən sonra yenidən saç ustasına müraciət edib korreksiya edilir. Müvəqqəti, yəni 1 günlük uzun saç isə xüsusi bərkidici vasitə ilə saçın dibinə qoyulur və istənilən vaxt xanım özü də onu çıxara bilir.
Bunların hazırlanması isə bir o qədər asan başa gəlmir. Virtualaz.org təbii saçın necə süni qaynağa çevrildiyini araşdırmağa çalışıb.
“Firuzə” gözəllik salonunun əməkdaşı Arzu Məmmədova deyir ki, həmin saçları gözəllik salonlarında əvvəlcə saç sahibindən pulla alırlar. Qiymət saçın 100 qramına görə müəyyən olunsa da əsas meyar onun keyfiyyətidir:
“Məsələn, bu yaxınlarda bir uşağın saçını aldıq. 35 manat ödədik. Çünki uşaq saçıdır, təzədir, daha keyfiyyətlidir. Ən əsası da odur ki, boya vurulmayıb”.
A.Məmmədova deyir ki, əsas meyarlar saçın uzunluğu, tükün qalın, yoxsa nazik olması, boya vurulub-vurulmamasıdır.

Maraqlısı odur ki, saçların alış qiyməti hər salonda müxtəlif cürdür. Şəhərkənarı qəsəbələrdən birində fəaliyyət göstərən gözəllik salonlarında da söhbətimiz zamanı əməkdaşlar təsdiqlədi ki, saçını daha yaxşı qiymətə satmaq istəyən xanım mərkəzdəki salonlara müraciət etsin. Çünki orada daha baha qiymətə sata bilər.
“Xətai” metrosu yaxınlığında yerləşən gözəllik salonlarından birinin adının çəkilməsini istəməyən əməkdaşı isə deyir ki, saçları 40-100 manat arası qiymətə alırlar:
“Saç uzun, qalın və boyasızdırsa, onu 100 manata alırıq. Daha sonra xüsusi yerlərə göndəririk ki, orada təmizlənir və tikilir. Ya da ki, qaynaq saç üçün hazırlanır”.
Saçın tikilməsi, qaynaq və digər məqsədlər üçün hazır vəziyyətə gətirilməsinin də qiymətləri 20-50 manat arasında dəyişir. Bir sözlə, saç ustasının bu iş üçün kifayət qədər xərci çıxır.
Xanımların da seçimi müxtəlifdir. Bəziləri qaynaq saça üstünlük versə də, digərləri müvəqqəti, yəni 1 günlük uzun saçı seçir.
Salonda həmsöhbət olduğumuz Gülnar Quliyeva deyir ki, qaynaq saç həm maddi baxımdan ona uyğun gəlmir, həm də görünüşü ürəyincə olmur:
“Qaynaq saç həm çox bahadır, həm də saçımı yığanda tükün dibi görünür və kənardan baxan kimi qaynaq olduğu bəlli olur. Bu da məni narahat edir. Saçımı həmişə açıq saxlamaq istəmirəm, ona görə ancaq toy, ad günləri, hansısa yığıncağa gedəndə ürəyim istəyərsə, bir günlük süni uzun saçdan istifadə edirəm, vəssalam”.
Qaynaq, süni saçların hazırlanması baha başa gəlsə də, onların kirayəsi, satışı da ucuz deyil. Bu saçların bərkidilməsi əsasən 3 üsulla olur; nano gel, keratin və muncuq. Qiyməti əsasən uzunluğuna görə müəyyən olunsa da, saça hansı vasitə ilə bərkidilməsi də ödənişə təsir edir. Minimum qiymət 100 manatdan başlayır və bunların arasında keratin ən bahalı vasitə sayılır.
Əgər qaynaq edilən saç qısadırsa, o zaman qaynağın qiyməti 70-100 manata da başa gələ bilər. Nə qədər saçın qaynaq edildiyi, saçın keyfiyyəti, rəngi ona xərclənən pulun miqdarını müəyyən edir. Məsələn, tünd rəngli saçlar daha ucuz başa gəlir.
1 günlük saçın qiyməti isə nisbətən ucuz - 50 manatdır. Başqa sözlə desək, saçın kəsilib satın alınması, tikilməsi üçün sərf olunan xərc artıqlaması ilə qarşılanır.
Bəs bu saçların insan dərisinə hansısa təsiri ola bilərmi?
Dermatoloq Zülfüqar Fərəcov virtualaz.org saytına açıqlamasında bildirib ki, saçın dibinə sonradan əlavə edilən süni saçın allergik reaksiyası ola bilər:
“Bəzi insanlarda qıcıq kimi təsir edib allergiyaya səbəb ola bilər. Başın dərisində səpkilər əmələ gələ bilər. Ona görə də, süni saçdan hər hansısa allergiya yaranıbsa, onları çıxarmaq məsləhətdir. Hətta bəzi hallarda saça vurulan boyadan da allergik reaksiya yarana bilər”.
Dermatoloqun sözlərinə görə, allergiyaya qarşı dərmanlardan istifadə etmək olar:
“Gələcəkdə belə halların yaranmaması üçün isə gələcəkdə süni saçdan istifadə etməmək məsələhətdir”.