Bakıda qorxunc səs- videomontaj məhsulu olsa da, izahat gözləyənlər var - VİDEO

Bakıda gurultulu, qorxunc səslərin eşidilməsi haqqında ilk dəfə martın 27-də yazıldı. Bakının Səbail və Yasamal rayonlarının sakinləri sosial şəbəkələrdə günorta saatlarında müəmmalı bir gurultu səsi eşitdiklərini, hətta binaların silkələndiyini bildirirdilər. Daha sonra “həmin səs” Günəşlidən gəldi.
Ötən gün isə həmin səsin eşidildiyi, böyük ehtimalla primitiv videomontajdan ibarət olan videokadrlar sosial şəbəkələrdə yayıldı və məsələ üzərindəki mübhəmlik pərdəsini bir az da qalınlaşdırdı.
Ancaq insanların bu dərəcədə narahat edən “səs”ə dair dövlət qurumlarınından səs-səmir gəlmir. Yalnız Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli açıqlama verərək, belə bir  titrəyişin qeydə alındığını, lakin bunun zəlzələ olmadığını bildirib.
Ekspertlər də bu məsələdə dövlət qurumlarının səssizliyinin cəmiyyətdə yersiz ajiotajın yaranmasına səbəb olacağını deyirlər.
Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl  “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dövlət qurumları bu haqda Bakı sakinlərini məlumatlandırmağa borcludur: “Mən də həmin səs haqqında sosial şəbəkələrdə oxumuşam, ancaq şəxsən özüm o səsi eşitməmişəm. Əhalidə belə bir narahatlıq var. Dövlət qurumlarından da o səslə bağlı hər hansı açıqlama verilməyib. İnsanlar bilmirlər ki, bu kənardan gələn səsdir, təbii prosesdir, yoxsa kimsə bundan istifadə edir. Hesab edirəm ki, dövlət qurumları, konkret olaraq hüquq-mühafizə orqanları, Fövqəladə Hallar Nazirliyi  məlumat verməli idilər ki, burada qorxulu heç nə yoxdur, bu səsin mənşəyi nədir və sair”.
Yazıçı-publisist Həmid Herisçi isə qeyd edib ki, dünyanın bir çox ölkələrində də bu cür hadisələrə təsadüf olunub: “Bu cür səslər parapsixoloji elmdə "Barisal sədaları" adlanır. Vaxtilə, 19-cu əsrin sonlarında oxşar fenomen Banqladeşin Barisal adlı coğrafi nöqtəsində qeydə alınıb. İngilis alimi Q.B. Skott o vaxt həmin bu səslərlə ciddi məşğul olub. Alimlər iddia edir ki, bunun səbəbi qitəmizdəki maqnit qütblərinin öz əvvəlki yerini dəyişməsi ilə əlaqədardır. Bu səsi təbii xəbərdarlıq sayanlar da az deyil”.
Onu da qeyd edək ki, video-montaj mütəxəssisləri videodakı səsin montajla şəhər görüntülərinin fonunda qoyulduğunu və bunun real video olmadığını iddia edirlər. İnternet resurslarında bu videonun ilk dəfə 2012-ci ilin 25 yanvarında yayıldığı qeyd olunur.