Bakıda qardaşını 8 balta zərbəsilə öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda qardaşını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı başa çatıb.
Turaninfo.az “Report”un məlumatına istinadən, Tofiq Ağayevin törətdiyi cinayət hadisəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda aparılmış istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət hadisəsi 2015-ci il dekabr ayının 18-də Suraxanı rayonu, Vahid Xəlilov küçəsi, ev 141 ünvanında baş verib. T.Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi endirərək onu öldürüb. Hadisədən sonra T.Ağayev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, hadisə günü F.Ağayev evə sərxoş halda gəlib. O, qardaşı T.Ağayevi təhqir edib. Bundan sonra hər iki şəxs arasında mübahisə düşüb. Nəticədə qardaşının təhqirlərinə dözməyən 61 yaşlı T.Ağayev cinayət törədib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, T.Ağayev daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2003-cü ildə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 66.3-cü (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) maddələri ilə ittiham olunaraq, 9 il müddətinə azadlıqdan məhrum edilib.