Bakıda qaniçən sektaya mənsub qadın 5 yaşlı oğlunu necə öldürdü…

Bakıda qaniçən sektaya mənsub qadın 5 yaşlı oğlunu necə öldürdü…Bu gün paytaxtda dini təriqət üzvü olan qadının ötən gün 5 yaşlı oğlunu boğaraq qətlə yetirməsi xəbəri ölkə mətbuatınıda ildırım sürəti ilə yayıldı. Daha sonra mətbuatda hadisəni törətmiş şəxsin “Yahova şahidləri” sektasının üzvü olduğu, sosial şəbəklərdə isə onun satanistlərə xidmət etdiyi barədə iddialar irəli sürüldü. Xəbərlərdə deyilirdi ki, Bakının Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 14 ünvanında yaşayan 33 yaşlı Nazilə Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutmaqla sıxıb, nəticədə uşaq boğularaq ölüb.
 
Virtualaz.org saytının əməkdaşları hadisənin baş verdiyi ünvanda olub, mərhumun yaxınları, qonşuları ilə söhbətləşiblər.
 
Məlum oldu, hadisə ilə bağlı xəbərlər mətbuatda dərc edildikdən sonra D.Bünyadzadə küçəsində hər kəs bundan danışır, amma kimsə əsl həqiqətin nə olduğunu bilmir.
 
Qonşular danışmaq istəmir
 
Qeyd edək ki, söhbətləşdiyimiz qonşular adlarının çəkilməsini istəmədilər. Səbəbini isə ailənin aqressiv münasibətindən çəkinmələri ilə izah etdilər.
 
“Biz də xəbəri internetdən oxumuşuq. Yazıblar ki, ana öz uşağını boğaraq öldürüb. Polislər gəldilər, izahat aldılar. Amma yenə də nə baş verdiyini dəqiq bilmirik”,- yaxınlıqdakı aptekin satıcısı hadisə ilə bağlı belə deyir.
 
Yaxınlıqdakı mağazanın satıcısı isə deyir ki, uşağın qıcolmadan öldüyünü eşidib: “Dünən polislər, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, bir də təcili yardım həkimləri burda idilər. Dedilər ki, uşağın hərarəti qalxıb, qıcolma tutub. Ana o qədər özünü itirib ki, övladına kömək edə bilməyib. Hətta şokdan qapını da açmayıb. Fövqaladə Hallar Nazirliyindən gələnlər qapını sındırıblar. Bundan sonra polis və təcili yardım gəldi. Meyiti müayinə etmək üçün tibbi ekspertizaya apardılar, baxın, indi gətiriblər”.
 
Qadın kosmetoloq işləyirmiş, qonşularla çox ünsiyyətdə olmurmuş...
 
Binanın qarşısında meyit maşını dayanmışdı. Yaxınlıqda dayanıb baş verənləri izləyən qonşularla söhbətləşdik. Qonşu qadınlar N.Qulubəyovanın şəhərdəki gözəllik salonlarının birində kosmetoloq işlədiyini, mədəni, sakit ailə olduqlarını deyiblər.
 
“Mən qadını üzdən tanıyıram. Qonşularla münasibəti salam-sağ oldan o yana keçmirdi. Hətta uşağı da həyətə buraxmırdı”, - qonşulardan biri deyir. Digərləri isə mətbuatın bu xəbəri hardan əldə etməsi ilə maraqlanır. “Oxuduq ki, qadın hansısa dini sektanın üzvü olub. Nazilənin ya öz anası, ya da qaynanası məncə milliyyətcə rusdur. Bu ailə kimsəyə qaynayıb-qarışmayıb. Yaxınları da aqressiv münasibət göstərir. Ona görə də nə baş verdiyini soruşmağa qorxuruq. Bircə deyirlər ki, ana şokda olduğundan yasda deyil. Uşaq ailənin yeganə uşağı olub”.
 
FHN-ə ata xəbər verib
 
Digər qonşu isə deyir ki, ana evdə olduğu halda qapının sındırılaraq açılması təəccüb doğurur. “Fövqəladə Hallar Nazirliyinə, polisə də ata məlumat verib. Biri ananın şokda olduğunu, digəri də uşağı evdə tək qoyaraq getdiyini deyir. Biz də xəbərləri izləyirik”,-qonşu deyir.
 
Ailənin yaşadığı blokun qarşısında iki nəfər dayanıb. Qonşular onların mərhumun yaxınları olduğu bildirildi.
 
“Siz baş sağlığına gəlmisiz, yoxsa mətbuatdan”,-sualına “mətbuatdan” cavabı eşidən kimi ərazini tərk etməyimizi tələb edirlər. Bəllidir ki, saytlarda yazılan xəbəri oxuyublar. Hüzür mərasimi keçirilən evdə də aqressiv qarşılayırlar. “Yazılanların hamısı yalandır. Yas bitəndən sonra hər kəsin cavabını verəcəyik”,-mərhumun yaxınlarından biri əsəbləşir.
 
Mətbuatı hədələdilər
 
Digərləri də faciənin başqa cürə təqdim edildiyini söyləməklə mətbuatı hədələyir. “Burada faciə baş verib, onlar isə şou axtarırlar. Hərəsi bir cür yazır”.
 
Yasamal rayon 29-cu polis bölməsindən isə hadisə ilə bağlı araşdırma aparıldığını deməklə kifayətlənirlər. “Ekspertizanın nəticəsini gözləyin”,-növbətçi hissədən deyirlər.
 
Prokurorluqdan sensasion məlumatlar gəldi
 
Yasamal rayon prokurorluğundan isə “Sputnik Azərbaycan” saytına bildirilib ki, ötən gün axşam saatlarında N.Qulubəyovanın həyat yoldaşı Rövşən Qulubəyov 102 xidmətinə zəng vuraraq həyat yoldaşı ilə oğlunun evdə bağlı qapı arxasında qaldıqlarını xəbər verib. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları uşağın cansız bədənini döşəmənin üstündə aşkar ediblər. Ananı isə evdə tapmaq mümkün olmayıb.
 
Prokurorluqdakı mənbə deyib: “Uşağın boğularaq öldürüldüyü məlum olub. Əməliyyat axtarış tədbirləri nəticəsində N.Qulubəyova polis əməkdaşları tərəfindən həbs olunub. Sonradan məlum olub ki, qadın uşağı onun evdən çıxıb dini sektaya getməsinə, orada ayinlərdə vaxt keçirməsinə əngəl olduğu üçün öldürüb. Qadın izahatında etiraf edib ki, “İsa peyğəmbər və üzümçülərin sektası” adlı dini təriqətinin üzvü olduğu bildirilib. Bu dini sektanın isə “Yahova şahidləri”nə heç bir aidiyyatı yoxdur, nəsə yeni sektadır. Üzvlərinin ianələri hesabına fəaliyyət göstərir. Azərbaycanda onun fəaliyyətinə nə qadağa qoyulmayıb, nə də icazə verilməyib. Çünki belə sekta haqda indiyədək eşidən olmamışdı”.
 
Bəzi məlumatlara görə “İsa peyğəmbər və üzümçülər” sektası ən təhlükəli, totalitar dini təriqətlərdən biridir. İnternetdə yer alan məlumatlara görə yevangelist hərəkatı kimi XX əsrin 60-cı illərində ABŞ-da meydana çıxıb. Hazırda “Üzümçülər” assosiasiyasının ABŞ-da və dünyanın 200-ə yaxın ölkəsində 600-a yaxın kilsəsi var. Hər kilsə avtonomdur və Assosiasiyada bərabərhüquqlu partnyordur. Sekta fəal missionerlik fəaliyyəti göstərir...