Bakıda polisi “Lexus”da güllələyənə cəza istəniləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş polis əməkdaşını öldürməkdə təqsirləndirilən Rövşən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un məhkəmı prosesində iştirak edən əməkdaşı xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə istintaq tamamlanıb.
Prosesdə dövlət ittihamçısına çıxış üçün söz verilib.
Lakin prokuror çıxışa hazır olmadığını bildirib və vaxt istəyib.
Hakim məhkəmə prosesin mayın 24-də davam etdiriləcəyini elan edib. Növbəti iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyəcək.
Qeyd edək ki, Nizami rayonu, Məhsəti küçəsində yerləşən “Şuşa” restoranında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu tapançadan atəş açmaqla öldürüb. Daha sonra Rövşən Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb.
Bu zaman o, idarə etdiyi maşını Rəşad Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Rövşən Həsənov saxlanılıb.
Qətlə yetirilən Nadir İbrahimov keçmiş polis əməkdaşı olub. Saxlanılan Rövşən Həsənovun üzərindən “Makarov” tipli tapança götürülüb. Məlum olub ki, Rövşən Həsənov Nadir İbrahimovu qız üstündə güllələyib. “Şuşa” kafesində Rövşən Həsənovla bərabər olan qadının mobil telefonuna zəng gəlib. Telefonu Rövşən Həsənov açıb. Kişi səsi eşidən Rövşən Həsənov qəzəblənib və kimin zəng etdiyi ilə maraqlanıb.
Bundan sonra o, Nadir İbrahimovu söhbətə çağırıb. Nadir İbrahimov isə “Şuşa” restoranında olduğunu bildirib və onu gözlədiyini deyib. Üzərində silah olan Rövşən Həsənov Nadir İbrahimovun olduğu otağa girib və onu güllələyib. Bildirilir ki, Rövşən Həsənov bütün “darağı” Nadir İbrahimovun bədəninin müxtəlif nahiyələrinə boşaldıb.
Təqsirləndirilən Rövşən Həsənov Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovun oğludur. Hadisədən sonra Q.Həsənovun vəzifəsindən çıxarılması haqda məlumat yayılıb.