Bakıda Öcalanı təbliğ edən kitabın satılması xəbəri yayıldı

Şahbaz Xuduoğlu: “Mənə dəfələrlə bu kimi kitabların çapı üçün müraciətlər olub, ancaq...”; Aydın Mirzəyev: “Azərbaycanda xaricdəki təşkilatların terror təşkilatı kimi tanınması praktikası yoxdur”
Əvəz Zeynallı: “PKK türk millətinin düşmənidir, onu təbliğ edən ədəbiyyatın yayılmasına qarşıyam”
Bakıda PKK lideri Abdullah Öcalana həsr olunmuş kitab satılması haqqında məlumat yayılıb. Məlumat ilk olaraq sosial şəbəkədə peyda olsa da, sonradan bunu bir çox saytların xəbər formasına salması ilə məsələ ictimaiyyətdə geniş müzakirə obyektinə çevrilib. 
Belə ki,  Müslüm Yücelin “Abdulla Öcalan - Amaradan İmralıya” kitabının fotosu paylaşılaraq, bunun “Əli və Nino” Kitab Mağazaları Şəbəkəsində satıldığı iddia olunub. Kitabda Öcalanın terrorçu kimi deyil, bir qəhrəman kimi təqdim olunduğu bildirilir.
Məsələ ilə bağlı adını çəkdiyimiz mağaza ilə sıx əməkdaşlıq edən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə əlaqə saxladıq. Ş. Xuduoğlu “Yeni Müsavat”a açıqlamasında bu kimi kitabların çap edilməsi və yayılmasını doğru saymadığını dedi: “Ümumilikdə kitabların çap edilməsinin tərəfindəyəm. Ancaq elə kitablar var ki, onların yayılmasını, əlbəttə ki, istəmərəm. Qeyd edilən məsələyə gəlincə isə Öcalan minlərlə insanın qanının axmasına səbəb olan bir adamdır. Onun kitabının  hər hansı formada yayılmasını istəmərəm. Mənə də dəfələrlə bu kimi kitabları çap etməyim üçün müraciətlər olub. Misal üçün, Hitlerin ”Mənim mübarizəm" kitabı ilə bağlı müraciətlər almışam. Ancaq bu kitabı çap etməmişəm. Hesab edirəm ki, insanlara daha çox insani dəyərləri aşılayan kifayət qədər kitablar var ki, onları nəşr edərək yaymaq lazımdır, nəinki aqressiyanı təbliğ edən, qisasçılığı yayan kitabları... Bir daha qeyd edim ki, bu cür kitabların yayılmasına tərəfdar deyiləm".
“Əli və Nino”da bəhs etdiyimiz kitabın satılmasına gəlincə isə Ş. Xuduoğlu aşağıdakıları bildirdi: “Məncə, bu məsələ artıq təkzib olunub. Çünki qeyd etdiyimiz mağazalar şəbəkəsində, ümumiyyətlə, belə bir kitab satılmayıb. Sosial şəbəkələrdə kitabın şəkli paylaşılaraq, mağazanın adı çəkilib. Ancaq hesab edirəm ki, burada qərəzli münasibət var, çünki dediyim kimi, orada belə bir kitab satışda olmayıb”.
Onu da qeyd edək ki, Azərbaycan PKK-nı rəsmi qaydada terrorçu təşkilat kimi tanımayıb. Bu halın, PKK ilə bağlı kitabların ölkədə sərbəst formada satılmasına təsiri ilə bağlı isə qəzetimizə deputat Aydın Mirzəzadə münasibət bildirdi. Onun sözlərinə görə, Azərbaycanda xaricdəki təşkilatların terror təşkilatı kimi tanınması  praktikası yoxdur: “PKK qonşu və dost Türkiyənin ərazi bütövlüyünü şübhə altına alan, orada terror aktı törədən bir təşkilatdır. Türkiyəyə təhdid göstərən istənilən təşkilat avtomatik şəkildə, hər hansı bir parlament qərarı olmadan Azərbaycana da artıq düşmən təşkilat kimi qəbul edilir. Bəhs edilən kitabın Bakıda satılması informasiyası ilə rastlaşmamışam. Lakin əgər belə bir hal varsa, o zaman bununla Azərbaycanın hüquq-mühafizə orqanları ciddi şəkildə məşğul olmalıdırlar”.
Xatırladaq ki, 2004-cü ildə   “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Adolf Hitlerin “Mənim mübarizəm” əsərini Azərbaycan dilinə tərcümə edərək, yaydığı üçün onun barəsində cinayət işi açılmışdı.