Bakıda müştərilərdən qanunsuz olaraq “xidmət haqqı”na görə pul alınır - FOTOFAKT

Bakıda bəzi əyləncə mərkəzlərində və restoranlarda müştərilərdən “xidmət haqqıi” adı altında əlavə ödənişlər tələb olunur. Bəzən qiymətlərin baha olmasından narazı olan müştərilər əlavə olaraq, bir də “xidmət haqqı” ödəmək məcburiyyətində qalır.
Turaninfo.az Musavat.com-un məlumatına istinadən, bu cür məkanlardan biri də Bakı Əyləncə Mərkəzidir (BƏƏ). Bu məkanın əyləncə zalında müştərilərdən “xidmət haqqı” adı altında əlavə ödəniş tələb olunur. “Xidmət haqqı”nın məbləği müştərilərə təqdim olunan qəbzdə belə göstərilir.
Adını qeyd etdiyimiz əyləncə mərkəzində müştərilərə təqdim olunan məhsullar bazar qiymətindən 3-4 dəfə baha olması az deyilmiş kimi “xidmət haqqı"na görə də ödəniş alınır. Sizə fotosunu təqdim etdiyimiz qəbzdə müştərilər 4 ədəd 0,250 lt “Redbull” və 1 ədəd 0,330 lt-ik “Coca-cola” içkisini aldıqları görünür. Bu içkilərə görə 26 manat 50 qəpik ödəniş, əlavə olaraq isə 2 manat 70 qəpik “xidmət haqqı” tələb olunub.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, istehlakçılardan servis
xidmətinə görə ödəniş tələb edilməsi qanunsuzdur.
Təşkilat rəhbəri deyir ki, əgər təqdim olunan qəbzin üzərində VÖEN yoxdursa, birmənalı şəkildə həmin kağızlar rəsmi sənəd hesab olunmur: “Belə olan halda istehlakçlılardan artıq pul alınması məsələsi var. Və bu pullar vergidən yayındırılır. Həmçinin, rəsmi kassa qəbzlərində əlavə olaraq “xidmət haqqı”nın qiymətinin göstərilməsi mümkünsüzdür. Dünyanın bütün ölkələrində istehlakçılara yaxşı xidmət göstərildiyində istehlakçılar özləri əlavə ödəniş edirlər. Bu ənənə kapitalist ölkələrindən gəlmədir. Statistik rəqəmlərə görə, ən çox Kanadada istehlakçılar yaxşı xidmətə görə əlavə pul ödəyirlər. İstehlakçı sərbəstdir. İstəsə xidmətdən razı olub, özü ofisianta əlavə ödəniş edə bilər”.
Eyyub Hüseynovun sözlərinə görə, belə hallarla rastlaşanlar onlardan tələb edilən bu pulu ödəməkdən imtina edə bilərlər. Çünki bu tələb qeyri-qanunidir.